Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə çox ciddi mesajlar verildi. Əsas mesajlardan biri bu idi ki, biz bütün tarixi torpaqlarımıza qayıdacağıq.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin öz fəaliyyətini Qərbi Azərbaycan İcması kimi davam etdirməsinin də əsas səbəblərindən biri budur.
araz.az bildirir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində dünya həm Azərbaycan Ordusunun gücünü gördü, eyni zamanda, xalqımızın tarixi yaddaşının doğma torpaqlarımıza olan sevgisini hər zaman qoruduğuna şahidlik etdi. Heç vaxt Ağalını görməyən uşaqlar, gənclər böyük sevinc və fərəh hissi ilə doğma yurda qayıtdığı kimi Qərbi Azərbaycandan olan soyadaşlarımız da səbirsizliklə bu günü gözləyirlər.
“Bir an olsun, vətən, torpaq sevgisi bizi tərk etməyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu tarixi sənədlər, tarixi xəritələr də təsdiqləyir. Ermənistanın bu məsələni təlaşla qarşılaması təsadüfi deyil. Çünki onlar da anlayırlar ki, məhz tarixi Azərbaycan torpaqlarında özlərinə forpost, qondarma bir dövlət qurublar və Azərbaycan heç bir ölkəyə qarşı ərazi iddiası ilə çıxış etmir. Biz hər zaman öz haqqımız uğrunda mübarizə aparmışıq.
Ermənilər məqsədli şəkildə Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Bütün tarixi sənədlərdə qeyd olunur ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”, – deyə K.Nurullayeva qeyd edib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsinin yaratdığı reallıqlardan biri də bu gün bizim Bala Göyçənin sahilində olmağımız, Göyçə gölünü görməyimizdir. Bu, hər bir soydaşımızın arzusu idi, lakin, eyni zamanda, inanmaqda çətinlik çəkdiyi məsələ idi. Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü sayəsində biz bu reallığı yarada bildik.
Dövlətimizin başçısı ilə görüşdə bir daha aydın oldu ki, qarşıda duran əsas hədəflərdən biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının yeni mərhələsidir. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaq.
“Dövlətimizin başçısının da söylədiyi kimi, biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir.
Hazırda eyni yanaşma Qərbi Azərbaycana qayıdışla bağlı olmalıdır. Dünya tarixi faktlarla daha yaxından tanış olmalıdır. Soydaşlarımızın Qərbi Azərbaycana – öz ata yurdlarına qayıtma haqqının olduğunu anlamalı və qəbul etməlidir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.