araz.az Kulis.az-a istinadən məşhur cazmen, pianoçu, Xalq artisti Əzizə Mustafazadə haqqında maraqlı faktları təqdim edir.
Əzizə Mustafazadə 19 dekabr 1969-cu ildə tanınmış cazmen, 39 yaşında dünyasını dəyişən, Xalq artisti Vaqif Mustafazadənin ikinci evliliyindən dünyaya gəlib.
***
Vaqif Mustafazadənin birinci evliliyi ləzgi qızı Nərminə adlı xanımla olub. Vaqif bu evliliyi hamıdan gizlədirmiş. Bu nikahdan Lalə adlı qızı dünyaya gələn bəstəkar xanımı ilə yollarını bir müddət sonra ayırır. Vaqifin ikinci həyat yoldaşı gürcü qızı Eliza olur. Onlar Tiflisdə tanış olmuşdular. Vaqif də Elza ilə birlikdə Azərbaycan qayıdır. Həmin ərəfədə Eliza artıq qızı Əzizəyə hamilə qalır. Bakıya gələndən sonra onlar ailə qurur.
Valideynləri qızlarının musiqiyə qarşı həssaslığını Əzizə hələ səkkiz aylıq ikən hiss edirlər. Əzizə, anası Eliza xanımın ona danışdığı bir əhvalatı belə nəql edir:
“Bir dəfə atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan Şur muğamını ifa edirmiş. O çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir “Vaqif, bir zəhmət Rasta keç. Rastı çal”. O da çalmağa başlayıb. Rast isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqs edən biri kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki, “Bax, bax gör o neyləyir!? Yenə Şuru çal!” Atam Şuru çalmağa başlayanda, bu dəfə daha da bərkdən ağlamışam. Ən azından, bu onların mənə söylədiyidir. Yenidən Rast çalınanda, mən də təzədən rəqs eləməyə başlamışam”.
***
Əzizə yeniyetməlik və gənclik illərində incəsənətin bütün növlərinə qarşı maraq göstərir. Xüsusilə rəssamlıq, rəqs və ifaçılıq sahəsinə. İlk dəfə səhnəyə hələ üç yaşında ikən atasıyla birlikdə bədahətən mahnılar ifa edərək çıxır. Sonralar o bədahət-improvizasiya sənətində xüsusi bacarıq nümayiş etdirir, klassik piano təhsilinə, İohann Sebastyan Bax və Frederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərir.
1979-cu il dekabrın 16-da Əzizənin 10 yaşının tamam olmasına 3 gün qalmış atası 39 yaşında ürək tutmasından vəfat edir.
***
Atasını çox sevən Əzizənin bu böyük itkini qarşılaya bilməsi üçün anası öz müğənnilik karyerasını buraxır və qızının yüksək istedadının inkişafına da köməkçi olur.
***
17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynayır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçür.
Onun ilk albomu 1991-ci ildə “Aziza Mustafa Zadeh” adı ilə çıxır. “Always” adlı ikinci albomu ona yüksək alman musiqi mükafatı sayılan “Səs -Akademiyası Mükafat”ını və “Soninin Exo Mükafatı”nı qazandırır. O, bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. 2007-ci ildə Contrasts II albomunu çıxardır. Uzun fasilədən sonra, 1 iyul, 2020-ci ildə “Generations” albomunu təqdim edir.
***
27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülür.
***
Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana qayıdır. Bu müddət ərzində Opera və Balet Teatrında konsert verir. Festivalın sonunda açıq hava altında, Yaşıl Teatrdakı konsertdə giriş ifasını yerinə yetirir. Həmin konsertdə “Shamans”ın çox möhtəşəm bir ifasını nümayiş etdirmişdir.
Əzizənin 5-ci albomunun adı, “Jazziza” (“Cazziza”), atasının uşaq ikən ona verdiyi ləqəbidir. Onun atasına ithaf etdiyi çoxlu musiqiləri var.
***
Əzizənin ögey bacısı Lalə də məşhur musiqiçidir. O, Fransada çox əsilli-nəcabətli, imkanlı bir fransız ailəsinə ərə gedib. Mikayıl adlı oğlu var. Əzizə bacısı ilə uşaqlıq illərində bir neçə dəfə görüşsə də, sonralar onunla heç bir münasibəti olmayıb. O, bu haqda müsahibələrinin birində deyir:
“Onu çox axtarmağıma baxmayaraq, cəhdlərim boşa çıxıb. Lalə ilə bağlı heç bir məlumatım yoxdur. Amma əminəm ki, onun hər işi qaydasındadır. Allahdan bacıma işlərinin hər zaman qaydasında olmasını arzulayıram”.
***
Ancaq Əzizənin atasının bibisi qızı, Vaqif Mustafazadə adına ev muzeyinin direktoru Afaq xanım müsahibələrinin birində deyir ki, hər iki bacının münasibətlərinin olmamasında, anaları günahkardır.
