“Arpaçay” Karate Klubunun rəhbəri, Azərbaycanın Əməkdar məşqçisi Yavər Hüseynovun adı ölkənin idman ictimaiyyətinə yaxşı tanışdır. Məşqçi kimi çalışdığı 30 ilə yaxın müddətdə idmanın gənclər arasında populyarlaşmasına gərgin əmək sərf edib, minlərlə idmançı yetişdirib, onların sırasında beynəlxalq yarışların qalibləri, 10-a yaxın Avropa və dünya çempionları var.
Yavər Hüseynov bu sahədə fəaliyyətə ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda başlayıb. Gənc yaşlarında adıçəkilən rayonda Şəhid Rövşən Abdullayev adına 1 nömrəli Karate-do Şotakan İdman Klubunu yaradıb, ona rəhbərlik edib. Amma bir müddət sonra onu doğulduğu Şərurda nəinki öz peşəsi ilə məşğul olmağa, ümumiyyətlə Naxçıvanda yaşamağa qoymayıblar. Çünki Muxtar Respublikada uzun illər at oynadan bədheybət Talıbovların ən qəddar nümayəndələrindən biri Məhərrəm Talıbov belə istəyib…
araz.az xəbər verir ki, Y.Hüseynov “AzPolitika.info”-ya Naxçıvanda üzləşdiyi təzyiqlər haqqında ətraflı danışıb. Bildirib ki, 1994-cü ildə Şərur rayon, 1 nömrəli Karate-do Şotokan məktəbini yaradıb və ona yetirmələrindən biri, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Rövşən Abdullayevin adını verib. Həmin ilin noyabrında Şərur Rayon İcra hakimiyyətinin o zamankı başçısı İsmayıl Əhmədovun sərəncamı ilə klubun yerləşdiyi bina Yavər Hüseynovun rəhbərlik etdiyi klubun balansına verilib.
Əməkdar məşqçi bildirir ki, idman klubu qısa müddətdə Şərurda şöhrət qazanıb: “Rayonun 72 kəndinin hamısından uşaqlar, gənclər bizim məktəbə gəlirdilər. Gün ərzində 200-dən artıq tələbəyə dərslər keçirdik. Onların arasında hazırda general rütbəsinə qədər yüksəlmiş rəhbər şəxslər, yüksək dövlət vəzifələrində çalışan məmurlar var. Bizə verilən 500 kvadrat metrlik bina təkcə zaldan ibarət deyildi, çayxana, kafe, mağaza və s. obyektlər də fəaliyyət göstərirdi. Biz Şərurun düz mərkəzində yerləşən bu kompleksi böyük maddi çətinliklər içində, sözün əsl mənasında dişimizlə, dırnağımızla ərsəyə gətirmişdik. Zəhmətimiz hədər getmədi, əldə etdiyimiz nəticələr qürurverici idi. Rayon gəncləri arasında idmanı, sağlam həyatı olduqca populyarlaşdırmışdıq. Bizim dərs keçdiyimiz gənclər istisnasız olaraq zərərli vərdişlərdən uzaq olan, vətənpərvər ruhda böyüyən uşaqlar, yeniyetmələr və gənclər idi. 1996-cı ilə qədər belə davam etdik…”
Məhərrəm Talıbov
Yavər Hüseynov bildirir ki, bir müddət sonra yerli icra hakimiyyətinin onlara təzyiqləri başlayıb: “1997-ci ilin noyabr ayında məni Şərur Rayon İcra Hakimiyyətinə dəvət etdilər. İcra başçısı Rəfail Rəsulov bildirdi ki, Muxtar Respublika rəhbərliyinin tapşırığına əsasən mənimlə görüşür. Dedi, belə məsləhət olunub ki, siz idman klubunu Boks Federasiyasına verməlisiz. Xatırladım ki, bu qurumun rəhbəri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov idi. Mən bildirdim ki, həmin federasiya ilə əməkdaşlıq edə bilərik, amma binanı onlara verə bilmərik. Bir müddət sonra təkrar çağırıb fikrimi soruşdular, qəti şəkildə imtina etdim. İcra başçısına dedim ki, biz böyük bir iş görürük, gənclərin sağlam, vətənpərvər ruhda yetişməsi üçün əlimizdən gələni edirik. Həmçinin klubumuz şəhidimizin adını daşıyır, onun ailəsini də mən himayəmizə götürmüşəm. Oradan əldə olunan gəlirlərin bir hissəsi mərhum Rövşən Abdullayevin ailəsinə verilir. Bu sözlərimə əhəmiyyət belə vermədilər. Şəhid ailəsinin müraciətinə də baxan olmadı”.
