ANA DİLİMİZ GÜVƏNC YERİMİZDİR
21 FEVRAL BEYNƏLXALQ ANA DİLİ GÜNÜDÜR.
Ana dili ana südüdür. Ana dilinin dadını-duzunu duymaq üçün, zənnimizcə, təhsilin, hansı peşənin sahibi olmağın fərqi yoxdur. Yüz illər boyu folklor incilərimizi – şifahi söz yatırımızı yaradan baba və nənələrimiz ən həssas, ən mahir ədəbiyyatçılarımız, dilçilərimiz olublar. Dil mənəvi sərvətimizdir, xalqı, milləti tanıdan əvəzsiz xəzinəmizdir. Min illərdən bəridir ki, el-obamıza, xalqımıza xidmət edir, ünsiyyətimizi yaradır, nəsillər arasında varislik körpüsüdür. Dilin keşiyində durmaq üçün ilk növbədə onu sevmək gərəkdir. Onu sevənlərin isə, hər şeydən öncə, mənəvi haqları olmalıdır. Dilə sevgidən başqa heç nə ummaq olmaz. Axı bu bizim ana dilimizdir, ruhumuzun tərcümanıdır. Dil uğrunda, onun yaşaması uğrunda çarpışmaq isə heç nə ilə əvəzedilməz xoşbəxtlikdir, fədakarlıqdır.
Dili göz bəbəyi kimi qorumaq gərəkdir. Dili qorumaq üçün gərək onun incəliklərinə bələd olasan. “Dövlət dili haqqında” qanunda deyilir ki, dilə qarşı açıq ya gizli formada təxribat aparmaq olmaz. Hərdən bəziləri fikirləşirlər ki, dilimizdir də, danışırıq. Bizə söyləyirlər ki, dünyada daha çox yayılmış dillər var. Ancaq bunu deyənlər ana dilimizin doğmalığını, zənginliyini dərindən dərk etmirlər, bəlkə də duymurlar. Dili sevmək vətənpərvərlik, yurdsevərlik tələb edir. Belə düşünməyənlər yalnız Vətənə sevgisi olmayanlar ola bilərlər. Elə xalqlar var ki, onların özünüifadəsi, mənəvi sərvətləri o qədər də zəngin deyil, kasıbdır. Hər şeydən əvvəl, bu həmin xalqların dillərinin qüdrətindən çox-çox asılıdır. Dilimizin qüdrəti, yenilməz gücü çox böyükdür. Bu, xüsusən şifahi xalq ədəbiyyatında əsrarəngiz ifadəsini tapıb. Zəngin xalqların həm təfəkkürü, həm də ki şifahi ədəbiyyatı təsəvvürəgəlməz dərinliyi ilə seçilir. Xalqımızın folkloru hədsiz dərəcədə geniş və əhatəlidir. Hələ bundan sonra çap ediləsi cild-cild dastanlarımız, nağıllarımız, bayatılarımız var. Şifahi ədəbiyyatımızın səviyyəsi dilimizin zənginliyinə ən böyük sübutdur. Dilimiz hədsiz dərəcədə zərifdir. Geniş imkanlara malikdir, asan anlaşılır, tələffüz zamanı problemlər yaranmır. Bir cəhəti də nəzərə çatdırım ki, dil təfəkkürlə bağlı olan məsələdir. Əgər bir xalqın təfəkkürü zəngindirsə, deməli, onun dili də zəngindir. Feillər, ümumən, türk dillərində çox zəngindir. Bu da bir növ hərəkətlə bağlıdır. Türk xalqları həmişə hərəkətdə olublar. Türklər həmişə böyük əraziləri fəth ediblər. Türk dillərinin zənginliyi, hər şeydən əvvəl, türklərin dünyagörüşünün zənginliyi ilə də bağlıdır. Dilin zənginliyi həm də xalqın müşahidə qabiliyyətinin zənginliyi deməkdir. Ən ustad yazıçının əsəri ona görə oxucular tərəfindən qəbul edilir ki, onun müşahidə qabiliyyəti hədsiz zəngin olur, Dilimizin ruhunda qətiyyətlilik var. Tarixin müəyyən dövrlərində ərəb, fars dilləri ana yurdumuzda hökmran dillər olublar. Adətən, imkanlı adamlar, hakimiyyətdə olan təbəqələr başqa dilləri öyrənməyə daha çox meyl ediblər. “Quran”ın ərəb dilində olması tədrisin də ərəbcə olmasına rəvac verib. Orta əsrlərdə ana dilimizdə məktəblər, universitetlər olmayıb. Dini təhsilə ərəb və fars dillərində üstünlük verilib. Azərbaycanın tanınmış şairləri, alimləri, eləcə də türk dünyasının ünlü şəxsiyyətləri əsrlərlə ərəb-fars dillərində yazmağa məcbur olublar, qismən də Azərbaycan dilində əsərlər yaradıblar. Əslində onların başqa çarələri də yox idi. Azərbaycanda ərəb xilafətinin hakimiyyətinə son qoyulandan sonra ana dilində yazmaq ənənəsi genişlənməyə başladı.
