cek 768x403

Ulu Öndər Heydər Əliyevin doğum günü yaxınlaşdıqca, əllərində özəlləşdirmə çekləri qalan vətəndaşların ümidləri də getdikcə artır. Belə ki, vətəndaşlar Ulu Öndər tərəfindən imzalanan fərmanla sahib olduqları özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılacağına ümidlidirlər. Son illər çeklərlə bağlı müzakirələrə də ictimai nüfuzlu şxəslər tərəfindən geniş verilməsi problemin həlli ilə bağlı gözləntiləri artırır.

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65 faizlik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65 faiz əmlak payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə satıla bilməz.

Qeyd: Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət dərc olunub. Müraciətlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Özəlləşdirmə Çeklərinin hüquqi əsasları ilə Bakı Dövlət Universiteti Hüquq fakültəsini dosenti, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Mübariz Yolçiyevin fikirləri ilə tanış ola bilərsiniz:

[bt_youtube url=”https://youtu.be/UqDQ2sTN4D8″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az bildirir ki, mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev Qafqazaz.com-a açıqlamasında bildirib ki, çeklərlə bağlı problemin ildən ilə ötürülməsinin bir mahiyyəti yoxdur. Ən yaxşı zaman indiki zamandır:

“Demək olar ki, vaxtaşırı özəlləşdirmə çekləri ilə bağlı məsələ gündəmə gəlir. Fikrimcə, vətəndaşların bu məsələ ilə bağlı tələbləri və həssaslığı nəzərə alınmalı, ən qısa zamanda öz həllini tapmalıdır. Özəlləşdirmə çekləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı əsasında vətəndaşlara verilib. Ulu Öndərin qarşıya qoyduğu bütün məsələlər kimi, çeklərlə bağlı məsələ də öz həllini tapmalıdır. Müqayisə üçün deyim ki, bugünə qədər Ulu Öndərin dövlətçilik xətti, daxili və xarici siyasət kursu uğurla icra olunub. Özəlləşdirmə çekləri ilə bağlı problemdə də Ulu Öndərin siyasəti davam etdirilməlidir. Bu il ümummili lider Heydər Əliyevin 100 illik yubileyini nəzərə alsaq, çeklərin aqibətinə məhz bu il aydınlıq gətirilməsi simvolik məna kəsb edə bilər. Çünki 100 illik yubileylə əlaqədar olaraq ölkədə silsilə tədbirlər həyata keçiriləcək və bu tədbirlər istiqamətində vətəndaşları narahat edən sözügedən problemin həll olunması doğru addım olacaq. Düzdür, bir çox qurumlar çek məsələsində laqeyd mövqe sərgiləyirlər. Yəni vətəndaşların etirazını və həssaslığını düzgün qiymətləndirmirlər. Əgər ölkə vətəndaşını narazı salan məqam varsa və qurumlar tərəfindən laqeydlik göstərilirsə, “Beşinci kolon” nümayəndələri bu vəziyyətdən sui-istifadə edərək ölkə başçısı ilə xalq arasındakı etimadı sarsıtmağa çalışırlar. Dövlətlə xalq arasında xoşagəlməz münasibətin yaranmaması üçün çek probleminin həlli gecikməməlidir. Unutmaq olmaz ki, vətəndaşları narahat edən məsələlər hər zaman cənab prezident İlham Əliyevin prioritet məsələsi olub. Ölkə başçısı hər zaman xalqı narahat edən məsələlərə qarşı adekvat addımlar atıb. Prezidentin bu siyasi xəttinə uyğun olaraq, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların haqqı tezliklə bərpa olunmalıdır”.

Mediasiya Şurasının işçi qrup rəhbəri, vəkil Taleh İbrahimov isə öz növbəsində qeyd edib ki, vətəndaşların vauçerlərdən istifadə hüququ yenidən bərpa olunmalı və sui-istifadəçilər cəzalandırılmalıdır:

“Özəlləşdirmə çekləri “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna əsasən vətəndaşlara verilmişdi. O vaxtı dövlət müəssisələrində çalışan işçilərə özəlləşdirmə çekləri verilmişdi. Vətəndaşlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı poqrama uyğun olaraq, çek vasitəsilə özəlləşmə prosesində iştirak edə bilərdilər. Dövlət özəlləşdirmə payına daxil olan çekin nominal dəyəri, çek özəlləşdirilməsinə aid olan Azərbaycan dövlət əmlakının 1/32000000 (otuz iki milyondan biri) hissəsənin maddi ekvivalenti idi. Proqram üzrə dövlət əmlakının özəlləşdirmə hissəsi 70-80 faiz təşkil etməli idi. Özəlləşdirmə obyektlərinin əsas payçıları olan nəzarət səhm paketinin sahibləri minoritar sahiblərə maliyyə vəsaitlərinin yenidən bölüşdürülməsi barədə məlumat vermirdi, hərçənd respublika qanunvericiliyinə uyğun olaraq, onlar bu müəssisələrin maliyyə hesabatlarında əks olunan ətraflı məlumatı almaq hüququna malik idilər. O vaxtı özəlləşdirmə idarəolunmaz səviyyədə həyata keçirildi və nəticədə çek sahibi olan vətəndaşlar vauçerlərdən yararlana bilmədilər. Bu gün də özəlləşdirmə çeklərinin tədavüldə olmaması əlində çeki qalan vətəndaşların sahib olduqları imkanlardan istifadə edə bilməməsinə səbəb olub. Yaxşı olardı ki, vətəndaşların hüquqları bərpa olunsun və onların özəlləşmə prosesində iştirakına imkan yaradılsın”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.