Cənubi Qafqazda həlledici mərhələ artıq başlayıb. Bu mərhələnin regionda erməni separatizmi və terrorizmi ilə kəskin və sərt mübarizə ilə diqqəti çəkəcəyi ehtimal olunur. Son vaxtlar Cənubi Qafqazda baş verən hadisələr də bu problemin artıq bir dəfəlik həll edilməsinin vacib olduğunu göstərir. Və bu məsələdə itirilən zaman regionun gələcək inkişaf perspektivləri qarşısında ən ciddi əngələ çevrilməyə başlayıb.
Onu da qeyd edək ki, rəsmi Bakı Cənubi Qafqazda sülh, sabitlik və inkişaf dövrünün başladılmasına xüsusi önəm verir. Azərbaycanın siyasi dairələri regional iqtisadi-ticari və enerji layihələrinin reallaşdılmasına həssas yanaşır. Çünki Cənubi Qafqazın, o cümlədən də, Azərbaycanın gələcək rifahı böyük ölçüdə məhz həmin layihələrin uğurundan asılıdır.
Təbii ki, regional inkişaf perspektivləri qarşısında kifayət qədər ciddi problemlər mövcuddur. “Erməni faktoru” bütövlükdə Cənubi Qafqazda sülhü və sabitliyi ciddi şəkildə təhdid edir. Və bu faktor tamamilə zərərsizləşdirilmədən regionda davamlı əmin-amanlığın təmin edilmə imkanları o qədər də inandırıcı görünmür.
Onu da qeyd edək ki, rəsmi İrəvanın son vaxtlar sülh danışıqlarından yayınmağa cəhd göstərməsi regionda yeni savaş təhlükəsini ciddi şəkildə artırıb. Ancaq Paşinyan hakimiyyəti bu mövqeyinə Qərb siyasi dairələrindən dəstək umsa da, rəsmi İrəvanın bütün ümidləri boşa çıxmaqdadır. Belə vəziyyətdəsə, Ermənistan növbəti müharibədə yenə təkbaşına qala bilər. Və rəsmi İrəvan 44 günlük savaşda ordusu tamamilə darmadağın edildiyindən, indiyə qədər də bərpa olunmadığından bu dəfəki müharibənin Ermənistan üçün daha faciəvi olacağını da anlamamış deyil.
Digər tərəfdən, Qərbdən dəstək ala bilmədiyi halda, Ermənistanın əsas və ənənəvi himayədarı Rusiya ilə də münasibətləri qarşıdurma mərhələsinə yaxınlaşdığından rəsmi İrəvan artıq ciddi şəkildə narahat olduğunu gizlətməkdə çətinlik çəkir. Xüsusilə də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası qarşısında təhqiramiz şüarlarla keçirilən son aksiyadan sonra Kremlin ciddi şəkildə qəzəbləndiyi bildirilir. Hətta bəzi Rusiya media quruluşları xarici ölkələrin ekspertlərin dili ilə Paşinyan hakimiyyətini hədələməyə başlayıb.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin Ermənistan ərazisində keçirilməsi planlaşdırılan KTMT-nın hərbi təlimlərini pozmağa cəhd göstərməsi Rusiya siyasi dairələrinin səbrini artıq sona çatdırıb. Ona görə də, rus mətbuatı bəzi xarici ekspertlərin şərhləri ilə Paşinayn hakimiyyətinə “KTMT-nın hərbi təlimləri keçirilməzsə, onun əvəzində Ermənistanda Azərbaycan ordusu da hərbi təlimlər keçirə bilər” mesajını çatdırmağa çalışır. Və Azərbaycan ordusu hərəkətə gələrsə, Rusiyanın Ermənistanı müdafiə etmək üçün həvəsinin qalmayacağını qabardır.
Azərbaycan isə rəsmi İrəvanın Qərbdən umduğu dəstəyə, Rusiya ilə münasibətlərinin korlanmasına əhəmiyyət vermir. Rəsmi Bakının konkret və haqlı hədəfləri mövcuddur. Ona görə də, Azərbaycanın milli maraqlarının ön planda tutulmasına və əsas hədəflərinin reallaşdırılmasına yönəlik qətiyyətli addımlar atır. Və bu ilin Ermənistan üçün son şans olduğuna yönəlik xəbərdarlıq mesajları ilə diqqəti çəkir.
Maraqlıdır ki, rəsmi İrəvan Azərbaycanın Xankəndi və ətraf bölgə ilə bağlı mövqeyinin prinsipial olduğunu qəbul etməyə başlayıb. Hətta Paşinyan hakimiyyəti bu məsələdə Ermənistanın yersiz davranışlarının daha dağıdıcı savaşa səbəb olacağından narahatdır. Ona görə də, baş nazir Nikol Paşinyan son açıqlamasında Ermənistan cəmiyyətinin “xəyallar”ının əksinə olaraq, beynəlxalq ictimaiyyətin əvvəlki kimi, indi də “Dağlıq Qarabağı” Azərbaycanın bir hissəsi olaraq, tanıdığını xatırladıb.
