Dövlət dilinin dəyişdirilməsi ilə bağlı emosional təklifə soyuqqanlı yanaşmanın tərəfdarıyam, çünki bu təklif Türkiyə türkcəsində kitabların satılmasından əldə olunan dividentlərin emosional ifadəsi idi. Azərbaycan türkcəsinin imkanlarından danışaraq, səslənən təklifin doğru olmadığını sübut etməyə çalışmayacam, əvvəllər də belə təkliflər səslənib. Bəs, dövlət dilinin dəyişdirilməsi dövlətin strategiyasına, mövcud ruhuna, hədəflərinə nə dərəcədə uyğundur? Qalib ölkənin dilini dəyişirik?

Düşünürəm ki, Azərbaycan üçün milli və həyati əhəmiyyət kəsb edən məsələlərlə bağlı təkliflər səsləndirməmişdən öncə dövlətin strategiyası və Prezident İlham Əliyevin atdığı addımların hədəfləri dərindən təhlil edilməlidir. Reallıq budur ki, İ.Əliyev 30 il işğal altında qalan böyük bir coğrafiyanı azad edərək Azərbaycana birləşdirdi. Onun prezidentliyi dövründə Azərbaycan heç bir hərbi ittifaqa üzv olmadı və bu amil Qarabağın işğaldan azad edilməsi istiqamətində qlobal güclərdən siyasi dəstək almağımızı təmin edən əsas şərtlərdən biri oldu. Türkiyə ilə Azərbaycan tarixdə heç vaxt olmadığı qədər yaxınlaşdı, İranın ölkədəki ideoloji dayaqları sarsıldı, Rusiyanı müttəfiqə çevirdik, eləcə də Qərb Azərbaycanı əsas alternativ kimi qəbul etdi. Güclü ordu yaratdıq və ölkəmizin iqtisadi imkanları qlobal təhülkəsizliyin əsas resurslarından birinə çevrilmiş oldu.

Dünən İ.Əliyev Münxendə çıxış edərək qalib ölkənin prezidenti kimi Ermənistana da, İrana da, Rusiyaya da diktə edirdi. Bəs, biz indi nəyə arxayınıq? Müqayisə aparmalıyıq, 30 il ərzində nələr qazandıq?

İndi təklif olunur ki, Azərbaycan dilini (türkcəsini) kənara qoyub Türkiyə türkcəsini dövlət dili elan edək. Bu təklif dövlətimizin hazırki statusuna və ölkəmizin bütövlüyü uğrunda Prezidentin atdığı addımlara nə dərəcədə adekvatdır?

İ.Əliyev dövlət qurur, dil isə dövlət və təhlükəsizlik məsələsidir, millətin mövcudluğunu şərtləndirən əsas amillər ərazi və dilin bütövlüyüdür.

Əsassız təklifdir, elə müzakirələr də kosmetik aparılır, bu məsədə qınaq mövqeyindən çıxış edənlərin mövqeyini bölüşürəm, hesab edirəm ki, insanlar haqlı olaraq təklif sahibini ittiham edirlər. Amma bu həm də Azərbyacanın stareji maraqlarının, müstəqilliyinə, bütövlüyünə qarşı yönələn kosmetik təhdiddir. Bu təklifi səsləndirən şəxsin fikirləri kifayət qədər aydın idi, heç bir kinayədən söhbət belə gedə bilməzdi, yəni malalamaq lazım deyil. Başa düşürəm, bu təklif dil təəssübkeşliyindən doğa bilərdi, amma hansısa naşirin dövlət dilinin dəyişdirilməsi ilə bağlı təklifi müstəqil və güclü dövlətin təməl prinsiplərinə qarşı ədəbi terrordur.

Təklifi səsləndirən adam məhz mütəxəssis olmadığına görə, onun fikirləri geniş müzakirə olundu.

Rusiyada dil məsələsi ilə kitabsevər biznesmenlər, naşirlər yox, dövlətin ixtisaslşamış məxfi institutları məşğul olur. Orada dilin möhkəmləndirilməsi və yayılması üçün ədəbiyyatçılardan da daha çox, ideoloqlardan, siyasi texnoloqlardan, fiziklərdən və riyaziyyatçılardan məsləhətlər alırlar. Məncə, niyəsini izah etməyə gərək yoxdur.

İngilis dilini bütün dünyada gücə çevirən ingilis yazıçılar deyil, ingilis dövlətinin strateji gücüdür! Ədəbi nümunələr bu prosesdə kiçik mexanizm rolunu oynayır. Azərbaycanda heç kəs Şekspiri sevdiyinə görə ingilis dilini öyrənməyib, məhz ingilis dövləti bunu dövrün ciddi tələblərindən birinə çevirib. 300 il əvvəl hansısa ədib təklif verib nəticəyə də nail ola bilərdi, amma indi dil həm də texnologiya, ordu, iqtisadiyyat, elm və təhlükəsizlik məsələsidir.

