Vardanyan.jpg
 
Vardanyanın batan qayığı və dünya “erməni göz yaşlarına” inanmır…

Qarabağda vəziyyət necə görünür? Kifayət dərəcədə gərgin. 44 günlük müharibə bitəndən sonra son dörd ayda baş verənlər tərəflər arasında münasibətlərin kəskinləşməsinin artan xətt üzrə inkişaf etdiyini göstərir, sülh isə görsənmir. Hətta, keçən il sentyabrın 13-14-də baş vermiş qanlı döyüşlərdən sonra yenə də sülh müqaviləsinin ilin sonunadək bağlanmasına ümid vardı. Olmadı. Son günlər isə görünən odur ki, problemin masada deyil, sahədə həll olunmaq ehtimalı getdikcə artır. 
Hazırda heç bir danışıqlar aparılmır. Yanvar ayı üçün Brüssel görüşünə bir neçə cəhd edilib, amma hiss olunur ki, mövcud situasiyada tərəflər üçün sülh müqaviləsindən çox Laçın yolu və separatçı rejim liderlərinin aqressiv hərəkətləri, ritorikası müzakirə predmeti ola bildiyindən görüşə hələ ki, xüsusi həvəs göstərilmir. 
Ermənilərin əlinə fürsət düşüb, “əzabkeş millətin göz yaşları” Laçın yolunda “göl” yaradıb, Ruben Vardanyan da o göldə qayıq sürür və Qarabağ ermənilərinə də “biz bir qayıqdayıq”deyib, dözməyi məsləhət görür. Vardanyanın müraciəti təəccüblüdür. Heç milyarder müraciətinə oxşamır. Amma, yox, axı “əzabkeş millət” deyib ağlamalıdırlar ki, “böyük bacıları”, Kim Kardaşyanın ər(lər)i, Afrikada aclıq çəkənlər belə Azərbaycanı qınasın, “etnik təmizləmədə” ittiham etsinlər. Daha üstünə ağladıqları dünya da “erməni göz yaşlarına inanmır”. Özləri də etiraf edirlər. 
Vardanyanın idarə etdiyi qayıq dünyanın bu qaynar vaxtında “yelkənsiz qayıq” təsiri bağışlayır. Dünya yalançı erməni hayında deyil və qayığın batmasını ilk hiss edən də, qayığı ilk tərk edən də Vardanyan özü olacaq. Batan qayıqdan birinci hansı məxluqun qaçdığını dünya yaxşı bilir. 
Maraqlı suallar yaranır. Əgər Xankəndi və ətrafında “humanitar fəlakət” yaşanırsa Qarabağdakı bir neçə min qanunsuz erməni silahlı qüvvələri bir aydır nə yeyib içirlər? Əlbəttə, Rusiya sülhməramlılarının təminat maşınlarının gətirdikləri ilə. Hərbi xidmətdə olanlar Əsgəran kəndçisi deyil ki, qapısındakı çolpanı kəsib yesin. Gündə üç dəfə minlərlə hərbiçini Rusiya sülhməramlıları təmin edir. 
Ona görə də, Azərbaycan sərhəddə nəzarət-buraxılış məntəqəsini yaratmaq üçün tezliklə Rusiya ilə danışıqlara başlamalı və məsələni müsbət həll etməlidir. Başqa yol yoxdur. Etiraz edən tərəf bilməlidir ki, Azərbaycan Silahlı Qüvvələri bunu etməyə qadirdir. Vardanyan və qayığındakılara anlatmaq lazımdır ki, qayıq ya batmalıdır, ya da bizim limana-sərhəd nəzarət məntəqəmizə yan alıb, ağ bayraq qaldırmalıdır. 
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.