Erməni baş nazir vurğalyıb ki, Ermənistan cəmiyyətində vaxtilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin sadəcə, kağız üzərində yazılmış mətnlər kimi qəbul etməsi praqmatik yanaşma deyildi. O, bildirib ki, Ermənistanın “Dağlıq Qarabağ”ın və onun xalqının taleyini həll etmək hüququnun olmadığını artıq anlamaq lazımdır. Erməni baş nazirin fikrincə, bu “məsələ”ni rəsmi İrəvan deyil, yalnız Xankəndi və ətraf bölgədə yaşayan ermənilər özləri həll etməlidir.
Göründüyü kimi, rəsmi İrəvan növbəti dəfə “Dağlıq Qarabağ məsələsi”ndən yaxasını kənara çəkməyə üstünlük verir. Çünki əks halda, qeyri-bərabər qüvvələr şəraitində Azərbaycanla yeni müharibə ümumiyyətlə, Ermənistan dövlətinin sonunu gətirə bilər. Və bu reallığın əksər beynəlxalq hərbi ekspertlər tərəfindən də vurğulandığını nəzərə aldıqda, Paşinyan hakimiyyətinin geri addım atmaq məcburiyyətində qalması qətiyyən təəccüblü deyil.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistana açıq mətnlə sərt xəbərdarlıq edib. Azərbaycan Prezidenti vurğulayıb ki, nə qədər çətin də olsa, rəsmi Bakı hələlik sülh sazişinin imzalanmasını gündəmdə saxlamağa çalışır. Ancaq Prezident İlham Əliyev onu da vurğulayıb ki, sülh məsələsi masada müəyyən müddət qala bilər: “Daha sonra biz bu məsələdə xüsusi fəallıq göstərməyəcəyik. Əgər, sülh istəmirlərsə, heç lazım da deyil. Delimitasiya da istəmirlərsə, o da lazım deyil. Deməli, sərhəd xətti bizim lazım bildiyimiz yerdən keçəcək. Bizim tarixi və kartoqrafik əsaslarımız var. Ona görə də bu məsələ bizdən çox onların marağında olmalıdır”.
Göründüyü kimi, Azərbaycan lideri konkret və prinsipial mövqeyi ilə diqqəti çəkir. Rəsmi Bakının səbri artıq tükənmiş kimi görünür. Rəsmi Bakı Paşinyan hakimiyyətinin mənasız “kaprizlər”ini müşahidə edərək, gözləmək və əlavə vaxt itirmək niyyətində deyil. Ona görə də, Ermənistanln siyasi dairələri nə qədər gec deyil, konstruktiv mövqe ilə sülh danışıqlarına qatılmaq üçün tələsməlidir. Əks halda, rəsmi Bakı mövcud problemləri Ermənistanın iştirakı olmadan, birtərəfli qaydada həll etməyə üstünlük verə bilər.
Məsələ ondadır ki, Azərbaycan Prezidentinin açıqlamaları Ermənistanın hələ də uydurma “Dağlıq Qarabağ mövzusu”na ilişib, qalmasının mənasız və yolverilməz olduğunu birmənalı şəkildə təsdiqləyir. Çünki rəsmi Bakı bu mövzu ilə bağlı yekun qərarını artıq prinsipial şəkildə verib. Yəni, rus “sülhməramlılar”ın müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgə ilə bağlı bütün məsələlər Azərbaycanın daxili işidir. Rəsmi Bakı bu mövzunu heç kimlə müzakirə etmək niyyətində deyil. Və bu məsələdə yalnız Azərbaycan Konstitusiyanın tələblərini reallaşdırmaq qərarında qətidir.
Prezident İlham Əliyevin Xankəndi və ətraf bölgədəki erməni azlığına münasibətdə “Əgər, kimlərsə Azərbaycan vətəndaşı olmaq istəmirsə, yol açıqdır, gedə bilərlər” mesajı da rəsmi Bakının həlledici mərhələyə start verdiyini təsdiqləyir. Yəni, Azərbaycanın siyasi dairələri mövcud problemin həllini bundan sonra da illərlə uzatmaq niyyətindən çox-çox uzaqdır. Bu isə o deməkdir ki, Ermənistanın sülh sazişi imzalamaq, Xankəndi və ətraf bölgədəki ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmək, silahlı separatçı-terrorçuların isə qaçıb canlarını qurtarmaq üçün o qədər də çox vaxtı qalmayıb.
Elçin XALİDBƏYLİ.
araz.az xəbər portalı.