“Avropa Məhkəməsinin son qərarları yaxın günlərdə bölgəyə diqqəti daha da artıracaq”.
araz.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.
Politoloq xatırladıb ki, 44 günlük müharibədən sonra imzalanan 10 noyabr Bəyanatı ilə Qarabağ Rusiya sülhməramlıları tərəfindən qorunan torpaqlara çevrildi:
“Beynəlxalq hüquq normalarına və Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən, Qarabağın Azərbaycanın ərazi bütövlüyünə daxil olmasına baxmayaraq, Ermənistan bu torpaqları 30 il işğal altında saxladı. 44 günlük savaşdan sonra işğal olunmuş 7 rayon azad edildi, lakin Qarabağla bağlı vəziyyət fərqli oldu. Sülhməramlılar Ermənistan-Azərbaycan sərhədində yerləşməli olduğu halda, onların Qarabağda yerləşdirilməsi Rusiyanın regionla bağlı niyyətlərini açıq şəkildə nümayiş etdirir. Xüsusilə 10 noyabr razılaşmasında Xankəndi ilə İrəvanı bir-birinə bağlayan Laçın dəhlizinin açıq olması Rusiyanın atəşkəsi pozmaqla bölgədə uzun müddət qalmaq və bura nəzarət etmək niyyətinin olduğunu ortaya çıxarıb. Azərbaycan Ermənistanla dəhliz məsələsini həll etməyə çalışarkən Ermənistan Qarabağ məsələsinin onların öz məsələsi olmadığını iddia edərək regionda Rusiya və Azərbaycanı qarşı-qarşıya qoyub.
Martın 1-də deputat Ramin Məmmədov Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Danışıqların hansı nəticə verəcəyi hər kəsi düşündürür. Bu arada Qarabağla bağlı beynəlxalq sistemdə status müzakirələri başlayıb. Başda Almaniya kansleri Olaf Şolts olmaqla bir çox dövlətlər bu bölgəyə diqqətlərini yönəldiblər. Avropa Məhkəməsinin son qərarları yaxın günlərdə bölgəyə diqqəti daha da artıracaq. Rusiya bölgədə Donbas, Krım, Abxaziya, Osetiya modeli kimi bir model tətbiq edərək nəzarəti əlində saxlamaq istəyəcək. Avropa və Amerika isə vəziyyətdən istifadə edərək regionda mövcudluğunu davam etdirmək, Ermənistanı Rusiyadan ayırmaq üçün ciddi fəaliyyətə başlayıb. Qarabağdakı separatçıların təxribatlara əl atacağı istisna deyil. Bunun qarşısını almaq üçün təcili olaraq Türkiyə-Ermənistan-Azərbaycan sülh müqaviləsini imzalamaq, Azərbaycanla Ermənistan arasında olan problemləri həll etmək lazımdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.