Rusiyanın Ukraynaya təcavüzünün ilk ildönümü ərəfəsində, prezident Vladimir Putinin açıqlaması təxmin edilən ehtimalı — beynəlxalq vəziyyətin və ən əsası, Rusiya — Qərb qarşıdurmasının daha da dərinləşəcəyini göstərir. Kremlin Beynəlxalq “Strateji hücum silahlarının ixtisarı” Müqaviləsindən çıxmasını elan etməsi, ilk növbədə, Qərblə mümkün hərbi toqquşması ehtimalını artırır. Gözlənilən qarşıdurmanın qırmızı xətti isə, qeyri-müəyyəndir. Son xəbərə əsasən, Rusiya Federasiyasının Avropa ölkələrinin suverenliyini tanıyan qanundan imtina etməsi, ardınca isə, qitələrarası strateji nüvə başlıqlarını daşıyan “Sarmat” raketlərinin sınağını keçirməsi, heç şübhəsiz, digər şərtləri nəzərə almaqla, Üçüncü Dünya Müharibəsi ehtimalını gücləndirir.

Sözsüz ki, Rusiya — Qərb qarşıdurması, özünü, təkcə Ukrayna cəbhəsində deyil, digər bütün istiqamətlərdə də göstərəcək. Bu baxımdan, Cənubi Qafqazda siyasi və hərbi vəziyyətin daha da gərginləşməsi qaçılmazdır. Nəzərə alsaq ki, Avropa İttifaqı mülki müşahidəçilər adıyla olsa da, Ermənistanda mövqe tutur və Rusiya açıq-aşkar və konkret olaraq, öz kəskin mövqeyi və xəbərdarlığı ilə, bunun əleyhinə çıxış edir, bu halda, Ermənistan və Azərbaycan arasında mümkün Sülh Müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası məsələsinin çətinləşməsi bir yana, hətta bu, iki düşmən ölkə arasında növbəti müharibəni qaçılmaz hala çatdırır.

Ermənistanla Azərbaycan arasında növbəti müharibədə Rusiya da maraqlı görünür. Əlbəttə, Ermənistanda Paşinyan hakimiyyətinin aydın şəkildə qərbyönümlü siyasət yeritməsi, rəsmi İrəvanın anti-Rusiya siyasəti, rus ordusunun Ermənistandan çıxarılması tələbi ilə keçirilən çoxsaylı mitinqlər onu deməyə əsas verir ki, Rusiya Paşinyan hakimiyyətini devirmək, vəziyyəti Azərbaycanla müharibə həddinə çatdırmaq üçün, əməli hərəkət edəcək. Elə, Rusiyanın yaxın günlərdə qəfildən Ermənistanda hərbi təlimlər keçirəcəyi məlumatı bir-neçə məqsəd və eləcə də, siyasi mesaj xarakterlidir. İlk növbədə, Rusiya Qərbə xəbərdarlıq edir ki, Ermənistandan heç cür imtina edən deyil. Bu, xüsusən də, Rusiyanın Ermənistanda hərbi təlimlər keçirməsi, Avropa İttifaqının bu ölkəyə maddi yardımlarının miqdarını artırması fonunda daha ünvanlı görünür. Ancaq həmin hərbi təlimlər, qeyd etdiyim kimi, Rusiya üçün, həm də region ölkələrinə, o cümlədən, Azərbaycana qarşı bir təzyiq məqsədi daşıyır.

ABŞ dövlət katibi Entoni Blinkenin bir-neçə gün öncəki açıqlaması da, təbii ki, Moskvanı qıcıqlandırmaya bilməz. Bolqarıstanın enerji təhlükəsizliyinin və təchizatının, bundan sonra, 100 faiz Azərbaycan və ABŞ tərəfindən təmin ediləcəyi haqda məlumatdan dərhal sonra, Rusiyanın Ermənistanda qəfil hərbi təlim keçirəcəyi xəbəri, çox ehtimal ki, bir-biriylə əlaqəli prosesdir.

Baş verən bu reallıqlar fonunda, Ruben Vardanyanın Moskvadan Xankəndinə qaytarılması, ehtiyat planının startı kimi, regionda vəziyyətin yeni axara yönəldilməsinə ciddi cəhdlərin olacağına şübhə yeri qoymur. Elə, Ermənistan tərəfindən atəşkəsin pozulması da, gizli çox ciddi planların işə düşməsinə sübutdur. Heç şübhəsiz ki, regionda baş verəcək yeni konfrontasiya Rusiyanın istəyi ilə mümkündür. Elə, bu xoşagəlməz amil, üstəlik, son günlər dərinləşən Rusiya — Qərb qarşıdurması, Cənubi Qafqazda, daha dəqiq desək, Ermənistan və Azərbaycan arasında yeni böyük müharibə ehtimalını yavaş-yavaş reallığa çevirir.

Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, AJB və AYB-nin, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ qazisi.

araz.az xəbər portalı.