Qasım Hacıyev: “Beynəlxalq konfranslar vasitəsilə Qərbi Azərbaycan məsələsini təbliğ edə və davamlı fəaliyyətimiz nəticəsində onu beynəlxalq gündəliyə sala biləcəyik”
“…Hesab edirəm ki, ildə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilməlidir. Biz özümüz üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək, bunu təqdim edək. Yəni, bir çox addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə bu mövzu beynəlxalq gündəliyə daxil edilsin. Çünki bu gün Ermənistan monodövlətdir…” Bunu Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının İnzibati binasında bir qrup Qərbi Azərbaycan ziyalısı ilə görüşdə deyib.
Prezidentin verdiyi ideya olduqda böyük əhəmiyyətə malikdir. Heç şübhəsiz, bu ideyanın həyata keçirilməsi yönündə AMEA-nın müvafiq elmi-tədqiqat institutları fəaliyyət göstərməlidir.
- “…Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin bakı-xeber.com-a müsahibəsini, araz.az da, dəyərli oxucularının diqqətinə çatdırır:
– Qasım müəllim, Prezident elm aləminə yeni bir ideya verdi. Təbii, bu ideyanın gerçəkləşdirilməsi üçün AMEA-nın Tarix, Qafqazşünaslıq və başqa institutların iştirakı vacibdir. Prezident dedi ki, Qərbi Azərbaycan mövzusunu gündəmdə saxlamlıyıq, bunun üçün elmi konfranslar və sair keçirilməlidir. Bu istiqamətdə fəaliyyətə hazırsızmı?
– Qərbi Azərbaycan mövzusunun bu gün aktualaşdırılması olduqca vacib bir məsələdir. Əlbəttə, cənab Prezidentin bizə verdiyi yeni ideya çox böyük əhəmiyyətə malikdir. Bu məsələ ətrafında çox danışmaq olar. Əvvəla onu deyim ki, Qərbi Azərbaycan İcmasının yaradılması Azərbaycan xalqının, türk millətinin tarixində çox vacib hadisələrdən biridir. Xüsusən də Qarabağ zəfərindən sonra bu icmanın yaradılması bir zərurət idi. Bu, soydaşlarımızın Qərbi Azərbaycana, öz ata-baba yurdlarına dinc qayıdışının təmin edilməsi üçün çox vacib addımdır. Cənab Prezidentin yeni ideyasına gəlincə, heç şübhəsiz, bizim institut da, digər institutlar da bu istiqamətdə öz töhfəsini verəcək. Bilirsiz ki, Qafqazşünaslıq İnstitutu olaraq Qərbi Azərbaycan mövzusu bizim tədqiqat sahəmizdir, bizdə bu istiqamətdə çoxlu tədqiqatlar aparılıb, kitablar nəşr olunub.
Biz uzun illərdir ki, Qərbi Azərbaycanla bağlı dərin araşdırmalar aparırıq və məqsədimiz də odur ki, öz tarixi torpaqlarımızı daha dərindən öyrənək, onun tarixini, mədəniyyətini, keçmişdə olan abidələrini və sair tədqiq edək. Bu gün soydaşlarımızın üzləşdikləri aqibətlə abidələrimiz də üzləşib. Torpaqlarımızda özlərinə dövlət quran naxələf ermənilərin bədnam əməllərini ifşa etmək yolunda həmişə fəaliyyət göstərmişik, bundan sonra da bu yolda davam edəcəyik.
– Bu mövzuda elmi konfransların təşkil edilməsinin nəticələri, əlbəttə, çox müsbət olacaq. Sizin fikriniz necədir?
– Razıyam. Bilirsiz, qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasının zamanı tam yetişib. Uzun illər doğma od-ocağının hənirinə, kəndinin-kəsəyinin havasına, suyuna həsrət qalan bu insanlar geri qayıtmaq istəyir. Onlar sonuncu dəfə indiki Ermənistan ərazisindən 1988-1991-ci illərdə deportasiya ediliblər, amma təəssüflər olsun ki, bu 30 ildə onların üzləşdiyi ağır vəziyyətə beynəlxalq qurumlar hər hansı bir formada reaksiya verməyib. Bu gün şərait tam yetişib ki, soydaşlarımız öz yurdlarına qayıtsınlar. Bunun üçün, əlbəttə, elm adamlarının da, elmi-tədqiqat institutlarının da üzərinə böyük vəzifə düşür. Cənab Prezidentin dediyi kimi, biz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq elmi konfranslar keçirməliyik. Qərbi Azərbaycan Konfransını, öz növbəsində, Akademiya da keçirə, aidiyyatı rəsmi qurumlar da təşkil edə bilər. Biz hər zaman öz töhfəmizi verməyə hazırıq. Yəni bu işdə hər kəs öz üzərinə düşən işi görməlidir.
– Qasım müəllim, bizim üçün dost olan ölkələrin alimlərinə, tarixçilərinə, arxeoloqlarına, etnoqraflarına bu konfrans vasitəsilə nələri çatdıra bilərik?
