Qərbi Azərbaycan icmasında TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

araz.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İcmanın İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qonaqları salamlayaraq onlara Qərbi azərbaycanlıların keşməkeşli tarixçələri, ötən əsr boyunca dörd dəfə deportasiya olunmaları, soyqırımlara uğraması barədə məlumat verib.

O, İcmanın məqsədləri və fəaliyyət istiqamətləri barədə də danışıb.

Ə.Ələkbərli TÜRKPA-nın təsis edilməsi barədə 2008-ci il İstanbul Sazişinin məqsədlərinə uyğun olaraq, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların hüquqları və onların mədəni irsi məsələsinin Assambleyanın gündəliyinə gətirilməsinin faydalı ola biləcəyini qeyd edib.

Daha sonra İcmanın Ağsaqqallar Şurasının və TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, millət vəkili Əhliman Əmiraslanov İcmanın TÜRKPA-nın fəaliyyət sahəsi üçün maraqlı olduğunu qeyd edib.

TÜRKPA-nın nümayəndə heyətinin üzvləri İcma ilə tanışlıqdan məmnun olduqlarını, yaşananların türk dünyası üçün ağrılı bir səhifə olmasını vurğulayaraq bu istiqamətdə Qərbi azərbaycanlılara mənəvi dəstək verəcəklərini bildiriblər.

Görüşdə TÜRKPA tərəfdən Türkiyədən olan deputatlar Recep Şeker, Ömer Fethi Gürer, Yüksel Özkan və Türkiyəli əməkdaş Nuri Ayvaz, Qazaxıstandan olan deputat Nurlan Bekenov, Qırğızıstandan olan deputatlar Marlen Mamataliyev, Tazabek İkramov, komissiyanın əməkdaşı, Qırğızıstandan olan Akıltay Bazarbayev, Qərbi Azərbaycan İcmasından Nəzarət- təftiş komissiyasının sədri Vahid Novruzov, İcmanın İdarə Heyəti sədrinin müavini – TÜRKPA-nın ilk Baş katibi olmuş Ramil Həsən, Qəyyumlar Şurasının sədri Mürvət Həsənli iştirak ediblər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.