Əzizə Mustafazadə iki dəfə ailə qurub. Onun birinci həyat yoldaşı ingilis olub. Ailə qurandan sonra Əzizə həyat yoldaşı ilə birgə Londonda yaşayır. Ancaq bir müddət sonra onlar boşanırlar. Əzizə Almaniyaya gedir. Bu evlilikdən Əzizənin övladı olmur.
***
Sonralar Əzizənin birinci həyat yoldaşı Bakıya gəlir. Vaqif Mustafazadənin ev muzeyi ilə tanış olub, onun məzarını ziyarət edir.
***
2010-cü ildə Bakıda olanda Əzizə ikinci dəfə kasıb ailədən olan milliyətcə ləzgi oğlanı sevir. Və ikinci dəfə ona ərə gedir. O, özünə ikinci dəfə toy məclisi qurmur. Ancaq, deyilənlərə görə, anası Elza xanım qəti şəkildə bu evliliyə qarşı çıxır. O, qızının daha imkanlı və varlı adamla ailə qurmasını istəyirmiş. Bu evlilikdən Əzizənin bir oğlu olur. O, oğlunun adını Ramiz-Xan qoyur.
Deyilənlərə görə, Əzizənin Azərbaycanı tərk etməsinin əsas səbəblərindən biri atasının ölümü ilə bağlıdır. Belə ki, vaxtı ilə Vaqif Mustafazadənin yaradıcılığı birmənalı qarşılanmayıb. Hətta onu qəbul etməyənlər də çoxluq təşkil edib. Bu barədə suallara Əzizə müsahibələrinin birində belə münasibət bildirir:
“Əsl qəhrəman döyüşdə həlak olur. Mənim atamın taleyi qəribə idi. O, xalqına xidmət üçün yaranmışdı. Amma vaxtilə Azərbaycanda bəzi adamlar olub ki, atama əziyyət verib. O vaxtlar həyat daha çətin idi. Bəzən bir parça kağız sənin həyatını həll edə bilərdi. O vaxtlar ölkənin sərhəddini keçmək çox çətin idi. Məsələn, bir dəfə atamı Finlandiyaya uçarkən təyyarədən geri qaytardılar. Qayıtdı gəldi və onu infarkt vurdu. Sağalması isə möcüzə idi. Adlar çəkə bilmərəm. Həyat bumenranqdır. Etdiyin pislik və yaxşılıq sənə qayıdır. Atamın bütün düşmənləri çoxdan ölüblər. Onun qiymətini gec də olsa, xalq verir. Necə deyərlər, “heç olmamasındansa, gec olması məsləhətdir”. Dahi Vaqifi hər zaman xalqı sevirdi. Nə etməli ki, taleyi onunla bir az sərt davrandı. Amma qismən də olsa o layiq olduğu yeri tutub. Qəlbi əsil sənətlə döyünən yenilikçi insanları çox zaman vaxtında dəyərləndirib qəbul etmək istəmirlər. Atamın səhnədə dünyasını dəyişməsi də təsadüfi deyil. Tarix boyu qeyri-adi istedadı olan yaradıcılara birmənalı münasibət göstərməyiblər. Ailəmin qarşılaşdığı anlaşılmazlığa gəlincə, onu deyə bilərəm ki, çətin olsa da, biz mübarizə aparmağı bacardıq”.
Deyilənlərə görə, Əzizə Mustafazadə Ermənistanda konsert vermək üçün ora dəvət olunsa da, o bu təklifdən imtina edib və deyib ki, ölkədən kənarda yaşamağıma baxmayaraq, haqsızlıq və ədalətsizlikdən xəbərdaram: “Bu mövzunu hər zaman diqqət mərkəzində saxlayıram. Təsadüfi deyil ki, “Always” albomum hazırlanan ərəfədə Xocalı ilə bağlı kompozisiyanı lentə aldım. Sözlə ifadə edə bilmədiyim həyəcanımı və yaşadığım ağrını musiqi dili ilə hətta xəritədə Azərbaycanın yerini tapa bilməyən insanlara çatdırdım. Bu əsəri digər millətlərdən olan musiqiçilərlə birgə hazırladıq. Onlar Azərbaycan dilini bilməsələr də, məhz bu əsər vasitəsi ilə hadisələrin dərinliyinə vardılar. Xocalı dünya musiqisevərləri tərəfindən birmənalı qarşılanmadı. Bu kompozisiya ilə Azərbaycan həqiqətlərini az da olsa, dünya ictimaiyyətinin diqqət mərkəzində saxlaya bilmişəmsə, bu mənə böyük qürur verir”.
***
Hazırda ailəsi ilə Almaniyada yaşayan Əzizə Mustafazadə bütün gününü övladı ilə keçirir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.