pro.jpg

Azərbaycanda fəaliyyət göstərən protestant xristian dini icma rəhbərləri bəyanat yayıb.

araz.az   xəbər verir ki, bəyanatda deyilir:

“Biz, Azərbaycanda fəaliyyət göstərən protestant xristian dini icmalarının rəsmiləri rəhbərlik etdiyimiz icmaların azad iradəsini ifadə edərək, post-müharibə dövründə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında ekoloji terrora və təbii ehtiyatların qanunsuz istismarına dinc etiraz aksiyası ilə əlaqədar Ermənistanın siyasi və dini rəhbərliyinin beynəlxalq ictimai fikri çaşdırmaq, yanlış istiqamətdə yönləndirmək məqsədilə apardığı təbliğat kampaniyasına qəti şəkildə etiraz edirik.

Bildiririk ki, ölkəmizin qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ziyalıların, gənclərin, ekoloqların, jurnalistlərin və könüllülərin iştirakı ilə “Ekoloji terrora son!” şüarı ilə təşkil olunan dinc aksiya Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilir. Bu mənada Ermənistan tərəfinin beynəlxalq ictimaiyyətə başqa bir ölkənin sərhədləri daxilində təşkil olunmuş aksiyaya görə etiraz məktubları, bəyanatları göndərməsi, ümumiyyətlə, hər hansı münasibət bildirməsi absurddur. Təbəddülatlarla dolu keçən son 30 ildə dünyanın müxtəlif ölkələri tərəfindən aparılan elmi araşdırmalar, təhlillər bəşəriyyətin tezliklə böyük ekoloji böhranla qarşılaşacağına dair SOS siqnalı verməkdə ikən bir qrup azərbaycanlının öz dədə-baba torpaqlarında “ekoloji terrora yox!” deməsinə dəstək verilməsi lazım olduğu halda biz yenə ölkəmizə qarşı ikili standartın tətbiq olunduğunu görür və bundan dərin təəssüf hissi keçiririk.

Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətinin, vandallıq və ekoloji terrorun nəticələri haqqında Azərbaycan tərəfi dünya ictimaiyyətini dəfələrlə məlumatlandırmasına baxmayaraq, indiyədək təcavüzkar ölkəyə qarşı nə bir sanksiya tətbiq edilib, nə də hər hansı tədbir görülüb. Rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsindən sonra Azərbaycan dövlətinin ortaya çıxardığı faktlar tükürpədicidir, ermənilərin təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarının bariz sübutudur. İşğal dövründə ölkəmizin flora və faunasına ciddi zərər vurulub, hektarlarla torpaq və meşə zolaqları yandırılıb, su hövzələri zəhərlənib, şəhər və kəndlərimiz yerlə-yeksan edilib, basdırılmış saysız-hesabsız minalar ucbatından insanlarımızın doğma torpaqlarına qayıdışı ləngiyir, müharibədən sonra yüzlərlə mülki vətəndaş mina terrorunun qurbanına çevrilib. İşğal illərində məscidlər, məbədlər, qəbiristanlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb, talan olunub, Alban kilsələri və pravoslav kilsələri dağıdılıb və ya qriqoriyanlaşdırılıb. Ancaq nədənsə özünü dünyanın jandarmı kimi aparan ölkələr, beynəlxalq təşkilatlar bunları “görmür”, azərbaycanlıların təbii sərvətlərin talanmasına və ekologiyaya ziyan vurulmasına qarşı şüarlarla keçirilən dinc xarakterli aksiyasına “humanitar böhran” yarlığı vururlar. Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarının humanitar problemlərini, müraciətlərini operativ şəkildə həll etməyə hazırdır və hətta bunun üçün “qaynar xətt” də yaradılıb. Digər tərəfdən, aksiya keçirilən yerdən günlərdir çəkilən videokadrlardan da aydın görünür ki, aksiyaçılar humanitar yük daşıyan və təcili tibbi yardım maşınlarının sərbəst hərəkət edə bilmələri üçün hər hansı maneə törətmir, əksinə, lazımi şərait yaradırlar. Bütün bunlar Azərbaycan xalqının geninə hopmuş humanizmin, sülhpərvərliyin, dövlət rəhbərliyinin sülhsevər siyasətinin göstəricisi olduğu halda, erməni kilsəsinin guya sözügedən aksiyanın Azərbaycanın etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu dünyaya car çəkməsi riyakarlıqdan, ikiüzlülükdən başqa bir şey deyildir. Azərbaycan dövlətinin öz ərazisindəki Laçın yolu ilə bağlı mövqeyi birmənalıdır və dəfələrlə dilə gətirilib: bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyətlər üçün deyil, yalnız mülki-humanitar məqsədlər üçün istifadə oluna bilər.

Biz, Azərbaycanda fəaliyyət protestant xristian dini icmalarının rəhbərləri bu bəyanatımızla dünya birliyini, beynəlxalq təşkilatları, nəhayət, ikili standartlardan əl çəkərək həqiqəti görməyə, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmağa, onun suveren ərazisində separatizmə dəstək verməyə deyil, son qoyulmasına yardımçı olmağa, Uca Tanrının hamımıza bəxş etdiyi təbii sərvətlərin talanmasına və törədilən ekoloji cinayətlərə qarşı birgə qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq!”.

Bəyanatı ağşağıdakı dini rəhbərlər imzalayıb:

Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov

“Vineyard Azərbaycan” xristian dini icmasının sədri Emil Pənahov

Bakı şəhəri “Alov” xristian dini icmasının sədri İdris Məmmədov

Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının sədri Samir Sadıqov

Bakı şəhəri Nəsimi rayonu “Həyatverici Lütf” xristian dini icmasının sədri Elşən Hüseynzadə

Bakı şəhəri “Molokan ruhani-xristian” dini icmasının sədri Valeriy Katkov

Bakı şəhəri Nərimanov rayounu“Yeddinci günün adventistləri” dini icmasının sədri Mahir Verdiyev

Bakı şəhəri “Yeni Apostol” xristian dini icmasının sədri Svetlana Stepanova

Xilaskar Yevangelik-Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova

“Yeni Həyat” Xristian İncil dini icmasının sədri Lyudmila İbrahimova

“Həyat Sözü” dini icmasının sədri Yusif Fərhadov

“Şərqdə Ulduz” Xristian İncil dini icmasının sədri Roman Jmurov

araz.az xəbər portalı.

araz.az xəbər portalı.