Bəli, bu cür danışıq forması onu söyləməyə əsas verir ki, Tovuz SSİ-nin Qaqarin adlı əməkdaşı öz tərbiyəsinə uyğun danışmağı olduqca çox sevir
Artıq bir neçə dəfədir ki, son vaxtlar bəzi media qurumlarında Tovuz Suvarma Sistemləri İdarəsi əməkdaşlarının etdikləri özbaşınalıqlardan, qol qoyduqları hoqqaların varlığından, suvarma suyuna ehtiyacı olan sadə, olduqca imkansız sakinlərin olmazın dərdə düşmələrindən və s. bəhs olunan silsilə tənqidi məqalələr yayımlanır. Bütün bunlara baxmayaraq, uzun illərdən bəri Nəsrəddin Əsəd oğlu Aslanovun rəhbərlik etdiyi Tovuz SSİ-nin əməkdaşları bu gün də “haqq yolu”na gəlmirlər ki, gəlmirlər. Yaşanan olaylarla bağlı apardığımız araşdırmalar zamanı bəlli oldu ki, cənab Nəsrəddin Aslanov çox zaman iş başında tapılmır və belə bir səbəbdən də, ona aid səlahiyyətlərin daha çox hissəsini, SSİ-də baş mühəndis vəzifəsini daşıyan Rafiq müəllim icra etməli olur. Düzdür, biz hər zaman bu şəxsə qarşı “Müəllim” deyə müraciət etmişik və ona qarşı belə bir yanaşmamızı da ortaya qoymuşuq. O halda sual oluna bilər ki, görəsən Rafiq müəllim bu şərəfli adı necə daşıyır? Bu yöndə də apardığımız araşdırmalar zamanı bəlli oldu ki, səndemə ştat cədvəli üzrə baş mühəndis vəzifəsini daşıyan Rafiq müəllim, bu şərəfli adı şərəfli şəkildə qorumaq, şərəfli şəkildə yaşatmaq əvəzinə, məhz ona yanaşılan “Müəllim” adını yerdən yerə vurmaqla məşğul olur. Çünki, bu şəxs ona həvalə olunmuş səlahiyyətlərindən istifadə edərək, suvarma suyuna ehtiyacı olan bəzi sakinləri, elə suvarma suyu ilə də “imtahana çəkir”. Hələ bunlar harasıdır? Tovuz SSİ-nin Qovlar şəhəri üzrə əməkdaşları Bəhruz və Qaqarin adlı şəxslərin problemlərin əmələ gəlməsində oynadıqları rolları, hətta yaşanan problemləri ictimailəşdirən KİV nümayəndələrinin ünvanlarına işlətdikləri etikadan kənar ifadələri eşitdikdə isə aydın olur ki, həqiqətən də Nəsrəddin Aslanovun rəhbərlik etdiyi bu dövlət qurumunda əsl dərəbəylikdir. Bu və digər olaylarla bağlı məlumatları redaksiyamıza çatdıran Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsi, ev-13 ünvanında yaşayan Əsgərov Şahin Kərəm oğlu bildirir ki, “Bizim ailəyə məxsus 1ha.78 sot torpaq sahəmiz var və bu payız mövsümündə borc-xərc edib həmin sahəyə yonca qarışıq taxıl əkmişik. Artıq payız fəslinin son vaxtlarıdır. Xeyli vaxtdır ki, yonca qarışıq taxıl sahəmizin suvarılmasına ehtiyac yaransa da, Qovlar şəhəri ərazisində suvarma işlərinə rəhbərlik edən Bəhruz və Qaqarin adlı şəxslər, bizi suvarma suyuna həsrət qoyublar. Elə ki, adı çəkilən bu şəxslərdən yonca qarışıq taxıl sahəmizin suvarılması üçün suvarma suyu verilməsini xahiş edirik, o halda onlar “Bir qədər gözləməli olacaqsınız, hələ sizə su verə bilmərik” deyə cavab verirlər. Bəli, həqiqətən də bu belə olur. Çünki, Qovlar şəhər sakinlərinə məxsus əkin sahələrinin suvarılmasına məsul olan bu şəxslər, yalnız rəhbərliyin verdiyi tapşırıqlar əsasında addımlarını atırlar. Yəni, hansı şəxs ona məxsus əkin sahəsini suvarmaq üçün daha çox pul verirsə, suvarma suyu da həmin şəxslərə verilir. Bir sözlə, Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz SSİ-nin əməkdaşlarını heç bir halda imkansız ailələrin, o cümlədən bizim ailənin də taleyi maraqlandırmır.
