63b6b7f12dad463b6b7f12dad5167291902578758d60013981c9466afa1ebcb23b37.jpg

Mətbuat Şurası “Charlie Hebdo” dərgisi ilə bağlı bəyanat yayıb.

Şuradan araz.az-a verilən xəbərə görə, bəyanatda deyilir:

“Medianın xalqlar, dövlətlər arasında qarşıdurma, nifaq yaratması yolverilməzdir. Bu, jurnalist peşəsinə həssas yanaşmanın, etik prinsiplərə sadiqliyin başlıca meyarıdır. Belə məsələlərdəki həssaslıq, həmçinin, bəşəri dəyərlərin qorunması baxımından da müstəsna əhəmiyyət daşıyan ictimai missiyadır. Təəssüf ki, yaşadığımız dünyada qeyd etdiyimiz məqamları nəzərə almayan, özünün qızışdırıcı mövqeyi ilə seçilən, lokal maraq və mənafelərin əsiri olan, jurnalistikanı siyasi alətə çevirən media orqanları var. Onlardan biri də Fransanın “Charlie Hebdo” satirik dərgisidir.

“Charlie Hebdo”nun 2023-cü ildəki ilk sayında yayımlanmış “Pantürkizm yenə erməni meyitləri üzərində möhkəmlənmək istəyir” sərlövhəli yazıda yaşadığımız Cənubi Qafqaz regionundakı gərginliyi artırmaq, Azərbaycana və Türkiyəyə münasibətdə mənfi beynəlxalq ictimai rəy formalaşdırmaq istəkləri, aşkar şəkildə, özünü göstərməkdədir. Nəşrin yanaşması, eyni zamanda, bölgədə sülhün bərqərar olması naminə həyata keçirilən fəaliyyəti heçə saymaqdır.

“Charlie Hebdo” jurnalının Fransanın ermənipərəst dairələrinin mövqeyini əsas tutması, bu dairələrin regiondakı münaqişə ocağından yeni müharibə mühiti formalaşdırmaq istəklərinin ifadəçisi qismində çıxış etməsi, onun seçdiyi üslubdan da aydın görünməkdədir.

Ümumən İslam dünyasına münasibətdə əvvəllər də qərəzli, təfriqəçi, həqarət dolu baxışları ilə seçilmiş “Charlie Hebdo”nun qeyri-peşəkar təqdimat tərzini davam etdirməsi təəssüf doğurmaqdadır. İndiki halda nəşrin reallıqları və həqiqətləri nəzərə almaması, manipulyativ mahiyyət daşıyan dəst-xətti peşəkar jurnalistika prinsiplərinə meydan oxumaqdır.

O da təəssüf doğurur ki, ali dəyərləri təbliğ və təlqin etdiyini bildirən Fransada dərginin satira adı altında söz və ifadə azadlığından aşkar sui-istifadə cəhdlərinə qarşı zəruri ictimai reaksiya yoxdur, qanuni ölçü tədbiri görülmür.

Azərbaycan Mətbuat Şurası “Charlie Hebdo” satirik jurnalının təfriqəçi mövqeyini qətiyyətlə pisləyir. Şura Fransa hakimiyyətini, cəmiyyətini, həmçinin, bütövlükdə, Avropanın mütərəqqi ictimaiyyətini bu dərginin həm mənəvi, həm də hüquqi baxımdan yolverilməz sayılan fəaliyyət tərzinə biganə qalmamağa, belə meyillərə qarşı yerli qanunlarla və beynəlxalq hüquq normaları ilə müəyyənləşmiş qaydada tədbirlər həyata keçirilməsinə baxmağa çağırır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.