“Cəmiyyətin yuxarı yaş qrupuna aid olanların evlənməsini qınaması daha böyük problemdir, nəinki yaşlıların ailə qurmaq istəməsi. Əvvəl baxaq ki, bizim cəmiyyət üçün evlilik nədir? Biz evliliyi yalnız cinsəllik və nəsil artırmadan ibarət görürüksə, əlbəttə ki, 50 yaşdan sonra evlənənlərin evliliyinə çox qəribə baxar və onları anlamarıq…”
araz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a psixoloq Əfsanə Rüstəmova deyib.
Bu gün telekanallara ömrünün ikinci baharını yaşamaq istəyən, ailə хoşbəхtliyi pozulan, həyat yoldaşlarını itirən şəхslərin müraciət edərək ailə qurmaq istəməsini qınayanlar barədə danışan psixoloq qeyd edib ki, cəmiyyətin evlilik anlayışı cinsəllikdən ibarət olduğu üçün onlar məsələyə bu cür sərt reaksiyalar verirlər:
“Ailə qurmaq istəyən bu yaş qrupunun əksəriyyətində nəsilartırma və cinsəllik kimi funksiya olmur. Əgər evliliyə yüklədiyimiz məna “qulaq yoldaşı”, pis-yaxşı günündə yanında olmaq, həyatlarını bir-biri ilə bölüşmək, öz əksikliklərini bir-biri ilə tamamlamaqdırsa, biz yaşlıların da sevib-sevilmək, evlənmək istəməsini özlüyümüzdə anlayarıq. Deməli, burada məsələ qarşı tərəfin evlənmək istəməsi yox, bizim evliliyə baxışımızın başqa cür – “çirkli” olmasından qaynaqlanır. Bu bizim mental, coğrafi, mədəni yaşantımızdan irəli gəlir. İnsanlar bu cəmiyyətdə böyüdüyü üçün onların şüurunun alt qatında bunlar yatır. Amma bizlər cəmiyyət olaraq dəyişməliyik. Bu cür cəsarət göstərənləri alqışlamaqdan və dəstəkləməkdən başqa əlimizdən bir şey gəlməməlidir”.
Ə.Rüstəmova bildirib ki, bəzən yaşlı şəxslərlə ailə quranların niyyəti heç də saf olmur:
“Lakin heç də demək olmaz ki, 50-60 yaşında evlənənlər hamısı qarşı tərəfə “qulaq yoldaşı”, dayaq olmaq üçün evlənirlər, xeyr. Onlar arasında əxlaqsız fikirlərdən yola çıxanlar da var. Yaşlı şəxslə evlənib onun mülklərindən pay almaq, soyadından istifadə etmək, ailəsinin içinə daxil olmaq, pensiyasını ələ keçirmək kimi çirkli niyyətləri olanlar da az deyil. Bundansa heç kim sığortalanmayıb, ölüm ani olan bir şeydir və kim üçün nə vaxt gələcəyi bəlli deyil. Qarşı tərəflə “ticari” münasibət quranlar istədiklərini əldə edəcəklərinə dair sığortalanmırlar. Bu hesab-kitabı edilən evlilik seçimi olmamalıdır.
Bizim valideynlərimiz bizə nəzərən daha erkən yaşda ailə qurub övlad sahibi olublar. Onların nəvələrinin olması artıq ömürlərini başa vurublar demək deyil, çünki yaşları o qədər də çox deyil. Buna görə onların “ikinci bahar” yaşaması bizə bu qədər qəribə gəlməməlidir. Evliliyi yalnız cinsəllik olaraq görən topluma bunu izah etmək bir az çətin məsələdir. Biz yaş artıqda, həyatın hər üzünü gördükdən sonra edilən evliliklərin daha uğurlu olduğunu anlamalıyıq.
Burada orta yaşlıların təkbaşına və baxımsız qocalması da aktualdır. Belə olan zaman qarşı tərəfi baxıcı, bir növ köməkçi kimi də görmək olar. Amma hər bir halda, həyatlarını bir-birləri ilə birləşdirmək istəyən, “ikinci bahar”ını yaşayan insanlara şans diləmək bizim borcumuzdur. Amma yaxşı olar ki, evlənmək istəyənlərin əvvəlcə psixoloji durumu yoxlanılsın. Bu ilk evliliyini edənlərə də aiddir. Çünki evlilik insanın həyatının bütününə təsir edən azsaylı qərarlardan biridir. Buna nə qədər seçici və həssas yanaşsaq, o qədər az acı çəkərik.
Bundan əlavə, biz bu addımı atanlara qarşı yazdığımız rəylərdə diqqətli olmalıyıq. Çünki həmin neqativ rəyləri oxuyan ikinci evliliyini yaşayan, yaxud yaşamaq istəyən şəxslərə bu, çox pis təsir edə bilər. Məsələyə müsbət motivlər əsasında yanaşmalıyıq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.