Reallıq budur ki,

– Rus dili vaxtilə Azərbaycana akademik şəkildə daxil olub, bu dildə məktəblər fəaliyyət göstərib, hazırda da fəaliyyət göstərir, elmi əsərlər yazılıb, daha çox üst təbəqənin dili olub və bu, bir üstünlük sayılıb. Daha sonra rus dilinin kütəvi dilə çevrilməsi bu akademik bünövrədən qaynaqlanıb.

– Türkiyə türkcəsi isə daha çox seriallar vasitəsilə Azərbaycana daxil olur. Daha çox kriminal hadisələrlə dolu əsərlərə meylli tələbələr daşıyıcıya çevriliblər. Türkiyə türkcəsində danışanların sayının artmasının “akademik bünövrəsi”ni seriallar təşkil edir.

Sən bir biznesmen kimi Türkiyə ədiblərini tərcümə et, reklamını qur, boşluğu doldur, seriallara meylli tələbələr oxusunlar, pul qazan və sonra da təklif et ki, Türkiyə türkcəsini dövlət dili elan edək. Əcəb komediyadır.

Alimlər və mütəxəssislər bilirlər ki, türk dilləri içərisində ən zəngin və ahəngli dil Azərbaycan türkcəsidir. Son 300 ildə başımıza gələn bu qədər fəlakətlərə baxmayaraq, Azərbaycan türkcəsi öz milli kimliyini qoruyub saxlaya bilib. Tarix boyu əsarət və işğal altında olmuşuq, amma dilmizi yaşatmışıq, indi əsarətdə deyilik, güclü dövlət qurmuşuq və dilimizdən imtina edək? 200 ildir Cənubi Azərbaycandakı soydaşlarımız doğma dillərini yaşadırlar, Məhəmmədhüseyn Şəhriyarın yazdığı dilin koloritliliyi, mühafizə sistemi, xalq ruhu, estetik xüsusiyyətləri və tarixi pasportu hansı dildə var?

Dövlət dilimizin başqa bir dillə əvəz edilməsi təklifini əvvəllər də səsləndirənlər olub. Amma mən dəqiq bilirəm ki, bu təklifi səsləndirən şəxslərin hər biri rus dilində danışmağı prestij hesab edir, övladları, nəvələri də rus bölmələrində təhsil alırlar. İnsanlar kitab oxumursa, yaxud da sənin nəşr etdiyin kitablar satılmırsa, biz dövlət dilini niyə dəyişdirməliyik?

Başa düşürəm ki, Azərbaycan dili həqiqətən reanimasion durumdadır, insanlar övladlarını rus bölmələrində oxudurlar, ingilis dili bir müddət sonra kütlə dilinə çevriləcək, bir tərəfdən də Türkiyə türkcəsi… Dilimiz məngənə arasındadır. İnanıram ki, təklifi səsləndirən şəxsin narahatlığı da məhz buna görədir. Amma “hər kəs Türkiyə türkcəsində kitab alır” deyə dövlət dilinin dəyişdirilməsi təklifi ifrat canfəşanlıqdır, yöndəmsiz patriotluqdur və həm də Türkiyə türkcəsində daha çox kitabların satılmasından əldə olunan dividentlərin emosional ifadəsidir.

Qardaş Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan dövləti və xalqı bütün gücünü səfərbər etdi. Bu, belə də olmalı idi. Türkiyə İkinci Qarabağ müharibəsində bizi tək qoymadı, biz də Türkiyəni tək qoyası deyilik. Əgər Türkiyənin ərazisinə təhdid olacaqsa, hər bir Azərbaycan türkü döyüşə də gedəcək. Biz Türkiyə ilə münasibətlərimizi qoruyub saxlamağa çalışmalıyıq. Bundan sonra heç vaxt Azərbaycanla Türkiyə arasında soyuqluq olmamalıdır, ola da bilməz! Düşünürəm ki, Türkiyə-Azərbaycan arasındakı həqiqi qardaşlıq dilimizi daha da möhkəmləndirə bilər. Burada heç kəs itirməməlidir, hər iki dövlət qazanmalıdır.

Bununla belə, hər bir məsələdə ifratçılıqdan çəknməliyik, hətta Azərbaycanla da bağlı məsələlərdə… Bundan sonra daha soyuqqanlı, praqmatik, dosta sadiq, əhdə vəfalı olmalıyıq.

Dil – millətin pasportudur! Kim bu pasportdan imtina etmək istəyirsə, başqa dövlətin vətəndaşlığını qəbul etsin!

Samir FEYRUZOV

araz.az xəbər portalı.