– Bizə dost ölkələrlə çox sıx əlaqələrimiz var. Onların böyük əksəriyyətinin erməni xislətindən xəbərləri var. Amma biz hər zaman erməni xislətini, Azərbaycan torpaqlarında qurulan monoetnik Ermənistan dövlətinin mahiyyətini çatdırmalıyıq. Ermənilərin 200 il əvvəl başqa ölkələrdən bizim ərazilərimizə köçürüldüklərini, bizim torpaqlarda özlərinə dövlət qurduqlarını, ayaqlarına yer edən kimi soydaşlarımıza qarşı amansız davrandıqlarını, onları soyqırımlara, deportasiyalara məruz qoyduqlarını dost ölkələr də, dünyanın başqa dövlətləri də bilməlidir. Onu da deməliyik ki, Sovetlər dövründə də soydaşlarımız Qərbi Azərbaycandan, öz ata-baba yurdlarından ermənilər tərəfindən qovulublar. Sovet dövründə ermənilərə bu işlər üçün gizlin də olsa şərait yaradılırdı. Sovetlər hələ dağılmamışdı, amma indi Ermənistan adlandırılan Qərbi Azərbaycandan 300 minə yaxın soydaşımız didərgin salındı. Bütün dünyaya bir daha xatırlatmalıyıq ki, ermənilər bizim bölgəyə, bizim ərazilərimizə kütləvi olaraq Türkmənçay müqaviləsindən sonra köçüb gəliblər, İrəvan xanlığının torpaqlarında onlara dövlət yaradılıb. Buna qədər isə onlar bizim ərazidə yaşamayıblar. İndki Ermənistan bizim ata-babalarımızın yurdudur.
Ermənilər bizim ərazilərimizə köçürüldükdən sonra buradakı türk mədəniyyətinin izlərini silməklə məşğul oldular. Mədəni irsimizə, tariximizə zərbə vurmağa başladılar. Onlar bizim toponimləri kütləvi olaraq erməniləşdirdilər, süni sürətdə adlarını dəyişdirdilər, minlərlə toponimlərimiz soyqırıma məruz qaldı. Azərbaycan türklərinin izlərini Qərbi Azərbaycandan silmək prosesi planlı şəkildə həyata keçirildi. Monoetnik dövlət olan Ermənistanın apardığı mənfur siyasət nəticəsində soydaşlarımız deportasiyaya məruz qaldı, çoxlu sayda insanımız qətlə yetirildi, bu bəs deyilmiş kimi qəbiristanlıqlarımız, tarixi abidələrimiz, türbələrimiz dağıdıldı. Azərbaycan türk xalqına aid nə vardısa hamısı məhv edildi. Bu gün İrəvanın tarixi mərkəzinə ermənilər divan tuturlar.
– Qasım müəllim, Ermənistanın soydaşlarımıza qarşı törətdiyi deportasiyalar, soyqırım cinayətlərinin dünyaya yayılması, onlara ədalət tələb olunması baxımından bu konfransın əhəmiyyəti nə olacaq?
– Bu beynəlxalq konfransaların keçirilməsinin başlıca əhəmiyyəti o olacaq ki, biz əlimizdəki bütün faktları dünya ictimaiyyətinə çatdıra biləcəyik. Bu konfrans bizə imkan verəcək ki, qərbi azərbaycanıların harayını beynəlxalq ictimaiyyətə çatdıraq. Bu bizə imkan verəcək ki, Qərbi Azərbaycan məsələsinin aktuallığını qoruyaq və bu məsələni daim gündəmdə saxlayaq. Dünya alimlərinin Qərbi Azərbaycan haqda aydın təsəvvürlərinin olması üçün bu konfransın keçirilməsi çox vacibdir. Bura təkcə türk və müsəlman dövlətinin alimləri deyil, Avropa alimlərinin də iştirakı vacibdir. Avropa, Qərb alimlər bilməlidirlər ki, onların bir çoxunun dövlətinin himayə etdiyi Ermənistan necə yırtıcı bir dövlətdir ki, azərbaycanlıları öz ata-baba yurdlarından deportasiya edib, soyqırıma məruz qoyub.
Bu barədə danışmağa sözümüz çoxdur.
– Müsəlman, türk alimləri, əlbəttə, Ermənistanın azərbaycanlılara qarşı deportasiya və soyqırım siyasətini daha yaxşı anlayar. Bəs Qərb, Avropa alimlıəri necə, bizim həqiqətimizə dəstək ola bilərlərmi?
– Bu gün bəzi Qərb ölkələri və bəzi müsəlman dövlətləri arasında da terrorçu, genosid törədən Ermənistana dəstək verən ölkələr var. Həmin ölkələrdə bilirlər ki, Ermənistan dövləti soydaşlarımızın başına min cür faciə gətirib, amma özlərini elə aparırlar ki, guya heç nə görmürlər. Bununla yanaşı hər bir ölkədə obyektiv tarixçilər, jurnalistlər, yazıçılar da az deyil. Mütərəqqi, dünya insanının taleyinə həssas yanaşan ölkələr də yox deyil. Fikrimcə, beynəlxalq konfranslar vasitəsilə Qərbi Azərbaycan məsələsini təbliğ edə və davamlı fəaliyyətimiz nəticəsində onu beynəlxalq gündəliyə sala biləcəyik. Cənab Prezident bizə çox aydın və dəqiq yol xəritəsi verib və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Çox inanıram ki, Qərbi Azərbaycan mövzusu beynəlxalq aləmdə səslənəcək. Biz onu BMT və digər mötəbər tribunlara da daşıya biləcəyik. Artıq prosesə start verilib və biz də öz növbəmizdə fəaliyyətimizi göstərəcəyik.
İradə SARIYEVA.
araz.az xəbər portalı.