Fevralın 20-də Türkiyədə baş verən zəlzələdə 6 nəfər ölüb, 294 nəfər yaralanıb.
İki böyük qırılmadan sonra belə güclü zəlzələlərin meydana gəlməsi böyük təşviş yaradıb. Hətta bunun təbii olmadığına inananlar da var.
Bəs belə güclü afterşokların yaranmasına səbəb nədir? Cənubi Qafqaz bölgəsi, xüsusilə Azərbaycanda güclü zəlzələlər gözlənilirmi?
araz.az bildirir ki, bölgənin zəlzələ xəritəsini Globalinfo.az-a şərh edən Türkiyənin Kocaeli Universitetinin Geofizika Mühəndisliyi fakültəsinin professoru Bülent Oruç bu zəlzələnin əvvəlkilərlə əlaqəli olmadığını bildirib:
“6,4 baldan sonra ola biləcək ən güclü afterşok 5,8 ballıq idi ki, dünən hər ikisi yaşandı. Sonra nisbətən daha aşağı ballı afterşoklar oldu. Nəticədə faylarda qalan enerji də boşaldı.
Düşünürəm ki, dünən meydana gələn 6,4 ballıq zəlzələ ən güclü afterşok idi. Bundan sonra maksimum 4-5 bal gücündə afterşoklar müşahidə edəcəyik. Amma bunların nə zaman bitəcəyi haqqında dəqiq məlumat vermək mümkün deyil”.
B.Oruç Cənubi Qafqaz bölgəsindən tektonik fay xəttinin keçdiyini qeyd edərək, ehtimal dağıdıcı fəlakətin Azərbaycana təsirlərini dəyərləndirib:
“Cənubi Qafqaz da enerjinin sıxışdığı, tektonik fayların keçdiyi bir bölgədir. Xüsusilə şimal-şərqi Anadolu fay xətti bu bölgəyə kimi uzanır. Azərbaycan böyük zəlzələ təhlükəsi olan bir ölkə deyil, amma yerləşdiyi coğrafi mövqeyinə görə burada da zəlzələlərin meydana gəlməsi təbiidir. Bizdəki kimi güclü fay xəttinin Azərbaycan ərazisindən keçmədiyini deyə bilərəm. Əgər gələcəkdə şimal-şərqi Anadolu fay xəttinin təsirilə Cənubi Qafqazda 7 baldan yuxarı zəlzələ meydana gələrsə, yayılan dalğalar nəticəsində Azərbaycana da dağıdıcı təsiri ola bilər. Ölkədə çürük, dayanıqlılığı kifayət qədər yaxşı olmayan binalar bu baxımdan dağılma təhlükəsi ilə üzləşə bilər. Ona görə də inşa edilən daşınmaz əmlakın təbii fəlakətlərə davamlılığı mütləq şəkildə yoxlanılmalıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.