calal4ec17ecd3027a9.jpg

Azərbaycanın qədim tarixə, zəngin ədəbi-mədəni irsə malik olan, indiki “Ermənistan” adlanan ölkənin ərazisində xalqımızın tarixinin müxtəlif dövrlərini özündə əks etdirən xeyli sayda abidə, qədim qala divarları, Şərq memarlıq üslubunda tikilmiş binalar, məscidlər, mədəniyyət mərkəzləri, etnik dözümlülüyü, dini etiqadı ehtiva edən qəbirlər, toponimlər, hidronimlər, oronimlər, tarixi yazılar mövcud olub. Bütün bunlar azərbaycanlıların lap qədim dövrlərdən bu yerlərin aparıcı etnosu olduğunu bir daha təsdiqləyir. Müxtəlif xalqlara mənsub olan bir sıra tədqiqatçıların, arxeoloqların, səyyahların, rəssamların əsərlərində də bu barədə geniş məlumat verilib.

Bütün bunlara baxmayaraq, azərbaycanlılara qarşı tarixi cinayətlər – soyqırımı, deportasiya, təqib və təzyiqlər, iqtisadi-mənəvi, terror siyasəti bütün sahələrdə türk mənşəli toponimlərin, maddi-mədəniyyət abidələrinin adlarının dəyişdirilərək erməniləşdirilməsində, milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, dini ibadətgahların, məscidlərin, qəbirlərin dağıdılmasında bu və ya digər formada həyata keçirilib.

araz.az    AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev söyləyib.

O qeyd edib ki, yüzilliklərin şahidi olan İrəvan qalasındakı bütün tarixi abidələr, Toxmax göl qəbiristanlığı, Ağadədə qəbiristanlığı, Aşağı Şorca qəbiristanlığı, VII əsrdə Sisyan rayonu ərazisində tikilmiş Agudi qəbirüstü abidəsi, 1413-cü ildə İrəvan-Eçmiədzin yolunun üstündə inşa edilmiş Əmir Səəd məqbərəsi, 1725-ci ildə İrəvanda inşa olunmuş Rəcəb Paşa məscidi və 150-dən artıq digər məscidlər vandalcasına dağıdılaraq məhv edilib. Ermənilərin əsas məkrli məqsədlərindən biri bu ərazilərin azərbaycanlılara məxsus olduğunu tarixin yaddaşından silmək idi.

“Hər zaman “yersiz gəldi, yerli qaç!” prinsipindən çıxış edən ermənilər xalqımızın indi “Ermənistan” adlanan tarixi yurdunda yaratdığı milli-mədəni irsi hər vasitə ilə dağıtmağa və inkar etməyə çalışsalar da, buna nail ola bilməyəcəklər. Bu, hər şeydən əvvəl tarixi-mədəni irsimizin dərin köklərə, sarsılmaz təmələ söykənməsi ilə bağlıdır”, – deyə C. Allahverdiyev qeyd edib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.