Cənab məmurlar, nə ömrünüz sonsuzdur, nə də oturduğunuz kreslolar əbədi – xalqın haqqın sahibinə qaytarın!
2022-ci ili başa vururuq. Yola saldığımız il ölkəmizin həyatında müsbət məqamlarla yadda qaldı.
araz.az Ayna.az-a istinadən bildirir ki, Prezident İlham Əliyev bəyan etdi ki, Qərbi Azərbaycana qayıdış təmin ediləcək, Güneydə yaşayan soydaşlarımızın hüquqları bərpa olunacaq, Azərbaycan heç bir beynəlxalq təzyiqə boyun əyməyərək, öz haqlı mövqeyini sona qədər müdafiə edəcək. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, çoxvektorlu kadr islahatları, iqtisadi inkişafımızı şərtləndirən qərar və qanunların qəbulu 2022-ci ilin uğurlu yekunları kimi qiymətləndirilə bilər.
Lakin 2022-ci ildən digər gözləntilər də var idi ki, çox təəssüf, onların həllinə nail olunmadı. Özəlləşdirmə çeklərinin (vauçer) tədavülə qaytarılması ilə bağlı çoxsaylı müraciətlərin cavabsız buraxılması, Milli Məclisin deputatlarının, elm-mədəniyyət, ictimai-siyasi xadimlərin, iqtisadçıların, hüquqşünasların, əmlak ekspertlərinin, habelə vauçerləri əlində qalan vətəndaşların çağırışlarına rəsmi qurumlar tərəfindən heç bir reaksiya verilməməsi səbəbindən 2022-ci il də tarixi ədalət gözləyən yüzminlərlə ölkə vətəndaşı üçün itirilmiş il oldu.
Qeyd edək ki, 2011-ci ildə özəlləşdirmə çeklərinin tədavülünün qanunazidd şəkildə dayandırılması nəticəsində yüzminlərlə vətəndaş dövlət tərəfindən əvəzsiz olaraq onlara ayrılan paydan istifadə etmək hüququndan məhrum olub. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə bu mütərəqqi proses yekunda pay sahibi olan vətəndaşların deyil, məmur oliqarxiyasının maraqlarına xitab edib.
Hansı ki, investisiya qiymətli kağızı hesab olunan özəlləşdirmə çekləri özəlləşdirməyə cəlb ediləcək dövlət müəssisələrinin üzərində ölkə vətəndaşlarının 65 faizlik pay sahibi olmasını nəzərdə tuturdu. Eyni zamanda inflyasiyadan qorunmaqla, hər bir özəlləşdirmə çeki üçün minimum məbləğ də müəyyən olunmuşdu – 2000 ABŞ dolları.
Vauçerlərin tədavülü “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənirdi. Hansı ki, bu qanunda qiymətli kağızlar, habelə investisiya qiymətli kağızları üçün zaman məhdudiyyəti nəzərdə tutulmurdu. Üstəlik, digər mühüm məqam ondan ibarətdir ki, qanunla verilən hüquq fərmanla alına bilməz, amma bir qrup məmur-oliqarxın qurduğu oyun sayəsində belə bir qanunsuz hal baş verdi.
AYNA 2022-ci il ərzində özəlləşdirmə çekləri (vauçerlər) əlində qalan vətəndaşların hüquqlarının müdafiə olunması istiqamətində atılan addımların xronologiyasını təqdim edir.
Deputatlardan çağırış
Bu ilin avqustunda özəlləşdirmə çekləri əlində qalan vətəndaşlar Baş nazir, özəlləşdirmə üzrə dövlət komissiyasının sədri Əli Əsədova, iqtisadiyyat naziri Mikayıl Cabbarova, ədliyyə naziri Fikrət Məmmədova və Milli Məclisin deputatlarına açıq məktub ünvanladılar. Müraciət müəllifləri bəyan etdilər ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanun lahiyəsində keçmişdə baş vermiş səhvlərin və Konstitusiyaya zidd maddələrin analiz edilərək aradan qaldırılmasına ciddi ehtiyac var. 33 min ailənin adından ünvanlanan müüraciətdə qeyd olunur ki, özəlləşdirmə çekləri ilə bağlı prosesdə mövcud olan səhvlər və qanunsuzluqlar 5 il öncə bir neçə hüquqşünas, professor, deputat və ekspertlər tərəfindən araşdırılıb: “Hələ də çeklərini satmayan 1 milyon vətəndaşa Mülki Məcəllədəki qayda üzrə kompensasiyanı ödəmədən, dövlət əmlaklarının satılmasının Konstitusiyaya, qanunlara və beynəlxalq hüquqa zidd olduğu bu araşdırmada dəqiq şəkildə təsbit olunub”.
