elxan sahinoglu

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransındakı çıxışında dedi ki, rəsmi Bakı Qarabağın erməni icması ilə dialoqa hazırdır, ancaq mümkün danışıqlarda icmanı bölgədə doğulan ermənilər təmsil etməlidirlər, “Rusiyadan ixrac edilən Ruben Vardanyanla təmas olmayacaq”. Ruben Vardanyan ikitərəfli təzyiq altındadır. Onun Qarabağda fəaliyyəti bölgə ermənilərinə də çətinlik yaradır. Odur ki, Ruben Vardanyanın bölgəni tərk edəcəyi ehtimalı var. Belə olan halda rəsmi Bakı erməni icmasından kim və ya kimlərlə dialoqa keçə bilər?

araz.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, separatçıların “lideri” Araik Arutyunyan Qarabağda doğulub, ancaq onunla da dialoq mümkün deyil, çünki Azərbaycan bu separatçı haqqında cinayət işi açıb, Gəncənin bombalanmasında rolu olduğunu etiraf edib:

“Separatçıların keçmiş “xarici işlər naziri”, hazırda Araik Arutyunyanın “müşaviri” David Babayan deyib ki, onları rəsmi Bakı ilə danışıqlarda kimin təmsil edəcəyini özləri müəyyənləşdirəcəklər. David Babayanın sözlərinə görə, onların müəyyənləşdirəcəkləri şəxs Qarabağla yanaşı Azərbaycanı da yaxşı tanıyan biri olmalıdır. David Babayanın sözlərindən anlaşılır ki, o və onun “lideri” də Ruben Vardanyanın Bakı ilə təmas qurması imkanlarının olmadığını bilirlər. Ancaq rəsmi Bakının “separatçıların müəyyənləşdirəcəyi şəxslə” danışıqlar aparması da imkansızdır. Biz erməni icması içərisində beyni tam zəhərlənməyən və mövcud reallıqları qəbul etməyə hazır olan şəxsləri axtarmalıyıq. Ancaq belələrini çətinliklə tapsaq da, bilməliyik ki, onlar əlisilahlı separatçıların nəzarəti altında olacaqlar və “təlimatlardan” kənara çıxa bilməyəcəklər. Qarabağda 1988-ci ildə separatçılığa başlayanda bunun yanlış olduğunu anlayan bir neçə erməni var idi, ancaq onların səsini batırdılar və bir müddət sonra müəmmalı şəkildə yoxa çıxdılar. Qərbə görüntü lazımdır ki, dialoq mövcuddur. Etiraz etmirik, ancaq şərtimiz də bəllidir: Ermənilər Qarabağda təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda bölgəni tərk etməli olacaqlar”.

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.