ILham Ismayil

araz.az xəbər verir ki, AzNews.az analitik-informasiya portalının suallarını DTX-nın təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl cavablandırır:

– Cənab İsmayıl, erməni mediasının yaydığı xəbərə görə, Xankəndidəki separatçı rejim erməniləri Rusiya sülhməramlı kontingentinin qərargahının qarşısına göndərir ki orada Volkovun əleyhinə aksiya keçirsinlər. Bu barədə nə deyə bilərsiniz?

– Separatçı rejim daha çox Rusiya tərəfindən idarə olunur, təlimatlandırılır. Vardanyan da onlardan biri idi. Arayik Arutunyan da o cərgədən kənar deyil. Sadəcə olaraq, Vardanyan “vəzifə”dən çıxarıldıqdan sonra Ermənistan iqtidar Rusiyaya qarşı debatlar təşkil edir, rəsmi Moskvanı günahkar tutur. Separatçı rejim də Rusiyaya qarşı İrəvanla koordinasiyalı hərəkətlər nümayiş etdirir. Avropa İttifaqı komissiyasının sərhəddə yerləşdirilməsi bir başlanğıcdır. Mənə elə gəlir ki, ölən insanların yaxınlarını təhrik etməklə, Moskvanı günahlandırmaqla Ermənistan Rusiyaya mesaj verir. Odur ki, bu addımlar separatçı rejim tərəfindən çox, çox güman ki, Ermənistanda planlaşdırılan aksiyadır. Çünki separatçılar bilir ki, onların orada rejim formasında qalmasının yeganə səbəbkarı Rusiya dövləti və hərbi kontingentidir. Sabah Volkovu dəyişsələr belə, heç nə dəyişəsi deyil. Rüstəm Muradov Moskvanın göstərişi nə idisə, onu yerinə yetirirdi. Volkov, ondan əvvəlkilər və sonrakılar əsas isim deyillər.

– Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan fransalı nümayəndə ilə görüşüb və Qarabağ məsələsini müzakirə edib. Qarabağ Azərbaycanın suveren torpaqlarıdır. Ümumiyyətlə, Qarabağda baş verən hadisələrin Ermənistana nə aidiyyəti var? Nəyə görə Ermənistan Xarici İşlər Nazirliyi və digər qurumları Azərbaycanın daxili işlərini başqa bir dövlətlə müzakirə etməlidir?

– Bu təkcə Təhlükəsizlk Şurasının katibi olan Armen Qriqoryan barəsində deyil, həm Paşinyanın, həm də Ararat Mirzoyanın fəaliyyətində açıq şəkildə görünür. Onlar görüşdükləri insanlarla söhbətdə Ermənistan-Azərbaycan münasibətlərini deyil, konkret olaraq Qarabağ məsələsini ön plana çəkirlər. Çox təəssüf ki, onların həmsöhbətləri də demirlər ki, siz öz ölkənizin ərazisindən danışmalısınız, Qarabağdan yox. Qarabağ Azərbaycan ərazisidir, orada baş verənlər Azərbaycanın daxili işidir. Onların həm də bir hədəfi var. O da Azərbaycanı beynəlxalq tənqid hədəfinə çevirmək. Çünki istər separatçı rejim, istər Ermənistan öz başları ilə, öz əlləri ilə nəsə etmək iqtidarında deyillər. Onların bir xətti var. Bu xətt yüz illərdir belə davam edir. Başqasının əli ilə özlərinin problemlərini həll edir, sonra həmin qüvvələrin alətinə çevrilirlər. Tarixən belə olublar: bir imperiyanı satıb, başqa bir imperiyanın himayəsi altına giriblər. Sualın son hissəsinə gəldikdə isə deməliyəm ki, Ermənistanla bu söhbəti etməyə maraqlı olanlar Qarabağ məsələsindən Azərbaycana, Türkiyəyə qarşı təzyiq vasitəsi kim istifadə edirlər.

– Xankəndi-Laçın şosesinə alternativ yoldan istifadə edən ermənilər Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribat törədib. Bu təxribatdan sonra Rusiya sülhməramlılarının həmin yol vasitəsilə erməniləri müşayiət etdiyi görüntülənib. Məgər RSK bu yola da məsuldur?

– “Həyat yolu” adlandırdıqları qanunsuz yolda artıq istənilən maşının hərəkəti bizim üçün təxribat elementidir. Biz bu hərəkəti dayandırmalı, hərəkət edənləri vurmalıyıq. Dünən Müdafiə Nazirliyinin yaydığı bəyanatda da xüsusi olaraq göstərilirdi ki, bu təxribatlar davam edir. Ona görə də ən qəti tədbirlər görüləcəkdir. Artıq hansı yükün aparılmasından asılı olmayaraq, məhz o istiqamətdə hərəkət edən maşınları vurmaq lazımdır. Düzdür, Rusiya sülhməramlılarına məxsus maşınları vursaq, xüsusi bir gərginlik yaranacaq, amma ermənilərə məxsus maşınları heç soruşmadan vurmaq lazımdır. Bilməlidirlər ki, “həyat yolu” ilə deyil, “ölüm yolu” ilə hərəkət edirlər,

– Seperatçı qalıqlarının lideri Araik Arutunyan bildirib ki, Azərbaycan onlara qəti şərt qoyub ki, ya inteqrasiya olunun, ya da sərt tədbirlər görüləcək. Yeni anti-terror əməliyyatları gözlənilirmi?

