Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə və onların sorğusuna cavab verilməməsinə görə cərimə tətbiq oluna bilər. Qanunda bu dəyişikliklərin nəzərdə tutulması birmənalı qarşılanmayıb. Sözsüz ki, mövcud dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr media nümayəndələri tərəfindən müsbət qarşılanıb. Amma bu mexanizmin icrası bir sıra suallar doğurur. Bəs görəsən bundan sonra ünvanladığımız sorğulara vaxtında cavab ala biləcəyikmi?
araz.az bildirir ki, mövzunu KONKRET.az-a şərh edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış jurnalist Elçin Mirzəbəyli bildirib ki, İnzibati Xətalar Məcəlləsinə (İXM) edilən dəyişikliklər ilk növbədə Media Haqqında Qanunun tələblərindən irəli gəlir: “Yəni istənilən hüquqi normativ akt qəbul olunanda orada yer alan yeni prinsiplər və istiqamətlərlə bağlı müvafiq qaydada İXM-ə və ya CM-ə, bütövlükdə digər qanunvericilik aktlarına dəyişikliklər edilir. Əslində Media haqqında Qanundan xəbəri olan hər kəs bu dəyişikliklərin ediləcəyini bilirdi. Mahiyyətcə yeni hadisə kimi qiymətləndirilməli deyil. Amma ümümilikdə mütərəqqi məqamlar var, çünki jurnalistlərin qarşılaşdığı ən böyük problemlərdən biri də onların sorğularına vaxtında cavab verilməməsi və işlərinə edilən kənar müdaxilələrdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda müvafiq cərmələrin tətbiq olunmasını müsbət tendensiya kimi xarakterizə etmək mümkündür. Bu da yaranan problemlərin hüquqi müstəvidə həll olunmasına zəmin yaradacaq. Çünki daha öncə mövcud problemlər ortaya çıxanda məsələnin hüquqi müstəvidə həlli zaman alırdı. Bu. həm jurnalistləri vaxt itkisinə məruz qoyurdu, həm də medianın fəaliyyətinə və nüfuzuna müəyyən qədər mən təsir göstərirdi”.
16
Elçin Mirzəbəyli qanunların qəbul olunmasını mühüm faktor kimi dəyərləndirib: “Bununla yanaşı sözügedən qanunların icrası olduqca böyük əhəmiyyət daşıyır. Qanunların icrası təkcə məhkəmələrin atacağı addımdan asılı deyil. Doğrudur, indiki şəraitdə məhkəmələrin üzərinə çox böyük məsuliyyət düşür. Digər tərəfdən məhkəmələrin mövcud problemlərə qarşınecə davranacağı mühüm faktordur. Burada müraciətlərə tez bir zamanda baxılması, süründürməçiliyə yol verilməməsi və icraya yönəldilməsi vacib şərtlərdən hesab olunur. Bu sahədə yaranacaq presedentlər çox güman ki, qanunlara edilən əlavə və dəyişikliklərin icrası baxımından əsas rol oynayır. Presedentlərin yaradılması prosesində media da aktiv iştirak etməlidir. Eyni zamanda media burada həm də ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Prosesdə bütövlükdə Azərbaycan mediasının və bu istiqamətdə fəaliyyət göstərən təşkilatların vahid mövqedən çıxış etməsi mühüm şərtdir. Yəni biz öz hüquqlarımızın qanunvericilik çərçivəsində təmin edilməsi üçün daha prinsipial mövqe sərgiləməliyik. Sorğularımıza cavab verilmədikdə, eləcə də fəaliyyətimizə maneə yaradıldıqda dərhal məhkəməyə müraciət etməli və problemin həllinə çalışmalıyıq. Əgər müvafiq qurumlar bu prosesin kütləvi xarakter alacağını başa düşsələr və fakt qarşısında qalsalar, o zaman qanunun tələblərini icra etmək məcburiyyətində qalacaqlar. Yəni bizim üçün əsas hədəf hansısa qurumun və ya təsisatın cərimələnməsi deyil, önəmli olan hüquqlarımıza dövlət tərəfindən verilən təminatın yerinə yetirilməsidir. Bu təminatın yerinə yetirilməsində isə həm media cameəsi, həm də sözügedən sahədə fəaliyyət göstərən ayrı-ayrı təsisatlar vahid mövqedən çıxış etməlidir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.