Məhkəmə zalında həbs edilən Göyçayın sabiq icra başçısı Mehdi Səlimovun köməkçisi Vahid İsayevin həbsinin təfərrüatları məlum olub. 
Qaynarinfo-nun məlumatına görə, Vahid İsayev məhkəməyədək verdiyi ifadəsində göstərib ki, 1993-cü ildən Göyçay rayon İcra Hakimiyyəti başçısının baş məsləhətçisi (köməkçi) vəzifəsində işləyib. 2016-cı ildən 2022-ci ilin mart ayına qədər Göyçay RİH başçısı Səlimzadə Mehdi İldırım oğlu ilə münasibətləri normal olub, aralarında heç bir ədavət və ya düşmənçilik olmayıb.
O, 2021-ci ilin yanvar ayında Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsini  öz təşəbbüsü ilə xidməti otağına dəvət edib. Bundan icra başçısının xəbəri olmayıb və onun adından istifadə edərək şəxsi məqsədləri üçün pul almaq istəyib. İcra nümayəndəsinə vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların İcra Hakimiyyətində məqbul hesab edilməsi, yoxlamaların aparılmaması üçün Mehdi Səlimzadəyə onun vasitəsi ilə 1.500 manat pul verməsini təklif edib.
Nümayəndəlik rəhbəri onun dediklərinə inanıb, istənilən məbləği verib.
Bundan başqa, eyni üsulla Şəkər kənd inzibati ərazi dairəsi üzrə sabiq icra nümayəndəsindən 750 manat, Bığır kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsindən 1.000 manat pul alıb.

Üzərindən bir müddət keçdikdən sonra Mehdi Səlimzadənin Göyçay rayon İcra Hakimiyyəti başçısının Bığır kənd icra nümayəndəsi vəzifəsinə yeni rəhbər təyin edəcəyindən xəbər tutub. Bundan sonra “işə” başlayıb.
Vahid İsayev icra başçısı adından sonuncunun xəbəri olmadan 2021-ci ilin aprel ayında xidməti otağında Bığır kənd icra nümayəndəsi vəzifəsinə təyin edilməsi və həmin vəzifədə qalıb fəaliyyətini davam etdirməsinə köməklik etməsi üçün Mehdi Səlimzadəyə 3.000 manat pul verməsini təklif edib. O, Vahid İsayev sözlərinə inanaraq, 2021-ci ilin aprel ayında xidməti otağında 3.000 manatı ona verib.

Bundan başqa, Şəkər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndələyinin işçiləri – Samir (şərti) və Gülanə İsrəfilovadan işlərində qalıb fəaliyyətini davam etdirmələri, nümayəndəliyin fəaliyyəti üzrə veriləcək hesabatların İcra Hakimiyyətində məqbul hesab edilməsi, yoxlamaların aparılmaması üçün 1.000 manat pul istəyib.

İşçilər onun dediklərinə inanaraq, 750 manat verməyə razı olublar. Lakin sonradan həmin şəxslərin maddi imkanını nəzərə alaraq, 450 manata razı olub. 2022-ci ilin yanvar ayının sonunda xidməti otağında Samirdən 300 manat, Gülanə İsrəfilovadan 150 manat alıb.

Sonda isə aldığı puldan Mehdi Səlimzadənin xəbərinin olmadığını, şəxsi məqsədləri üçün istifadə etdiyini deyib. Etdiyi əməldən peşman olduğunu bildirib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rafail Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə Vahid İsayev Cinayət Məcəlləsinin 312.2-ci maddəsi (rüşvət verməyə təhrik etmə) ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum edilib. /qaynarinfo.az/

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.