Daxili İşlər Nazirliyi qeydiyyatsız yaşayan vətəndaşların evlərdə cərimə edilməsi ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.
araz.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev oxu.az-a açıqlamasında vətəndaşın daimi qeydiyyatı varsa, dərhal olduğu yer üzrə qeydiyyata alındığını bildirib:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra yeddi gün ərzində ərazi üzrə polis orqanına məlumat verməklə olduğu yer üzrə qeydiyyata düşməlidir”.
O, qeyd edib ki, qanunun tələblərinə riayət etməyən vətəndaşlar məsuliyyət daşıyırlar:
“Əgər vətəndaş cərimə tətbiq olunduqdan sonra qeydiyyatsız yaşamağa davam edirsə, bu, təkrar məsuliyyət yaradır.
Əhali olduğu yer üzrə qeydiyyata düşən zaman müvəqqəti yaşadığı evin çıxarışı tələb edilmir”.
Qeyd edək ki, bir müddət əvvəl DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınmasının ilk növbədə həmin şəxslərin özləri üçün çox vacib bir hüquqi prosedur olduğunu bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.