Əməkdar məşçqi vurğulayır ki, bundan sonra hüquq-mühafizə orqanları vasitəsi ilə təzyiqlər başlayıb: “Naxçıvanın keçmiş daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Mahir Əhmədov Şərur rayon Polis İdarəsində Cinayət-Axtarış Bölməsinin rəisi idi. Məni onun yanına çağırdılar. O da bildirdi ki, klubu qısa müddətdə təhvil verməliyəm, bu, yuxarıdan gələn göstərişdir, sözsüz yerinə yetirilməlidir. Get, yaxşı-yaxşı fikirləş, ola biləcəkləri götür-qoy elə. Mən Mahir Abdullayevə də gördüyümüz işlərdən bəhs etdim, şəhidin xatirəsinə qarşı sayğısızlığın yolverilməz olduğunu dedim. Elə bil sözlərim daşa-divara deyildi, heç bir nətciə olmadı, əksinə, günü-gündən təzyiqlər şiddətlənməyə başladı. Klubun çayxanasına polis əməkdaşları göndərdilər, qardaşımı polisə apardılar. İddia etdilər ki, guya orada qanunsuz işlərlə məşğul oluruq və s. Məcbur olub başqa dövlət qurumlarına şikayətlər ünvanladım, hamısından tək bir cavab verildi ki, bu yüksək səviyyədə verilən əmrdir, ona qarşı heç nə edə bilməzlər”.
Y.Hüseynovun sözlərinə görə, Naxçıvan rəhbərliyinin qanunsuz tələbinə qarşı 1 il mübarizə aparıb. Binanın özəlləşdirilməsi üçün də o dövrdə kifayət qədər böyük vəsit sayılan 10 min manat pul da ödəyib. Amma Naxçıvan rəhbərliyi özəlləşməyə imkan verməyib: “Məni sonuncu dəfə polisə çağırıb binanın açarlarını verməyi tələb etdilər. Mahir Əhmədov dedi, əks təqdirdə, oradan narkotik və silah çıxacaq. Dedi, 6 qardaşsız, sabah gəlib görəcəksiz 6 ədəd silah var, özünüz də dövlət çevrilişində ittiham olunacaqsız. Bundan sonra ailə üzvlərimlə məsləhətləşib, sənədləri də götürüb Naxçıvanı tərk etməyə məcbur oldum”.
Y.Hüseynovun idman klubunun yerində tikilən bazar
Həmsöhbətimiz bildirir ki, sözügedən bina onlardan alınıb Boks Federasiyasına verilib: “Əlbəttə, Məhərrəm Talıbovun məqsədi Şərurda boksu inkişaf etdirmək-filan deyildi. Cəmi bir il sonra binanı söküb orada bazar tikdirdilər, bu günə qədər də fəaliyyətdədir. Mən isə 1998-ci ildən Bakıdayam, əvvəl burada mübarizəni davam etdirdim, müxtəlif qurumlara məktublar yazdım, amma nəticə olmadı, bildirildi ki, Naxçıvan rəhbərliyinə qarşı heç nə edə bilməzlər”.
Y.Hüseynov 17 il kirayələrdə qalıb, olmazın əziyyətləri çəkib, amma öz peşəsini atmayıb. 9 il əvvəl təsis etdiyi “Arpaçay” Karate Klubunun yüzlərlə yetirməsi mötəbər idman yarışlarında Azərbaycanın bayrağını yüksəkliklərə qaldırıb.
Əməkdar məşqçi bildirir ki, o da bütün sakinlər kimi Naxçıvanda baş verən dəyişiklikləri sevinclə, ümidlə qarşılayıb: “Ötən illərdə Muxtar Respublikada minlərlə insanın haqqı, hüququ pozulub, keçmiş rəhbərliyin təzyiqi, zorbası ilə əmlakı əlindən alınıb. Vətəndaşlar olmazın zülmünü yaşayıb, doğma yurd-yuvalarından didərgin düşüb. Bilirik ki, hazırkı rəhbərlik vətəndaşların şikayətlərini qəbul edir, dinləyir, araşdırır. Mənim də istəyim odur ki, 28 il əvvəl pozulan hüquqlarımız bərpa olunsun, biz də haqqımız olana çataq. Mən ümid edirəm ki, aidiyyatı dövlət qurumları bu müraciətimi araşdıracaqlar”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.