2022-ci ildə Milli Məclisin üzvləri özəlləşdirmə çeklərinin (vauçer) tədavül müddətinin artırılması xahişi ilə dövlət orqanlarına müraciət ediblər. Deputatlardan Aqil Abbas, Azər Badamov, Vüqar Bayramov, Vahid Əhmədov, Kamilə Əliyeva, Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Anar İsgəndərov, Tahir Rzayev, Fazil Mustafa, Ceyhun Məmmədov, Razi Nurullayev, Rüfət Quliyev, Asim Mollazadə, Zahid Oruc, Tahir Kərimli, Aydın Mirzəzadə və Nəsib Məhəməliyev mətbuata müsahibələri zamanı vauçerlərin tədavül müddətinin artırılması və ya dəymiş zərərə müvafiq olaraq kompensasiya ödənilməsi təklifi ilə çıxış ediblər.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun məsələyə dair fikirlərindən sitat:
“Qeyd olunan məsələ ilə bağlı mütləq şəkildə Milli Məclisin İqtisadi siyasət komitəsinə məlumat verəcəyəm. Müəyyən dövrlərdə də özəlləşdirmə çekləri ilə bağlı problemlərin həllinə dair təkliflər səsləndirilib. O zamanlar özəlləşdirmə prosesi gedərkən müəssisələrin hərraca çıxarılması fonunda onların bir hissəsinin satılması məhz çeklər vasitəsilə nəzərdə tuturdu. Belə ki, Sovet dövründə yaradılan sərvətlərin özəlləşdiriləcək hissəsində vətəndaşlarımızın iştirakı da təsbit olunmuşdu və onların hüquqlarının təminatı nəzərdə tutulurdu. Vətəndaşlarımız bu yanaşmaya uyğun olaraq formalaşmış bazarlardan çoxlu sayda özəlləşdirmə çekləri almağa başlamışdılar. Bu, olduqca təbii hal idi. Çünki çeklərin alınması qanunla qadağan olunmamışdı. Elə insanlar var ki, onlarda kifayət qədər böyük sayda özəlləşdirmə çekləri var. Bu insanlar çeklərin dövriyyəsinin sonradan uzadılmasına baxmayaraq, yenə də istəklərini reallaşdıra bilməyiblər. Yəni çeklərindən hansısa müəssisənin özəlləşdirilməsində istifadə etmək imkanları olmayıb. Belə olan təqdirdə, hazırkı şəraitdə məsələyə iqtisadi qurumlarımızın yanaşması çox önəmlidir. Bu yanaşma özəlləşdirmə prosesinə olan marağı qorumaqla yanaşı, vətəndaşların hüquqlarının müdafiə olunması baxımından əhəmiyyətlidir. Çünki nəzərə almalıyıq ki, insanlar hökumətin konkret strukturlarının çağırışlarına inanıblar və buna uyğun hərəkət ediblər. Bu, maliyyə məkanındakı siyasət qədər önəmlidir. Çeklər vətəndaşların iqtisadi hüququnun ayrılmaz hissəsidir. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı məsələ parlament və iqtisadi bloku təmsil edən hökumət qurumları tərəfindən ümumi nəzarətə götürülə bilər”.
Siyasətçilərin mövqeyi
Müsavat Partiyasının başqanı Arif Hacılı, sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Yeni Zaman Partiyasının sədri Musa Ağayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov, AĞ Partiyanın sədri Tural Abbaslı, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, YAP-ın tanınmış üzvlərindən, professor Şahlar Əsgərov, son qurultayda kollektiv şəkildə bu partiyaya birləşdiyini elan edən Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc, sabiq dövlət müşaviri Qabil Hüseynli də özələşdirmə çeklərinin tədavül müddətinin artırılmasının vacibliyi ilə bağlı açıqlamalarla çıxış ediblər.
Pənah Hüseynin fikirlərindən sitat:
“Bu gün yüzminlərlə vətəndaş özəlləşdirmə çekləri əllərində tarixi ədalətin baş verəcəyi günü gözləyir. Bu çeklər onlara qarşılıqsız və müddətsiz verilib. Sonradan tədavül müddətinin dayandırılması qərarı əsassızdır. Bütün hallarda bu məsələyə yenidən baxılmalıdır. Hansısa formada vətəndaşlara dəyən zərər ödənilməlidir. Əvvəlcə araşdırımalıdır ki, prosesin özü necə aparılıb. Hansı qüsurlara və pozuntulara yol verilib. Daha sonra çekləri əllərində qalan vətəndaşların statistikası aparılmalıdır. Bundan sonra müvafiq qurumlar – Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi qərar verməlidir. Burada iki yol təklif olunur: Bunlardan biri tədavül müddətini artırmaqla, çekləri əllərində qalan vətəndaşların növbəti özəlləşdirilmə prosesində iştirakına şərait yaratmaq, digəri isə kompensasiya ödənilməsidir. Kompensasiyanın həcmi isə aradakı inflyasiya şərtləri nəzərə alınmaqla müəyyən edilməlidir. O da mümkündür ki, gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı vauçerləri əllərində qalan vətəndaşlara konkret kvota ayrılsın. Bütün hallarda bu çeklər yenidən tədavülə qaytarılmalı və bu prosesə yekun vurulmalıdır”.
