Azərbaycan Dillər Universitetinin rektorunun məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanlının Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası assimilyasiya və izolyasiya kontekstində” yazısını təqdim edirik

44 günlük Qarabağ zəfərindən sonra, Şərqi Zəngəzur iqtisadi regionun yaradılması ilə Qərbi Azərbaycan məsələsi də daha çox gündəmə gəlməyə başladı. Azərbaycanın polietnik, Ermənistanın isə monoetnik dövlət olması, multikulturalizm aspektindən də bu mövzunu daha dəyərli hala gətirir.

Müasir elmi ədəbiyyatda cəmiyyətdə müxtəliflik və birliyin izahında, o cümlədən multikultural situasiyanın tənzimləməsində assimilyasiya və izolyasiya məfhumları aktuallıq kəsb edir. Məhz multikulturalizm də siyasət modeli kimi cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli vasitəsilə tənzimləməyə çalışırdılar: assimilyasiya və izolyasiya. Assimilyasiya siyasəti milli azlıqların etnik-mədəni dəyərlərini titul (əsas) etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. İzolyasiya siyasəti isə milli azlıqların etnik-mədəni dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir. Azərbaycan dilində assimilyasiya ərimə və əritmə, izolyasiya isə təcrid etmə anlayışları olaraq bilinir.

Qərbi Azərbaycan indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkandır. XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmamışdır.

Son iki əsr ərzində Qərbi Azərbaycan adlanan Azərbaycanın tarixi torpaqlarında ermənilər soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə siyasəti aparmışdır. Məhz bu ərazilərdə Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi, azərbaycanlıların ermənilər tərəfindən assimlyasiya və izolyasiyaya məruz qalması tarixi reallıqdır.

Azərbaycan multikulturalizm və tolerantlıq strategiyasını dövlət siyasəti olaraq həyata keçirir. Belə ki, ölkə daxilində yaşayan etnik qruplar və dini icmalar bu siyasəti o cümlədən, Azərbaycançılıq məfkurəsini əsas alaraq öz inkişaf dinamikalarını təmin edirlər. Dövlət bütün imkanlarından istifadə edərək milli və dini icmaların mədəniyyət və adət-ənənələrinin qorunmasını, inkişaf etdirilməsini öz öhdəliyi hesab edir. Prezident İlham Əliyevin bu fikirləri tam olaraq qeyd olunan dövlət siyasətinin əsas arqumentlərini təşkil edir: “Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir… Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur”.

Təsadüfi deyil ki, Ermənistanda Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə baş vermişdir. Bu proses 1905-06, 1918-21, 1948-53 və 1988-91-ci illərdə xüsusilə şiddətli və amansız olmuşdur. Zəngəzur daxil olmaqla azərbaycanlılar üstünlük təşkil edən bir çox bölgələr Ermənistana verilmiş və yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atılmışdır.

 

 

Hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, eyni zamanda multikulturalizm aspektindən də mühüm nəticələrə gətirib çıxaracaqdır. Belə ki, ermənilər, Azərbaycanda yaşayan digər dini və milli icmalar kimi bərabərhüquqluluq prinsipinə müvafiq olaraq yaşamalarını, buna müqabil azərbaycanlıların Ermənistan ərazisindəki Qərbi Azərbaycan torpaqlarına qayıdışını təmin edəcəkdir. Məhz bu yaxın günlərdə cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması və orda söylədiyi fikirlər yazıda qeyd etdiyimiz məqamların əsasını təşkil edir: “ Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Tarixi məlumatlara istinadən deyə bilərik ki, bolşevik işğalından öncə Çar Rusiyası zamanında İrəvan xanlığı ərazisində müsəlmanlar-azərbaycanlılar əksəriyyəti təşkil edirdi. Hətta daha əvəllər, Gülüstan və Türkmənçay sülh müqavilələrinə müvafiq olaraq ermənilərin bu qədim Azərbaycan torpaqlarına köçürülməsi də bilinməkdədir. Bu mənada Rusiyanın 1920-ci il işğalına qədər İrəvan ərazisində müsəlman kimliyi əsas alınırdı. Ümmət anlayışının bir nəticəsi olaraq ermənilərlə toqquşmalarda və deportasiyada müsəlman kimliyi önə çıxırdı. Məhz tarix kitablarında bu çərçivədə cərəyan edən hadisələr erməni-müsəlman davası olaraq bilinir. Bunlara dəlil olaraq, 1905 və 1918-ci il hadisələrinin erməni-müsəlman davası adlandırılmasını göstərmək olar.

Müsəlman kimliyi altında bir çox etnoslar qədimdən bu torpaqlarda yaşayırdılar. Qədim İrəvan ərazisində multikultural mühit mövcud idi. Məhz bolşevik işğalına qədər aparılan deportasiya, assimilyasiya və izolyasiya siyasəti də ümumən müsəlman kimliyinə yönəlmişdi. Əlbəttə ki, burada ən çox zərər çəkən isə azərbaycan türkləri idi. Ümumiyyətlə, dövrün qlobal siyasi durumu da bu yöndə idi. Alt qatlarda dini kimlik milli kimliyi üstələyir, aparılan mübarizə və müharibələr bu istiqamətdə irəliləyirdi. Ermənilərə dəstək verən böyük dövlətlər onların müsəlmanlara qarşı zor tətbiq edərək deportasiya etmələrinə kömək edirdi. Bu tendensiya çar Rusiyası süqut etdikdən sonra bolşeviklər vasitəsilə davam etdi. Beləliklə, mahiyyət dəyişmədi, əksinə daha geniş vüsət aldı. Hazırda Ermənistan-İran və Fransa üçlüyünün Zəngəzur koridoruna qarşı çıxmaları bu tarixi düşüncələri səbəbindəndir. Bu üçlük müsəlman-azərbaycanlı varlığına bu torpaqlarda nifrət bəslədikləri üçün tarixdə olduğu kimi, müasir dövrdə də özlərinin assimilyasiya və izolyasiya siyasətlərini tətbiq etmək istəyirlər. Bu baxımdan tarixdən ibrət alınmadığı zaman, təkrar hadisələr baş verir.

Azərbaycan tərəfi 44 günlük Qarabağ müharibəsindən sonra beynəlxalq hüquq və normalar çərçivəsində bu kimi məsələlərin həll olunması üçün beş prinsipə əsaslanan təkliflərini təqdim etmişdir. Qarabağda ermənilərin digər dini və milli icmalar kimi birgəyaşayış dəyərlərinə mənsub olaraq mövcudiyyətləri Azərbaycanın multikultural dövlət siyasətinin tərkib hissəsidir. Yaxın zamanda təqdim olunan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da bu kontekstdə əhəmiyyət qazanır. Qayıdış konsepsiyasının məzmun və mahiyyətinə diqqət etdikdə görmək mümkündür ki, orada ermənilərin azərbaycanlılara qarşı deporasiya, assimilyasiya və izolyasiya siyasətləri tarixi arqumentlərə əsaslanaraq açıq şəkildə verilmişdir.

Ümumiyyətlə, Cənubi Qafqazda sülhün və multikultural mühitin stabil olması üçün qərbi azərbaycanlıların öz tarixi torpaqlarında yaşamaları təmin olunmalıdır. Bu hər iki tərəf üçün də multikultural inteqrasiya prosesini ehtiva edir. Ermənistan tərəfinin bu tarixi reallığı və fürsəti qaçırması özləri üçün çox böyük uğursuzluqlara gətirib çıxaracaqdır.

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.