Onu da bildirim ki, bizim ailəyə məxsus yonca qarışıq əkin sahəsinin sağ və sol hissələrində ayrı-ayrı şəxslərə məxsus əkin sahələri var. Bugünə kimi SSİ-nin rəhbər şəxsləri qeyd olunan həmin sahələrinin suvarılması zamanı heç bir problem yaratmayıblar. Elə ki, biz də minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz yonca qarışıq taxıl sahəmizin suvarılmasını tələb edirik, o halda bu qurumun Bəhruz və Qaqarin adlı əməkdaşları “Növbəniz çatanda sizə də su verəcəyik” deyirlər və belə bir yolla da bizi əməlli-başlıca “fırlatmaq”la məşğul olurlar. Düzdür, elə hallar olub ki, şəxsən onların özlərinə qol qoyduqları əməllərlə bağlı aidiyyatı dövlət qurumlarına şikayət edəcəyimi bildirmişəm. Məsələn, bu haqda fikirimi Qaqarin adlı şəxsə bildirdikdə o, “Mən bu ölkədə bir kimsəni saya salmıram” deyə cavab verir”. Bəli, bütün bunları təhlil edib belə qənaətə gəlmək olar ki, bu gün Tovuz SSİ-nin bu əməkdaşları nə qanun sayırlar, nə dövlət qurumlarını qəbul edirlər, nə də ki, hansısa vəzifə sahibini “priznavat” edirlər. Yəni, bunu SSİ-nin əməkdaşı Qaqarin adlı şəxs də, məhz öz dili ilə açıq formada ifadə edib. Deməli, Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz SSİ-i əməkdaşlarından hər cür danışıq forması, hər cür yanaşma tərzi, hətta əxlaqımıza, mənəviyyatımıza sığmayan ifadələri işlətmələrini də gözləmək olar.
Qeyd edək ki, bir neçə gün bundan öncə Qovlar şəhər sakini Şahin Əsgərovun suvarma suyuna olan ehtiyacı ilə bağlı üz-üzə qaldığı problemi ictimailəşdirdik və geniş ictimaiyyəti baş verənlərlə bağlı məlumatlandırdıq. Diqqəti cəlb edən hal o olur ki, məqalə media qurumlarında yayımlandıqdan az sonra, əxlaqı və tərbiyəsi danışıq ritorikası ilə uyğunluq təşkil edən, hətta üstüstə düşən Qaqarin adlı şəxs, şikayətçi Şahin Əsgərova “Sənin jurnalist dostların kəsib mənim …………? yedilər. De görüm bizdən yazdılar, sonda mənə nə etdilər? Mən necə istəyirəm, işlər həmin qaydada olacaq” deyir. Bəli, bu cür danışıq forması, bu cür yanaşma tərzi onu sübut edir ki, Tovuz SSİ-nin Qaqarin adlı əməkdaşı öz tərbiyəsinə uyğun danışmağı olduqca çox sevir.
Onu da bildirək ki, ölkə rəhbəri cənab İlham Əliyev 27 iyul 2020-ci il tarixdə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamında, həmçinin keçirilən müxtəlif tədbirlər zamanı əhalinin su ilə təmin olunmasının yaxşılaşdırılması və bu yöndə əmələ gələn problemlərin aradan qaldırılması məqsədilə lazımi tapşırıqlarını versə də, Tovuz SSİ-nin əməkdaşları verilmiş tapşırıqları bu gün də qulaqardına vurmaqla məşğul olurlar. Məsələn, buna misal olaraq Qovlar şəhər sakini Şahin Əsgərovun indiyə kimi suvarma suyuna həsrət qalmasını misal çəkə bilərik. Bəli, bu cür yanaşmanın kökündə müəyyən formada düşünülmüş xəyanət amili durur ki, bu da son anda imkansız şəxslərin dövlət qurumlarına olan inamının heçə enməsinə səbəb olur. O halda sual oluna bilər ki, görəsən Tovuz SSİ-nə rəhbərlik edən və əksər vaxtlarda iş başında tapılmayan Nəsrəddin Aslanov, baş verən problemlərin aradan qaldırılmasına niyə cəhd göstərmir? Bəlkə problemlərin tüğyan etməsi, sadə, olduqca imkansız şəxslərin narazılığının “pik nöqtə”yə çatnması bu şəxsə sərf edir? Ola bilər! Söz yox ki, bu düşündüyümüz versiyalardan biridir. Görəsən Nəsrəddin Aslanov bilib eşitmirmi ki, onun etibar etdiyi vəzifə sahibləri, bu gün də suvarma suyu ilə Qovlar şəhəri ərazisində “bazar açırlar”, imkansız şəxsləri gözümçıxdıya salmaqla məşğul olurlar? İnanırıq ki, arxa-dayağı olmayan, haqq səsi heç bir ünvanda eşidilməyən sadə, olduqca imkansız şəxslərin belə bir məşəqqətlərdən, dözülməz dərd-bəladan xilas olmaları üçün, cənab Zaur Mikayılov çox yaxın vaxtlarda Nəsrəddin Aslanovla bağlı müvafiq qərarını verəcək. Yəqin ki, o halda Tovuzun SSİ-də haqq-ədaləti bərpa etmək mümkün olacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/aQ9TtNJCDHk’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.