Tarixi yaddaş millətimizin kimliyi, mövcudluğumuzun ən vacib sütunlarından biridir.
Tarixi-mədəni, pedaqoji-psixoloji irsin öyrənilməsi, tədqiqi, təbliği və tədrisi tarixi yaddaşı möhkəmləndirməyin, milli varlığı qorumağın önəmli amilləridir. Böyük elm, maarif, mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapan Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikasında) ata-babalarımızin yaratdıqları tarixi abidələri, zəngin ədəbi-mədəni mühiti, milli-mənəvi dəyərlərin formalaşmasına xidmət edən təhsil ocaqlarının öyrənilməsi və gələcək nəsillərə çatdırılması xalqımızın tarixi yaddaşının zənginləşməsinə xidmət edir. Ulu Öndər Heydər Əliyev deyirdi ki, biz nadir mənəvi irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngim mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.
araz.az-ın xəbərinə görə, bu fikirləri AZƏRTAC-a pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov bildirib.
O qeyd edib ki, Azərbaycanın indiki hüquqi və siyasi sərhədlərindən kənarda qalan İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə min illər boyu yaşayan ata-babalarımız zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaradıblar. Bütün çətinliklərə baxmayaraq, sənədlərə, mənbələrə, arxiv materiallarına çevrilən bu mədəniyyət nümunələri, çox təəssüf ki, siyasi mülahizələr ucbatından zaman və məkan axarında itib-batıb, elmi dövriyyədən uzaq düşüb.
Bakı və Yelizavetpol quberniyalarından sonra azərbaycanlıların daha sıx məskunlaşdığı ərazi İrəvan quberniyası olub. Bu bölgədə tarixən yaşayan soydaşlarımızın yaratdığı milli-mənəvi və maddi dəyərlər, məişət, ədəbiyyat, incəsənət, mətbuat, maarif və maarifçilik tarixi zəngin və çoxşaxəli Azərbaycanın ictimai-siyasi, mədəni-mənəvi, pedaqoji-psixoloji fikir tarixinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, həm də tükənməz mənbə, etibarlı qaynaq və zəngin xəzinədir.
“Üləma, füzəla və şüəra” (F.B.Köçərli) yurdu kimi tanınan İrəvan şəhəri yarandığı gündən Azərbaycan xalqının mədəniyyət və mənəviyyat mərkəzinə çevrilib, həm xanlıqlar dövrünə kimi, həm də xanlıqlar dövründə Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olub.
İrəvan şəhəri Rusiyanın işğalından sonra qısa bir vaxtda ictimai-siyasi, ədəbi-bədii və pedaqoji fikrin mərkəzinə çevrilib, iqtisadi-mədəni inkişafı, infrastrukturu və sənaye potensialı ilə Cənubi Qafqazda öncül yerlərdən birinə sahib olub. Əvvəl İrəvan vilayətinin, sonra isə İrəvan quberniyasının mərkəzi şəhəri olub. 1918-ci ildə isə Azərbaycan torpaqlarında yaradılan indiki Ermənistan Respublikasının paytaxtına çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq deyir ki, “İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımından da bu, bizim torpağımızdır”.
Prezident İlham Əliyevin qədim Azərbaycan şəhəri olan İrəvan şəhərinin tarixi taleyi haqqında irəli sürdüyü fikirlər obyektiv reallıqları əks etdirməklə, tarixi mənbələrə və arxiv sənədlərinə əsaslanır.
İrəvan xanlığının ərazisində tarixin yaddaşına çevrilmiş yüzlərlə maddi-mədəniyyət, memarlıq və incəsənət abidələri – məscidlər, türbələr, epiqrafik abidələr, qoç heykəlləri, təsviri və dekorativ tətbiqi sənət nümunələri olmuşdur. Çox təəssüf ki, həmin abidələr Rusiya imperiyası tərəfindən İrəvana köçürülən ermənilər tərəfindən ya vəhşicəsinə dağıdılaraq yer üzündən silinmiş, ya da özününküləşdirilmişdir.
Dövlətimizin başçısının dediyi kimi, “İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır”.
