Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli icma qarşısında duran hədəflər, gələn il həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər barədə danışıb.
araz.az Modern.az-a istinadən müsahibəni təqdim edir:
– Əziz müəllim, Qərbi Azərbaycan İcmasının əsas məqsədlərini nələr təşkil edir?
– Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı oldu. Bundan sonra cənab Prezident Qərbi Azərbaycandan olan bir sıra ziyalılarla görüşdü. Bu görüş zamanı cənab Prezident proqram xarakterli çıxış edərək, bir sıra tapşırıqlar verdi. Qarşımıza konkret vəzifələr qoyulub. Qərbi Azərbaycan İcmasının hazırda əsas məqsədi ermənilərin Qərbi azərbaycanlılara qarşı törətdiyi soyqırımı, etnik təmizləmə, deportasiya siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Bu olduqca vacib məsələdir. Çünki ermənilər özlərinin saxta tarix konsepsiyasıyla, yalanlarla beynəlxalq ictimaiyyəti aldadıb, çaşdıra biliblər.
Digər məqsədimiz xarici ölkələrdə Qərbi Azərbaycan İcamasının ofislərini yaratmaqdan ibarətdir. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün var gücü ilə çalışmalıdır. Son 200 ildə ermənilər Qərbi Azərbaycanda deportasiya və etnik təmizləmə siyasəti həyata keçirməklə yanaşı, orada mövcud olan Azərbaycan izlərini tamamilə yer üzündən silmək üçün əllərindən gələni ediblər. Tarixi abidələrimiz erməniləşdirilib, erməniləşdirilməyən abidələrimiz isə yer üzündən silinib.
Eyni zamanda, ermənilərin apardıqları etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi bu coğrafiyadakı Azərbaycan toponimlərini də dəyişib erməniləşdiriblər. Bununla da guya, orada özlərinin qədimdən yaşadıqlarını sübut etməyə çalışıblar. Ancaq reallıqları əks etdirən tarixi sənədlər, faktlar mövcuddur. Bütün bu faktları, sənədləri beynəlxalq ictimaiyyətə çatdırmaq qarşımızda duran əsas məsələlərdir. Cənab Prezidentin də bu məsələlərlə bağlı xüsusi tapşırıqları oldu. Təbii ki, əlimizdən gələni edəcəyik.
– Görüləcək işlərlə bağlı fəaliyyət planınız hazırdırmı?
– Biz Qərbi Azərbaycan İcması olaraq soydaşlarımıza qarşı törədilmiş cinayətlərlə bağlı xeyli faktlar, sənədlər toplamışıq ki, onlar arxivimizdə qorunur. Biz erməni yalanlarını ifşa etmək üçün onların qarşısına faktlarla çıxacağıq. Cənab Prezidentin tapşırığından sonra Qərbi Azərbaycana qayıdış konsepsiyasını hazırlayırıq. Bu qayıdış sivil şəkildə gerçəkləşəcək. Ermənilər bunu ərazi iddiası kimi qələmə verirlər. Əlbəttə ki bu, belə olmayacaq. 1988-1991-ci illərdə həyata keçirilmiş son deportasiya zamanı ermənilər tərəfindən vəhşicəsinə qovulmuş insanların öz dədə-baba yurdlarına getmək, o əraziləri, dədə-babalarının məzarlarını ziyarət etmək fundamental insani hüququdur. Elə hesab edirik ki, tək Azərbaycan ərazisində yox, Qərbi Azərbaycan ərazisində də birgəyaşayışı təmin etmək mümkündür. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Sözügedən fəaliyyətləri həyata keçirmək üçün Qərbi Azərbaycan İcmasının informasiya imkanları geniş olmalıdır. Qərbi Azərbaycan İcmasının həm çap, həm də elektron media orqanları olacaq. Bir neçə dildə saytlarımız fəaliyyət göstərəcək. Cənab Prezidentin də portal yaradılması ilə bağlı tapşırığı olub.
– İnternet televiziyasının yaradılması barədə də düşünürsünüz?
– Əlbəttə, internet televiziyası da yaradılacaq. Bir sözlə, yeni texnolgiyaların imkanlarından maksimum istifadə edəcəyik. Bununla da bütün dərinlikləri ilə Qərbi Azərbaycan həqiqətlərini həm daxili auditoriyaya, həm də xarici auditoriyaya çatdıra biləcəyik.
– Xaricdə yaşayan Qərbi azərbaycanlıları da bu missiyaya cəlb edəcəksinizmi?
– Təbii ki, xaricdə xeyli sayda Qərbi azərbaycanlı yaşayır. Avropada, Yaxın Şərq ölkələrində, Rusiyada, xüsusilə də Türkiyə ərazisində Qərbi Azərbaycan əsilli çox sayda soydaşlarımız var. Həmin şəxslərin də tarixi vətənlərinə bağlılığını təmin etmək lazımdır. Bizim aparacağımız bütün işlərdə onların iştirakı son dərəcə vacibdir. İcmada xaricdə yaşayan Qərbi azərbaycanlılarla iş sektoru nəzərdə tutulub. Sədrin iki müavinindən biri xarici işlər üzrə fəaliyyət göstərəcək. Xarici ölkələrdə icmanın ofisləri açılacaq. Azərbaycan evləri, diaspor təşkilatları ilə sıx əlaqə saxlanılacaq. Cənab Prezident xüsusilə vurğuladı ki, beynəlxalq konfranslar təşkil olunmalıdır. Xarici ölkələrin region üzrə alimləri bu konfranslara dəvət olunmalıdır. Onların çıxışları dinlənilməlidir. Bir sözlə, bütün vasitələrdən istifadə edərək Qərbi Azərbaycan həqiqətləri, son 200 ildə həmin ərazidə baş verənlərin hamısını dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq.
– Yəqin ki, xaricdə yaşayan Qərbi azərbaycanlıların siyahısını da hazırlayacaqsınız…
– 1918-ci ilin mart soyqırımında xeyli soydaşımız soyqırımına məruz qalıb. Həmin dövrdə insanlarımızın bir hissəsi xarici ölkələrə səpələnib. Bu gün dünyanın çox az ölkəsi tapılar ki, orada Qərbi azərbaycanlı yaşamasın. Biz Qərbi Azərbaycanın kəndləri və rayonları üzrə mərhələ-mərhələ qovulan, çıxarılan insanların siyahısını artıq çıxarırıq. Bu Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq baxımından son dərəcə vacibdir. Onların hamısının da bizim bu ümumi işimizə töhfə verməsi vacibdir. Hər kəsin öz dədə-baba yurdunun qarşısında bir övladlıq borcu var. Bu təkcə Qərbi azərbaycanlıların yox, bütün azərbaycanlıların məsələsidir. Hər kəs bacardığı səviyyədə, işlədiyi sahədə mübarizə aparmalıdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.