araz.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qalmaqal yaşanıb. Əvvəlcə Sahib Ələkbərov prosesdə video çəkilişin dayandırılmasına etiraz edib. “Bu gün olmayacaq, sabah bu audio-videoları qaldıracağam. Bir halda ki, məhkəmə audio-video yazı ilə gedir, niyə mənim başımda çatlamalıdır? Niyə mənim çıxışımdan gedib mətbuatda şou düzəltməlidirlər?”, deyə MTN zabiti bildirib.
Vəkil çıxışını yekunlaşdırandan sonra Vüsal Ələkbərova söz verilib. MTN polkovniki dövlət xidmətlərindən danışarkən hakim ondan epizodlar üzrə danışmasını, narazı qaldığı məqamları deməsini istəyib. Vüsal Ələkbərov deyib ki, Mövlam Şıxəliyev 30-32 epizod üzrə, o isə 2 epizod üzrə təqsirli bilinib:
“Prokurorluq Bakı Hərbi Məhkəməsində mənə 2 epizod üzrə 15 il iş istədi. Həmin epizodlar və digər 30 epizod üzrə Mövlam müəllimə daha aşağı iş istəmişdi. Bilirsiz, qərəz hamısı elə buradan başlayıb. Gələcəkdə qərar qəbul edəndə bunu nəzərə alasınız. MTN-dəki məlum hadisələrdən sonra barələrində cinayət işləri apardığım şəxslərin qərəzli şikayətləri nəticəsində istintaqa cəlb olundum. Bakı Hərbi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə 5 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum olundum. Cəzamı çəkib qurtarandan sonra məni yenidən 2 epizod üzrə istintaqa cəlb etdilər. Halbuki barəmdə ilk iş gedərkən bu epizodlar üzrə araşdırma aparılmışdı. Lakin ittiham verməmişdilər. Bu mənim günahım deyil ki, həmin vaxt ittiham vermədilər. Götürün cinayət işinə baxın, həmin epizodlar üzrə heç bir sübut yoxdur. 15 ay barəmdə istintaq gedib, cəmi 3 dəfə dindirilmişəm. Bu iki epizodu təsir vasitəsi kimi saxlamışdılar. Sizdən də xahiş edirəm ki, qərar qəbul edərkən məni Yusif Sərrac (Mirzə Fətəli Axundzadənin “Aldanmış Kəvakib” əsərinin qəhrəmanını nəzərdə tutur – E.M) etməyin! Mən Yusif Sərrac olmaq istəmirəm! Bu heç düz də deyil!”.
Hakim Yusif Sərrac məsələsi ilə bağlı Vüsal Əlkəbərova “Bu nə deməkdir?” deyə sual verib. MTN zabitinin cavabı isə belə olub: “Bilənlər biləcəklər”.
Yasin Məmmədovun vəkili isə vəsətətlə çıxış edərək müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Prosesdə Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun barələrində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilməsi haqda vəsatətlər təqdim edilib. Lakin onların vəsatətləri təmin olunmayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.