Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlu “altılı masa”nın vahid namizədi seçildi. Akşener yenidən masaya qayıtdı. Bununla seçki kampaniyası faktiki olaraq başladı.

araz.az bildirir ki, bu mövzu ilə bağlı AzNews.az analitik-informasiya portalının suallarını siyasi analitik Aqşin Kərimov cavablandırır:

– Cənab Kərimov, necə düşünürsüz Kemal Kılıçdaroğlunun hazırkı hakimiyyət qarşısında şansı nə qədərdir?

– Düzü, Kemal Kılıçdaroğlunun liderlik qabiliyyəti onun seçkilərdəki əsas rəqibi olacaq Rəcəb Tayyib Ərdoğanın bacarıqlarının yanında çox sönük görünür. Bundan əvvəllər Ərdoğan bir neçə dəfə Kılıçdaroğlunun etdiyi primitiv səhvlərdən çox yapışıb, hətta Türkiyədə cənab Kılıçdaroğlunun çıxışlarda buraxdığı nöqsanlar barədə xeyli “qaflar” hazırlanır və o, lağ obyektinə çevrilir.
Ancaq bu dəfə Kılıçdaroğlu və onun komandası seçki prosesinə güclü hazırlaşacaqlar. Hətta xaricdə seçki texnoloqlarını da cəlb etməklə onun çıxışlarındakı nöqtələri, nidaları düzgün şəkildə qurmasına yardımçı olmağa çalışırlar.

Təkbaşına Kılıçdaroğlunun şansı Ərdoğan qarşısında zəifdir, buna görə də o, İYİ Partiya lideri Meral Akşenerin dəstəyinə əşhədü-ehtiyac duyurdu.

Hələlik seçki kampaniyası başlamayıb, ona görə də, şansların dəyərləndirilməsi barədə tələsik fikir bildirmək düz olmaz. Hərçənd ki, əvvəlki illərin təcrübəsindən çıxış etsək Kılıçdaroğlunun liderlik üçün lazım olan böyük istedada malik olmadığını söyləyə bilərik.

Türkiyə siyasəti böyük kütləyə xitab etməkdə qüsursuzluq göstərən liderlərə üstünlük verir, görək cənab Kılıçdaroğlu bu dəfə fərqli bir yön tuta biləcəkmi? Kılıçdaroğlu üçün xeyli arqumentlər olacaq, məsələn, Türkiyədəki zəlzələnin acınacaqlı nəticələrinin Ərdoğan iqtidarı ilə səbəblərini qurmaq seçki çıxışlarında tezislərin əsasında dura bilər. Bu mənada Ərdoğan üçün çətinliklər də mövcuddur, lakin nəzərə alaq ki, Türkiyə lideri böyük bir məharətlə Kılıçdaroğlunun çıxışlarının məğzini yönləndirmək bacarıqlarına malikdir.

– Kılıçdaroğlunun, daha dəqiq desək, partiyasının Azərbaycana qarşı soyuq münasibət bəslədiyi məlumdur. Əgər seçkilərdə Kılıçdaroğlu qalib gələrsə, Azərbaycanla münasibətlərdə hansı dəyişikliklər baş verə bilər?

– İnanmıram ki, Türkiyədə hər hansı iqtidar dəyişikliyi rəsmi Ankaranın Azərbaycanla münasibətlərini baltalayan xarakterə malik olsun. Türkiyənin xarici siyasət konsepsiyasının müəllifi indiki Prezident Rəcəb Tayyib Ərdoğan deyil, o, sadəcə mövcud təməllər üzərində daha bərk sütunlar inşa etməyə çalışır. Türkiyə siyasətinin təməlini dağıtmaq heç bir iqtidara müyəssər olmayıb. Burada bizi düşündürə biləcək əsas məsələ Türkiyənin daxili sabitliyidir. Türkiyədəki seçki prosesləri və nəticələr ölkə daxilindəki sabitlik meyarlarına qarşı rol ala bilmək gücündədir. Türkiyədə qeyri-sabitlik isə Azərbaycan üçün də sınaqdır, çünki hər hansı qarışıqlıq Türkiyə dövlətinin xarici siyasətinə təsirsiz ötüşmür.
– Meral Akşenerin əvvəlcə “altılı masa”nı tərk etməsi sonra yenidən qayıtması nəyə hesablanmışdı? Ümumiyyətlə, bu hərəkətin xüsusi bir məqsədi var idimi?

– Burada incə bir dəqiqləşdirmə aparmaq zərurəti var. Akşener çıxışında “altılı masa”nı tək etdiyini deməmişdi, sadəcə Türkiyə mediası onun açıqlamalarını özünməxsus şəkildə interpretasiya etdi, Azərbaycan mətbuatı da həmin yozumu kortəbii şəkildə təqlid etdi.

Burasını da keçək, Akşener “altılı masa”nın fəaliyyətini sərt tənqid etməklə özünə növbəti iclasda diktələrini yeritmək üçün yol açdı. Akşener bilirdi ki, təkbaşına seçkiyə getmək ona fayda verməyəcək, ən yaxşı halda o, Məmləkət Partiyasının lideri Muharrem İnce ile ittifaq qura bilərdi.
Lakin Akşener yenə də “altılı masa”da möhkəm mövqeyə çıxmaq üçün gedişlərini davam etdirdi. Böyük ehtimal ki, Akşenerə “kölgə kabineti”ndə böyük, hətta dövlətin siyasətinin sinirlərinə toxuna biləcək bir vəzifə həvalə ediblər.

Bununla belə, hələ hər şey yeni başlayır, xanım Akşenerin seçki prosesində, kampaniya, təbliğat və təşviqat zamanı “altılı masa”nı “devirəcək” potensialı müşahidə edilməkdədir.

AKP Kılıçdaroğluna qarşı İnce-Akşener sövdələşmələrində maraqlıdır, yəqin ki, bu istiqamətdə xeyli enerji sərf ediləcək.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.