Media və ictimaiyyət
İctimai xadimlər – Mətbuat Şurasının sədri Rəşad Məcid, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Osman Kazımov, Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova, 1992-ci ildə Prezidentin səlahiyyətlərini icra etmiş, Milli Məclisin sabiq sədri, akademik Yaqub Məmmədov, Milli Məclisin keçmiş üzvü, hüquq elmləri doktoru, professor Qulamhüseyn Əlibəyli, filoloq alim, yazıçı-publisist Vaqif Bəhmənli, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı, tanınmış türkoloq alim, profesor, keçmiş təhsil naziri Firudin Cəlilov, Xalq artisti, tanınmış kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov, iqtisadçı ekspert Rəşad Həsənov, iqtisadçı alim Fikrət Yusifov, vəkil Adəm Məmmədov, İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov, əmlak məsələləri üzrə ekspert Mirdaməd Əzizov, sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli, azərbaycanlı alim, iqtisadçı ekspert Qubad İbadoğlu, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov, iqtisadçı Vüqar Oruc, beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov, “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı və iqtisadçı-ekspert Pərviz Heydərov vauçerlərlə bağlı hökumətə çağırış ediblər.
Xəyal Bəşirovun fikirlərindən sitat:
“Özəlləşdirmə çekləri qanunvericiliyə uyğun olaraq vətəndaşlara verilibsə və ləğvi barədə rəsmi qanun qəbul edilməyibsə, bu halda sözügedən çeklər hələ də qüvvədədir. Özəlləşdirmə çeklərinin etibarsız hesab olunması ilə bağlı qanun mövcud deyil. Yəni özəlləşdirmə çekləri hələ də etibarlı sayılır. Sadəcə insanların əksəriyyətində bu çeklərə maraq yoxdur və buna görə istifadəsi hələ də gündəmdə deyil. Bir neçə dəfə özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması və əlindəki çekdən istifadə edə bilməyən vətəndaşlara güzəştlər edilməsi ilə bağlı təşəbbüslər olsa da, gözlənilən nəticə əldə olunmayıb. Mövcud vəziyyətdə əlində çeki qalan vətəndaşların etirazı başadüşüləndir. Bu şəxslərin hüquqlarının qorunması üçün yeni qərarın qəbul edilməsinə ehtiyac var. Özəlləşdirmə çekləri ilə bağlı atılan addım ölkənin qanunvericiliyi və vətəndaşların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca müsbət hal ola bilər. Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması mümkündür. Yaxşı olardı ki, dövlət səviyyəsində bu məsələ ilə bağlı müəyyən addımlar atılsın”.
Elm-mədəniyyət xadimləri
Elm və mədəniyyət xadimləri – Flora Kərimova, Cavanşir Quliyev, Akif İslamzadə, Əbdül Mahmudəbəyov, Vaqif Bəhmənli, Firudin Cəlilov da bu çağırışa qoşulanlar arasındadır.
Xalq artisti Flora Kərimovanın fikirlərindən sitat:
“Xatirimdədir, bu fərman böyük ruh yüksəkliyi ilə qarşılandı. Burada məqsəd vətəndaşlarımızın özəlləşdirmə prosesində iştirakını təmin etmək idi. Onların ata-babalarının, hər birinin haqqı var idi Sovet dövlətinin üzərində. Bu səbəbdən bu əmlaklar da elə onların arasında bölünməli idi. O zaman ailə üzvlərimdən biri bu işlərlə məşğul olurdu. Açığını desəm, xatırlamıram, çeklərimizin aqibəti necə oldu. Hər halda bu proses gözlənildiyi kimi həyata keçirilmədi. Bu gün Azərbaycan qalib ölkədir. İllərin tarixi həsrətinə son qoymuşuq. Artıq hər yerdə fəxrlə söyləyə bilərik ki, biz qalib xalqın nümayəndələriyik. Bu qələbə bizi birləşdirdi, daha da yaxınlaşdırdı. Son dövrlər Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatlar bütün ziyalılar və xalqımız tərəfindən təqdir olunur. İnanıram ki, nəhayət, bu məsələyə də aydınlıq gətiriləcək. Yüzminlərlə soydaşımız çekləri əllərində gözləyirsə, onların çağırışına reaksiya verilməlidir. Bu təşəbbüsü irəli sürənləri tam mənada dəstəkləyirəm. Onlarla birlikdə olduğumu bəyan edirəm”.
Göründüyü kimi, bir milyona yaxın vauçer sahibi tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Ölkə ziyalıları onlarla həmrəylik nümayiş etdirir. Rəsmi qurumlar isə susur…
Qalib xalqın haqqını verin, cənablar! Cənab məmur, oturduğun kreslo əbədi deyil. Nifrət qazanmayın, qanunlara riayət edin! Bu, vətəndaşın halal haqqıdır – o haqqı sahibinə qaytarın!
QEYD
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
Aydın GƏRAY.
araz.az xəbər portalı.