elsad54.jpg

“Hansısa partiya ilə birləşmək barədə bizə təklif gəlməyib. Kim deyirsə, ad çəksin ki, filan partiya birləşməklə bağlı müraciət edib. İndi elə dövrdür, heç kimi aldatmaq olmaz. Aldada da bilməzlər. Ölkədə hamı hamını tanıyır. Kimin nə ilə nəfəs aldığını hamı bilir. Ölkənin siyasi sisteminə yeni nəfəs gəlməsini istəyirəm. Yeni düşüncə gətirəcək gənc partiya rəhbəri yoxdur, olanlar yaşlıdır. Hamısı hərəkatdan çıxmış, ondan sonrakı dövrdə təşkilatlanmış təşkilatlardır. Yeni gənclər siyasi partiyalarda perspektiv görsə, gələcəklər, perspektiv görməsə, saxta seçki görsə, onda gəlməyəcəklər, burda nə var ki? Yeni nəsli siyasətə gətirməliyik, köhnə, yıpranmış adamlarla siyasət qurmaq olmaz. Partiyalar birləşsələr, nə olacaq, birləşməsələr, nə olacaq? Televiziyalarda canlı yayımlara neçə nəfər partiya sədri çıxır? Bu adamların çoxu canlı yayıma çıxa bilmir. Canlı yayıma çıxa bilməyən adamdan partiya sədri olar? Belə partiya sədrləri arasında parlamentdə oturanlar da var. Səhərdən axşama qədər hakim partiyanın mövqeyini müdafiə edir, parlamentdə halbuki müxalifətin təmsilçisi kimi oturur. Məsələn, parlamentin vitse-spikeri Fəzail İbrahimli müxalifət təmsilçisi kimi parlamentdə oturur. Ona gedib desək ki, sən müxalifətçisən, adamı söyüb, biabır edər. Hələ komitə sədrlərinin müavinləri də var…”

araz.az   Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri  Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Siyasi partiyalar haqqında” yeni qanun barədə münasibət bildirərkən deyib.

Partiya sədri qeyd edib ki, yeni qanun artıq qəbul olunub: “Qəbul olunmamışdan əvvəl müzakirələr aparıldı, bizim də bir çox təkliflərimiz oldu. Bizi qane etməyən çox müddəalar var idi. Bununla bağlı sərt möqeyimiz oldu, xeyli dəyişiklik edildi. Partiyamızda 5 min üzvlə bağlı, təbii ki, artıq sənədlər toplanılmağa başlanılıb. Əvvəl belə bir şərt yox idi. Ona görə də partiya üzvlərinin sənədləri, şəxsiyyət vəsiqələri hamısı köhnə nömrələrlə yazılmışdı. Qanunun tələbidir, artıq təşkilatlanma işi başlayıb. Mənim mövqeyim fərqli idi. Hesab edirdim ki, qardaş Türkiyədə olduğu kimi heç bir məhdudiyyət qoyulmamalıdır. İnsanların siyasi fəaliyyətlə məşğul olmaq hüququ daha geniş surətdə təmin olunmalıdır. Nəsə istəyib-istəməməyimizdən asılı olmayaraq, qanun artıq qəbul olunub. Bu qanunun tələblərinə uyğun fəaliyyət göstərməli, təşkilati strukturlarımız yenidən formalaşmalıdır. Burada qeyri-adi heç nə yoxdur. Adi, normal işimizi görməli, 5 min üzvün sənədlərini hazırlayıb verməliyik…”

E.Musayev bir “papka”, bir möhürdən ibarət partiyaların sıradan çıxarılması ilə bağlı səslənən fikirlərə isə belə münasibət bildirib: “Bu, kökündən yanlış yanaşmadır. Siyasi təşkilatın strukturunu, ölkədə siyasi sistemi, demokratik seçkini bilməyən adamların düşüncələridir. Siyasi partiyalar o halda birləşməli, sıradan çıxmalı, yenidən təşəkkül tapmalıdır ki, demokratik seçkilər olsun. Normal işləyən siyasi partiyaları birləşdirməklə heç nəyə nail olmaq olmaz. Ölkədə normal demokratik seçki keçirməyi əvvəl-axır öyrənməliyik. İndiki halda ola bilsin ki, müəyyən partiyalar sayı toplaya bilməsin, birləşsin – bunlar məsələnin həlli deyil. Biz səbəbi axtarıb tapmalıyıq. Deyirlər ki, Azərbaycanda siyasi partiyaların sayı çoxdur, amma ABŞ-da, Türkiyədə azdır. Bunu bu işləri bilməyən adamlar deyirlər. ABŞ-da 250-dən çox, qardaş Türkiyədə də, təxminən, 120 partiya var. Ötən seçkilərdə 28-29 partiya iştirak etmişdi. Onların arasında Kommunist Hərəkatı Partiyasının 1378 üzvü var. Halbuki Türkiyədə 85 milyon əhali var. Ona görə də primitiv, bolşevik təfəkkürü ilə yanaşmaq olmaz. İşin kökünü axtarmalıyıq”.

O, Azərbaycan ərazisində yalnız 20 il davamlı yaşayan şəxslərin siyasi partiya rəhbəri ola biləcəkləri barədə müddəa (Artıq çıxarılıb) ilə bağlı müzakirələrə də toxunub: “Bizi narahat edən bu mürtəce müddəa idi. Təəssüflər olsun ki, siyasi partiya rəhbərlərinin 47-dən 40-ı müdafiə etdi. Mən bu adamlarla necə bir yerdə ola bilərəm, bunlarla necə siyasət qura bilərəm? İstər cavan, istər yaşlı olsun, fərqi yoxdur. Bundan mürtəce bir şey olmaz. Yəni, bu, o deməkdir ki, yeni gənclər, ölkəni kənarda təmsil edən adamlar ölkənin siyasi həyatına gəlməsinlər. Belə bir şeydir. Bunlarla nə birləşmək? Siyasi partiyaların inkişaf etmələrini istəyiriksə, seçkilərdə siyasi partiyaların haqqı, hüququ qorunmalıdır. Yoxsa belə fikirlərlə yol tapmaq olmaz. Çıxış yolu demokratik seçkilərdir, yalnız bundan sonra müəyyən olunacaq ki, kim müxalifətdədir, kimin sayı çoxdur. 5 min say göstərici deyil. Elə partiya var ki, onun 5 min üzvü yoxdur, amma iki-üç milyon perspektiv tərəfdarı, sosial bazası var. Yaxud seçkilərə az sayla gedir, amma yaxşı nəticə göstərir. Partiya üçün göstərici seçkilərdir. Üzv toplamaqda eləsi var, saxta yazacaq, eləsi var düz. Hökumət deyəndə, deyəcək ki, bizi sıradan çıxarmaq istəyir. Kifayət qədər təcrübəli adamlarıq, belə şeyləri çox görmüşük. Ölkədə pis-yaxşı, müxalifəti təmsil edən siyasi partiyalar var. Bunların yeri boş olanda söyüş söyənlər çıxır. Ölkədən kənarda yeddi nəfər söyüş söyən var, 800 min YAP üzvü var. 800 min adam o yeddi nəfərə cavab verə bilmir. Azərbaycan siyasətində müxalifət olmayacaqsa, onda söyüş müxalifəti olacaq. Burda nə var ki? Çalışmalıyıq ki, söyüş müxalifəti olmasın. Mübarizə parlament, masa müstəvisində getsin. Çox məmnuniyyətlə, yeni adamlar istəyirəm ki, gəlib bizim partiyanın rəhbərliyində olsun”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.