İrəvan şəhərində və ümumiyyətlə, İrəvan quberniyasında zəngin və çoxşaxəli mənəvi mədəniyyətin, təhsil-tərbiyə mədəniyyətinin və ədəbi-bədii mühitin formalaşmasında Mirzə Qədim İrəvani, Fazil İrəvani, Axund Molla Məhəmməd İrəvani, Əbülqasım İrəvani, İsasultan, Əbülfət, Məhəmməd və Hüseyn Şahtaxtinskilər, Axund Məmmədbağır Qazızadə, Mirzə Məhəmmədvəli Qəmərlinski, Mirzə Əli Qəmərlinski, Abbas Məhəmmədzadə, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Mirzə Cabbar Əsgərzadə, Mirabbas Mirbağırov, Teymur xan Makinski, Pənah xan Makinski, Rəşid bəy İsmayılov, İbrahim Novruzov, Əlixan İrəvanski, Nəriman bəy Nərimanbəyov, Miryusif Mirbabayev, Əkbər ağa Şeyxülislamov, Eynəli bəy Sultanov, Mirzə Cabbar Məmmədzadə və digər yüzlərlə işıqlı zəka sahiblərinin müstəsna xidmətləri olub.
Onlar Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində maarifin və maarifçiliyin inkişafında müstəsna xidmətlər göstərib, pedaqoji hərəkatın yeni müstəvidə inkişafına və ictimai mühitin formalaşmasına təkan verib, həm ənənəvi məktəb və mədrəsələrin, həm də üsuli-cədid məktəblərinin açılmasına, təhsilin məzmununun təkmilləşdirilməsinə, ana dilində dərsliklərin nəşrinə, məktəbyaşlı uşaqların dünyəvi təhsilə (qəza məktəbləri, progimnaziya, gimnaziya, realni məktəb, rus-tatar məktəbi və s.) cəlb edilməsinə, yaşlı əhalinin savad almasını nəzərdə tutan cümə məktəblərinin, teatr truppasının və mətbuat nümunələrinin (“Lək-lək”, “Bürhani həqiqət” və b.) yaradılmasına nail olmaqla millətin mənəvi inkişafını və tərəqqisini təmin ediblər.
Çar Rusiyasının işğalından sonra Cənubi Qafqazda inzibati-ərazi bölgüsü tez-tez dəyişib, Azərbaycanın tarixi torpaqlarının böyük bir hissəsi siyasi sərhədlərimizdən kənarda qalıb. İrəvan və Təbriz bir-birindən və həm də Bakıdan ayrı düşüb. Buna baxmayaraq, milli mədəniyyətimizin bütövlüyü, kökə bağlılığı, maarifin və maarifçiliyin inkişafında qarşılıqlı yaradıcılıq əlaqələri qırılmayıb, əksinə, mənəvi bağlılıq daha da möhkəmlənib. İrəvanda üsulicədid hərəkatının yayılmasına, rus-tatar məktəblərinin açılmasına, dünyəvi məktəblərin şəbəkəsinin yaradılmasına, zəruri tədris ədəbiyyatının hazırlanmasına, maarifin və maarifçiliyin inkişafına Bakı və Təbriz ziyalıları dəyərli töhfələr verib.
Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində yaşayan soydaşlarımızın orada yaratdığı maddi və mənəvi dəyərlərin, təhsil-tərbiyə mədəniyyətinin, dövlətçilik ənənələrinin öyrənilməsinin, tədqiq və təbliğ olunmasının hazırkı dövrdə çox mühüm əhəmiyyəti var.
Bu, hər şeydən əvvəl, Ermənistan adlanan təcavüzkar dövlətin son 30 ildə apardığı yalan və böhtan siyasətinə cavab olaraq onun özünün uydurma tarixinə yenidən baxılmasını tələb edir.
Digər tərəfdən, bu, həm də Azərbaycan tarixinin mühüm bir mərhələsinin, siyasi sərhədlərimizdən kənarda qalan torpaqlarımızda (İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz) millətimizin əsrlər boyu yaratdıqları maddi və mənəvi dəyərlərin, təhsil-tərbiyə mədəniyyətinin, ədəbi-bədii irsin, dövlətçilik ənənələrinin öyrənilməsinə dövlət səviyyəsində çağırışın ifadəsidir.
Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi strateji hədəflərə yaxınlaşmaq məqsədilə indiki Ermənistan ərazisində xalqımızın əsrlər boyu yaratdığı maddi-mənəvi irsə sahib çıxmaqla tarixin yaxın zamanlarda bizə bəxş edəcəyi fürsətdən (o gün mütləq olacaq!!!) yararlanmağa hazır olmalıyıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.