– Araik Arutunyan inteqrasiyanın tam əleyhinədir. Deyir ki, yeganə inteqrasiyamız Ermənistana ola bilər. Yəni Azərbaycanla reinteqrasiya etmək istəmir. Biz genişmiqyaslı anti-terror əməliyyatı keçirsək, qarşımıza təkcə Ermənistan Silahlı Qüvvələri deyil, Rusiya hərbçiləri də çıxacaq. Bu isə Rusiya ilə münasibətləri gərginləşdirə bilər. İndiki dövrdə bu Azərbaycana lazım deyil. Ona görə də biz “Qisas” əməliyyatları zamanı etdiyimiz kimi nöqtə əməliyyatları apara bilərik. Bir də anti-terror əməliyyatını keçirməkdənsə, Rusiya hərbi kontingentini xəbərdar edib, ilk növbədə sərhəd nəzarət-buraxılış məntəqəsini yaratmalıyıq. Rusiya xarici işlər naziri 10 noyabr bəyanatında bunun nəzərdə tutulmadığını desə də, bəyanatda belə bir şeyin olmamağı da nəzərdə tutulmayıb. Həmin sənəd Azərbaycan-Ermənistan münasibətlərinin bütün aspektlərini tam əhatə etmir ki, bu məsələ yoxdur deyək. Biz dəhlizdə ancaq təhlükəsizliyə cavabdehik. Anti-terror əməliyyatından, onun yaratdığı gərginliklərə qatlaşmaqdansa, ilk növbədə sərhəd nəzarət-buraxılış məntəqəsini yaratmalıyıq. Bu fikri Münhen təhlükəsizlik konfrasında dövlət başçısı da səsləndirib.

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

– Almaniyanın kansleri Şoltz Qarabağın öz müqəddəratını təyin etmək hüququ ilə bağlı açıqlama vermişdi. Bütün bunlar Qarabağda revanşizmi genişləndirmirmi?

– O, mətbuat konfrasında həmin sözü işlətmişdi, amma ona düzəlişlər oldu və Şoltzun o sözü çıxarıldı. Təkrar soruşulanda bu cür deyildi: “Biz Azərbaycan və Ermənistan ərazi bütövlüyünü dəstəkləyirik və məsələnin sülh yolu ilə həll edilməsini istəyirik”. Müqəddərat təyin etmə məsələsi çıxışdan geri çəkildi. Bu Şoltzun səhvi idi, bu səhvi onun komandası düzəltdi. Şoltzun dedikləri artıq mövcud deyil və ermənilər də bunu çox qəzəblə qarşılayıblar. Şoltz və onun kimiləri bəzən səhvən, bəzən bilərək, hətta Makron kimi xüsusi məqsədlərlə bu cür danışanların hamısı- separatçı rejimi körükləmək, münaqişəni uzatmaq, İrəvana zaman qazandırmaq və Cənubi Qafqazda Fransanın Rusiyanı əvəz etməsini istəyirlər.

– Sizin fikrinizcə, Xankəndi nə vaxt Azərbaycanın nəzarətinə keçəcək?

– Biz bilirik ki, 2025-ci ilin noyabrında Rusiya sülhməramlılarının müddəti bitir. Elə də çox vaxt qalmayıb. Biz hətta 2025-ci ilin may ayında bu barədə xəbərdar etməliyik. Amma bu o demək deyil ki, Rusiya gedən kimi bizimkilər ora daxil olacaq. Biz indidən Rusiya sülhməramlılarının orada olduğu müddətdə rəsmi mövqelərimizi ardıcıl deməli və yol xəritəsini göstərməliyik ki, Rusiya sülhməramlılarının indiki məsuliyyət zonasında öz dövlət nəzarətimizi bərpa etmək üçün hansı addımları atacağıq. Təbii ki, birinci erməni silahlı qüvvələri çıxarılmalıdır ki, orada təhlükəsizlik yaransın, ondan sonra bizim qaçqınlar yerləşdirilsin. Qaçqınlar yerləşdiriləndə paralel olaraq dövlət strukturları da girib Rusiya sülhməramlıları ilə birgə təhlükəsizliyi təmin etməlidirlər. Onlar getdikdən sonra isə biz artıq müstəqil şəkildə təhlükəsizliyi təmin edəcəyik. Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edib yaşayacaqlarsa, yaşayacaqlar, kim yaşamaq istəməsə, 2025-ci ilin noyabrına qədər getməyə vaxtları var. Başqa bir qüvvənin Rusiyanı əvəz etməsinə Azərbaycan icazə vermir, heç bir beynəlxalq mandatı qəbul etmir. Bu, birmənalıdır. Bu məsələ 2025-ci ildən sonraya qalmamalıdır. O vaxta qədər yol xəritəsi ortaya qoyulmalı, dediyim işlər addım-addım görülməlidir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.