Türkiyədə baş verən zəlzələdən sonra binaların bir anda yerlə bir olması Azərbaycada da tikilən binalar barəsində düşünməyə vadar etdi. Artıq bəzi insanlar arasında da qorxu yaranıb ki, ölkədə zəlzələ olsa, binalar tab gətirməyəcək. Bəs, Azərbaycanda tikilən binalara necə nəzarət olunur? Binaların möhkəmliliyi necə yoxlanılır? Neçə bal gücünə tab gətirəcək binalar tikilir? araz.az bildirir ki, məsələ ilə bağlı Redaktor.az-a danışan Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun sözlərinə görə, Azərbaycanda elə tikililər var ki, onların yaşı 100 illərlə ölçülür.
“Bunlar arasında orta əsrlərə aid memarlıq abidələri, XX əsrin birinci yarısında tikilmiş binalar var. Hansı ki, onlar heç bir seysmik normalara uyğun inşa olunmayıb. Hətta sovet dövrünün birinci yarısında Azərbaycanda ümumiyyətlə seysmik normalar olmadığından ovaxtkı tikililər üçün belə bir tələb də irəli sürülməyib. Ölkə ərazisində ilk dəfə 1960-cı illərin əvvəllərində seysmik tələblər formalaşdırılıb və 7 ballıq zəlzələyə davamlılıq tələbi qarşıya qoyulub. Seysmik tələblərə uyğun binaların tikintisi də məhz həmin tarixdən başlayır. 80-ci illərdə bu, bir qədər də təkmilləşdirilərək, 8 bala çatdırılıb. Nəhayət, 2010-cu ildə seysmik ərazilərdə tikinti sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradıldı. Bu, Dövlət Tikinti Normaları “Seysmik Rayonlarda Tikinti” adlanır. Yeni tikinti normaları sovet dövründən qalmış normalarla müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən artıq daha sərt tələblər ortaya qoyur”.
Rəis müavini qeyd etdi ki, FHN-in nəzarət funksiyaları layihənin və ya geologiyanın ekspertizası ilə bitmir.
“Layihə Baş Dövlət Ekspertiza İdarəsinə təqdim olunduqdan sonra bütün hissələri ekspertizadan keçirilir, o cümlədən etibarlılıq və dayanıqlılıq yoxlanılır. Ondan sonra müvafiq orqanlar tikintiyə icazə verirlər. Bakı şəhərində bu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, respublikanın digər yerlərində isə yerli icra hakimiyyəti orqanlarıdır. Tikinti müddətində də FHN-in Tikintiyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi mütəmadi olaraq yoxlamalar həyata keçirir. Ərazi hasara alınan gündən tikintinin istismarına icazə verilənə qədər bütün mərhələlərdə nəzarət olur” – deyən Elxan Əsədovun sözlərinə görə, bundan başqa, tikintidə dövlət nəzarəti ilə yanaşı, digər üç nəzarət növü var:
“Bunlardan birincisi müəllif nəzarətidir. Layihəni işləyən qrupda memar, konstruktor, havalandırma, elektrik mütəxəssisi və s. şəxslər var. Tikinti müddətində ərazidə mütləq müəllif nəzarəti jurnalı olmalıdır. Müəlliflərin hamısı işin gedişində öz sahələrinə nəzarət etməli və jurnalda müvafiq qeydiyyat aparmalıdırlar. Növbəti nəzarət növü texniki nəzarətdir. Bu isə sifarişçinin nəzarətidir.
O, inşaatda kifayət qədər keyfiyyətli inşaat materiallarının istifadə edilib-edilməməsi və digər məsələlərə nəzarət edir. Üçüncü nəzarət isə tikinti təşkilatının operativ nəzarətidir. O da işçilərin intizamına, tikinti materiallarının düzgün işlənilməsinə, vaxtlı-vaxtında çatdırılmasına və bu kimi digər məsələlərə cavabdehdir. FHN-in müfəttişləri tikinti meydançasına daxil olduqda ilk növbədə bu üç tikintiyə nəzarət funksiyalarının obyektdə həyata keçirilib-keçirilmədiyini yoxlayırlar. Onlardan biri həyata keçirilməsə və jurnalda qeydiyyat aparılmasa, tikinti dayandırılır. Bizim özümüzün nəzarət jurnalımız da həmin ərazidə olur və iradlar varsa, yazılır və operativ qaydada elektron bazamıza daxil edilir. Yəni, son 15 il üçün deyə bilərəm ki, tikinti keyfiyyəti çox yüksək səviyyədədir və Azərbaycan ərazisində baş verə biləcək istənilən zəlzələyə davamlıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.