Güney Azərbaycanda dövlət səviyyəsində dilimiz qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə burada daha çox şifahi ədəbiyyatımız inkişaf edib. Həmçinin aşıq sənəti Güneydə çox intişar tapıb. Güneydə yaşayan şairlərimiz ana dilində də yazıb-yaratmışlar. Xalq öz dilini daim qoruyur, ölməyə qoymur. Şəhriyarın “Heydər babaya salam” poeması ana dilimizin bizə soraqlarını çatdıran ən gözəl ədəbi abidələrdən biridir. Şəhriyar yaşlaşandan sonra dərk etdi ki, o yalnız ana dili ilə bir olduqda güclü ola bilər. Adətən, insan yaşlı dövründə Vətənə, yurda və dilinə daha çox bağlanır. Şəhriyar dərk edəndə ki, o, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir; O zaman “Heydər babaya salam” poeması onun milli ruhunun izharı oldu. Tarix boyunca təəssüf ki, xalqımız birgə inkişafdan ayrı düşüb. Dilimiz də bu səbəbdən çox əzablar yaşayıb. Quzey Azərbaycanda rus və Avropa sözləri, Güney Azərbaycana isə fars sözlərinin təsiri güclü oldu. Bəlkə də dünyada ayrılıq sarıdan xalqımız qədər başı bəlalar çəkən bizim kimi başqa birxalq yoxdur. Bu gün Güney Azərbaycanda ana dilində məktəblər yoxdur. Ancaq İranda yaşayan çox az sayda ermənilərin məktəbləri, qəzetləri var. Güneydə ana dilimiz hər cür təhdidlərə məruz qalır. Xalqımızın dili orada məişət dili səviyyəsinə endirilib. Dilə qarşı laqeydlik ola bilməz. Əgər ana dilimizin keşiyində durmasaq, o zaman buradakı xaricilərdən dilimizə istənilən səviyyədə hörmət ummağa özümüzdə haqq tapmayacağıq.
Təəssüf ki, balalarını ingilis dilini, rus dilini bilmək yönündə oxudanlara bu gün Azərbaycanın bir çox ziyalılarının içərisində də rast gəlinir. Onlar dil öyrənməkdən söhbət düşəndə bunu balaları üçün “çörək ağacı” kimi, vəzifə pillələrində ucalmaq xatirinə bilərəkdən məqsədli şəkildə edirlər. Belələrinə cavabımız o olmalıdır ki, ilk növbədə ana dilimizi övladlarımıza öyrətməliyik, ona daha çox sayğı göstərməliyik, balalarımıza dilimizi cani-dildən sevdirməliyik. Bu məqsədlə də radio-televiziya kanalları ana dilimizdə daha çox millilikdən soraq verən verilişlər hazırlamalı, dilimizin hər mənada, hər səviyyədə başqa dillərdən üstünlüyünü göstərməlidirlər.
Bu gün dilimizdəki bəzi sözlərin yerinə ehtiyac olmadan xüsusilə rus, fars və ərəb sözlərinin işlənilməsi adət şəklini alıb. Son vaxtlar yarıazərbaycanca-rusca, eləcə də ingiliscə danışmaq dəb şəklini alıb: “Vaxtilə – ötən əsrin əvvəllərində Azərbaycan ziyalıları dilimizi bu sayaq şikəst edənlərə qarşı mübarizə aparırdılar. Şəhriyar “Türkün dili” adlı məşhur şeirini yazmışdı. Xəlil Rzanın “Laylam mənim, nərəm mənim”, “Mənim dilim” şeirləri hamının yadındadır. Həyata gözümü açandan, dünyanı anlayandan ana dilimi sevmişəm. Ana dilimiz həmişə məni sehirləyib, ovsunlayıb. Ağlım kəsəndən babamın, nənəmin, atamın, anamın doğma söhbətlərinə qulaq asmışam, onları böyük bir sevgiylə dinləmişəm. Bu söhbətlər çox zaman özüm də bilmədən ruhuma-qanıma keçib. Onların dilindən eşitdiyim şifahi xalq ədəbiyyatı nümunələri indi də yadımdan çıxmır. Bu o deməkdir ki, xalq ədəbiyyatının hikməti çox böyükdür. Dilimizdəki intonasiya zənginlikləri həmişə məni heyran edib. Uşaqlıqdan çalışmışam ki, savadlı danışam, yazam, nitqimi dilin normalarına uyğun şəkildə quram. Orta məktəbi qurtaran il ali məktəbə daxil olmuşam. Qarşıma qoyduğum məqsədə doğru addım-addım yol getmişəm. Elmin pillələrində addımlaya-addımlaya mənəvi yükün məsuliyyətini daha dərindən duymuşam, anlamışam. Bilmişəm ki, çiynimdə çox ağır bir yük var, bunun məsuliyyətini daim uca tutmuşam. Həyatımda doğru yol göstərən insanlar olub. Onları həmişə böyük bir sayğıyla xatırlayıram: ilk öncə atam-anama, daha sonra orta məktəb müəllimlərimə, elmin sirlərinin açarını mənə verən akademik Məmmədağa Şirəliyevə, akademik Ağamusa Axundova (allah onlara cənnət versin), habelə başqa həmkarlarıma sayğım böyükdür.
Sözümün sonunda demək istərdim ki, ona dilinizin norması pozulsa, dilə qarşı açıq, ya gizli hücum olsa, əsl alim ona qarşı biganə qalıb, reaksiyasız, sakitcə durub baxa bilməz. Baxırsan ki, biri dilində qəliz ərəb-fars sözləri işlədir, o biri yeri gəldi-gəlmədi Avropa sözləri, bir başqası isə rus sözləri işlədir. Bu danışılanlardan həftəbecər bir şey alınır. Mənliyini dərk etməyən adamdan ömründə tələb etmək olmaz ki, sən niyə bu dili korlayırsan? Yəni insan özünü şərəfli bir millətin nümayəndəsi kimi düşünmürsə, ona həmin sözü deməyin mənası nədir?
İsmayıl MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Tətbiqi dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Azərbaycan Prezidenti Yanında Dövlət Dil Komissiyasının üzvü.
araz.az xəbər portalı.