fazil77
Vətəndaş cəmiyyəti təmsilçilərinin Naxçıvana səfəri doğru düşünülmüş addımdır. Tədricən Naxçıvanı açıq tipli həbs düşərgəsi modelindən çıxarmaq, qapalı-qadağanlı məkan olmaqdan uzaq tutmaq lazım. Burada həm medianın, həm QHT-lərin, həm də siyasi partiyaların fəaliyyətinə imkan yaratmaq vacibdir. Orada yerli təşkilatı olan siyasi partiyaları  qərargahla təmin etmək məqsədəuyğun olardı. Bir dövlətdə bundan sonra iki fərqli qayda-qanun işləyə bilməz.

Orada görülən işlər, aparılan dəyişikliklər barədə hökumət tərəfindən Milli Məclisə ayrıca bir iclasda məlumat verilməsi də faydalı olardı. Digər tərəfdən, Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazasını gücləndirmək, burada səviyyəli təhsil mühiti yaratmaq lazımdır. Sosiallaşma və mədəni mühit olan yerə insanlar daha çox üz tuturlar. Sahibkarlara aşağı faizlə kredit verilməli və maksimum vergi güzəştləri edilməlidir ki, bölgənin inkişafı üçün daha ciddi fədakarlıqlar etsinlər.
Obyektləri zorakılıqla əlindən alınmış vətəndaşlara hansısa formada kompensasiya verilməlidir ki, yenidən iş həyatına dönüş edə bilsinlər. Bu arada təyyarə biletinin qiyməti də yarıya qədər endirilməlidir. Zəngəzur dəhlizi açılandan sonra bilet qiymətini nə qədər istərsəniz qaldırarsınız. Hələ ki, alternativ nəqliyyat vasitəsi yoxdursa, bunun bədəlini əksəriyyəti yoxsul olan Naxçıvan camaatına ödətmək nə dərəcədə ədalətli sayıla bilər?
Bir sözlə, Naxçıvanın dirçəlişi üçün ayrıca dövlət proqramı hazılansa və gerçəkləşdirilsə, Zəngəzur dəhlizi açıldığında strateji planların icrası da daha sürətlə baş tutacaq. Necə deyərlər, artıq Naxçıvanın nə xanı var, nə sultanı var, bircə əzəmətli Azərbaycanı var!
Fazil MUSTAFA,
millət vəkili

araz.az xəbər portalı.