Naxçıvan əhalisinin daha çox narazı olduğu yerlərdən biri də Muxtar Respublikanın yeganə giriş-çıxış qapısı olan Hava Limanı və onun məşhur rəisi olan Mənşur Gülməmmədlidir.
araz.az Azinforum.az-a istinadən bildirir ki, bu rəisin pul qazanma bacarığına camaat sözün həqiqi mənasında heyran qalıb. Adam təyyarələrin uçuş-enmə zolağının ətrafını elə sort yonca əkib ki, ildə dörd dəfə biçir, sonra presə vurub satır. Adama deyərlər, təyyarə hara, yonca hara?
Naxçıvandan Bakıya siqaret gətirmək istəyən şəxslərin siqaret bloklarını əllərindən alıb, heç bir sənədləşmə aparmadan elə aeroportun özündə fəaliyyət göstərən və bütün qazancı şəxsi cibinə gedən mağazaya təhvil verib satdırır. Baqajsız uçan sərnişinlərin adına yük yazıb, pulu cibinə qoyur. Xidməti personalın içində isə köməkçisi Firuzə xanımdan başqa heç kimə etibar eləmir. İnanmırsınızsa baxın görün 24 yaşlı işçinin başına hansı oyunları açıb? Şikayətçinin Azinforum.az saytına ünvanladığı və bizdən bunu ölkə rəhbərliyinə çatdırmağı xahiş etdiyi məktubu olduğu kimi təqdim edirik:
“Mən Hacıyev İlqar Vaqif oğlu Naxçıvan Beynəlxalq Hava Limanının YTQX komandasının dispetçeri vəzifəsində işləyirdim. 01.12.2022 il tarixdə saat 18:00 radələrində (Naxçıvan ŞPİ cinayət axtarış şöbəsinin rəisi Şahin Novruzov tərəfindən) Naxçıvan şəhər polis idarəsinə aparılmışam. Mənə məxsus telefonum əlimdən alındığı üçün, iş yerimə məlumat verə bilmədim. Naxçıvan ŞPİ rəisi (mayor) Elvin adlı şəxsin dediyinə görə, iş yerimə (Hava Limanına) mənim polisdə olmağımla bağlı məlumat verilibdi. Haqqımda olan şikayət araşdırıldıqdan sonra və şikayət edən tərəf şikayəti geri götürdükdən sonra , məni qanunsuz şəkildə 2 gün müddətində 08:00-dan 22: 00-dək polis idarəsində saxladılar. Sonda şikayət geri götürüldüyü və günahsız olduğum üçün , haqqımda inzibati tədbir görülmədi və cinayət işi açılmadı.
02.12.2022 il tarixdə Naxçıvan Beynəlxalq Hava Limanın direktoru Mənşur Gülməmmədlinin tapşırığı ilə kadr üzrə mütəxəssis Ayşən Əsədova məni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmə) işimə xitam verərək məni işdən azad edib. Bir daha bildirmək istəyirəm ki , işə 12 saatlıq növbəmə getməmə və işə zəng vurub məlumat verə bilməmə səbəbim polis idarəsində üzrlü səbəbdən olmağımdır. Xahiş edirəm ki, atasız gənc və ailə başçısı olmağımı nəzərə alasınız. Məni işimə bərpa etmələrinə, əmək kitabçamda yazılan maddəni silmələri ilə bağlı göstəriş verəsiniz. Heç bir işə girə bilmirəm. Mənə bu zülmü edən Mənşur Gülməmmədli haqqında tədbir görməyinizi xahiş edirəm.
Polisdə mənə növbətçi hissənin adını bilmədiyim çavuşu yaxınlaşaraq: “rəis əvəzi mayor Elvin Səfərlinin göstərişidi , get ŞPİ ərazisindəki yarpaqları süpür” , – dedi . Mən imtina etdiyim halda isə növbətçi hissənin rəisi (mayor) Sərxan ŞPİ-nin binasının daxili təhlükəsizlik kamerasının qarşısında qolumu burub pilləkənlərdən aşağı itələdi və saxlanma yerində məni döyərək başıma zərbələr endirdi. Axırda orda olan çavuşlar və oranın çayxanasını işlədən şəxslər araya girib, mübahisəni sonlandırdı.
Oradakı polis işçilərinin dediklərinə görə , Sərxan Naxçıvan MR Ali Məclisinin keçmiş sədri V.Talıbovun qohumudu ona heç kim heç bir söz demir, qoçuluq edir. Şikayət geri götürüldüyü halda , ŞPİ-nin rəis əvəzi E.Səfərli məni iki gün
polis idarəsində saxladı buna görə işə gedə bilmədim və buna görə işdən qanunsuz yerə azad olundum. Məhkəmə qərarı olmadan polis məməkdaşları Abbas və Şirxan telefonuma baxış keçirib. Xaiş edirəm ki Elvin Səfərli və Sərxan adlı şəxslər barəsində tədbir görəsiniz.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.