ERDOGAN55 1

Fevralın 6-da baş verən zəlzələlərin Türkiyəni sarsıtdığı bir vaxtda ölkədə 2023-cü il üçün planlaşdırılan seçkilərin tarixi ilə bağlı müzakirələr qızışır. Türkiyə müxalifəti seçkilərin elan olunduğu vaxtda keçirilməsini tələb edir, hakimiyyət isə seçkilərin tarixi ilə bağlı dəqiq fikir söyləmir. Hətta Ərdoğana yaxın bəzi şəxslər seçkilərin təxirə salınmasının mümkünlüyünü də dilə gətirirlər.

araz.az xəbər verir ki, ABŞ-ın “Bloomberg” media orqanına danışan və Ərdoğana yaxın olduğu bildirilən mənbələr seçki ilə bağlı diqqətçəkən iddialar irəli sürüblər.

Seçkilərin təxirə salınacağı ilə bağlı rəsmi açıqlama olmasa da, “Bloomberg” “Zəlzələlərə baxmayaraq Ərdoğan istədiyi seçki tarixində israr edir”,- başlıqlı xəbərdə prezident Ərdoğan və komandası arasında seçkinin təxirə salınması ilə bağlı görüş keçirildiyini bildirib.

Xəbərlərdə seçki tarixləri ilə bağlı danışıqların detalları da diqqətə çatdırılıb.

“Prezident Ərdoğan iki ölümcül zəlzələdən sonra daha əvvəl elan etdiyi seçki cədvəlinə uyğun olaraq yenidənqurma işlərini gücləndirməyi planlaşdırır”, – deyə məlumatda bildirilir.

Danışıqlardan xəbəri olanların fikrincə, Ərdoğan və AKP-nin yüksək səviyyəli rəsmiləri keçən həftə zəlzələdən sonra seçkinin təxirə salınmasının müsbət və mənfi tərəflərini müzakirə etmək üçün görüşüblər.

Xəbərdə ilk seçki tarixinə 18 iyuna qayıtmağın da müzakirə mövzusu olduğu bildirilir.

“Bloomberg”in xəbərinə görə, 42 mindən çox insanın öldüyü zəlzələ bölgəsində 8 milyon qeydə alınmış seçici var və bu da ümumi seçicilərin 14 faizinə yaxın rəqəmdir.

Rəsmi məlumatda 2 milyon seçicinin bölgəni tərk etdiyi də diqqətə çatdırılır. Səsvermənin necə keçiriləcəyinə isə Ali Seçki Şurasının qərar verəcəyi gözlənilir.

ABŞ mediası yazır ki, belə bir vəziyyətdə son 20 ilin ən çətin seçkisi ilə üzləşməsi Ərdoğana başağrısı verir. Tənqidlər əsasən zəlzələ bölgəsinə edilən yardımın sürəti və binaların zəifliyi ilə birbaşa bağlıdır.

“Bloomberg”dəki xəbərlərdə mənbələr seçkinin təxirə salınmasının hökumətə böhranı prioritetləşdirməyə və səyləri yenidən qurmağa imkan verdiyini, seçkilərin elan edilən tarixdə keçirilməsinin isə güc nümayişi mənasına gəldiyi vurğulanır.

Digər tərəfdən, seçkilər təxirə salınarsa, son 20 ilin ən böyük iqtisadi böhranının daha da pisləşəcəyi bildirilir.

Xəbərdə Türkiyə müxalifətin iyunun 18-də seçkilərin keçirilməsində israrlı olduğu vurğulanır və əlavə edilir: “Prezident bundan əvvəl seçki kampaniyasına martın 19-da başlayacağına və səsvermənin mayın ortalarında keçiriləcəyinə işarə vurmuşdu. Bunu etməsə, seçkilər iyunun 18-də keçirilə bilər”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.