azersu bina

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin bir “Sutikinti” Müəssisəsi “ var.

Müəsisə “Azərsu” ASC-nin tələbatları və digər təşkilatlarla bağlanmış müqavilələr əsasında su və kanalizasiya qurğularının, mənzil və digər sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması işlərini yerinə yetirməklə məşğuldur. araz.az faktinfo.az-a istinadən xəbər verir ki, hər il dövlət tərəfindən, yəni “Azərsu” ASC tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi məqsədi ilə buraya milyonlarla manat vəsait ayrılır. Göründüyü kimi müəssisə “Azərsu” ASC-yə tabeli ixtisaslaşdırılmış bir qurum olaraq və su və kanalizasiya qurğularının təmiri və yenidən qurulması işləri üzrə Səhmdar Cəmiyyətin tələbatlarını yerinə yetirməlidir. Amma məlum olduğu kimi “Azərsu” ASC su və kanalizasiya qurğularının təmiri və yenidən qurulması işlərini həyata keçirmək üçün hər il tenderlər keçirir. Bu tenderlərin qaliblərii də Səhmdar Cəmiyyətin rəsmilərinə və ya oların yaxınlarına məxsus şirkətlər həyata keçirir. Yəni, “Sutikinti” Müəssisəsi birbaşa “Azərsu” ASC-nin sifarişlərini yerinə yetirdiyindən, buraya ayrılan vəsaitlər, tenderlərdə olduğu kimi açıqlanmır.

Bəs onda “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi nə kimi işlər görür? Bəri başdan xatırlatmaq istərdik ki, müəssisə heç də balaca deyil və əvvəllər “Sutikinti” Tresti kimi fəaliyyət göstərib. Kifayət qədər işçi qüvvəsi, texniki imkanları olan bir müəssisədir. Buna baxmayaraq “Azərsu” ASC-nin keçirdiyi irihəcmli layihələrin heç birində adı rəsmən keçmir. Yalnız məhəllə daxili su və kanalizasiya qurğularının təmiri işlərinə baxırlar. “Azərsu” ASC-nin rəhbərliyində olan dəyişiklikdən sonra burada nələr baş verir?

Qurum hazırda ya ləğv olunma, ya da başqa bir müəssisəyə birləşdirilməsi prosesindədir. Bizə verilən məlumatlara görə buna səbəb son bir ildir müəsisədə aparılan yoxlamalar olub. Bildirilir ki, müəssisədə külli miqdarda dövlət vəsaiti talan edilib. Hətta buna görə “Azərsu” ASC-nin əvvəlki sədri Qorxmaz Hüseynovun başı belə ağrıya bilər. Çünki, mənimsəmələrin  böyük əksəriyyəti məhz onun dövründə olduğu iddia edilir. Onun adamı kimi isə qohumu, müəsisənin birinci müavini vəzifəsini daşıyan Nurəli Cəbrayılovun adı hallanır.

Qeyd etdiyimiz kimi, hazırda “Sutikinti” Müəssisəsində vəziyyət heç də ürəkaçan deyil. Çox güman ki, bu yaxınlarda müəssisədə aparılan yoxlamaların nəticələri ictimaiyyətə açıqlanacaq. Ona qədər redaksiyamıza verilən bəzi yeni  məlumatları diqqətinizə çatdırmaq istərdik. Bir daha xatırladırıq ki, “Sutikinti” Müəssisəsi birbaşa “Azərsu” ASC-nin sifarişlərini yerinə yetirən bir qurumdur. Son illər Abşeron yarımadasında, Bakı şəhərinin ətraf qəsəbələrində mağistral su xəttlərinin yeniləri ilə əvəz olunması işləri birbaşa “Sutikinti” Müəssisəsinə həvalə edilib. Müəssisədə  Zabrat, Binəqədi, Buzovna qəsəbələrinə çəkilmiş su borularının yenilənməsi işlərində külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi aşkarlanıb. Belə ki, yeni su borularının çəkilişi zamanı qazılmış tranşeyə əvvəlcə qum tökülməli, boru onun üstünə qoyulduqdan sonra yenidən qum əlavə edilməlidir. Amma “Sutikinti” Müəssisəsinin rəhbərliyinin göstərişlərinə əsasən boruların üstü qumla deyil adi torpaqla örtülüb. Əvəzində isə bir kubu 30 manata hesablanmış qumun pulu mənimsənilib. Məlumat verənlərin sözlərinə görə “Şaqman” markalı yük avtomobillərinin hər reysinə 900 manat silinib. Araşdırılarsa əraziyə minlərlə maşın qumun daşındığı ortaya çıxar ki, bu da külli miqdarda dövlət vəsaitinin talanması deməkdir.

Bundan əlavə müəssisənin rəisi Natiq Mirzəyevin göstərişləri əsasında qəsəbələrdə yeni çəkilən su xətləri üçün ev sahiblərindən 50-100 manat yığılıb. Halbu ki, su xətti dövlət hesabına çəkilir. Burada talançılıq əməlləri bunlarla bitmir. Məlumat verənlərin sözlərinə görə müəsisənin bəzi mühəndisləri Bakı və ətraf qəsəbələrdəki köhnə su borularını çıxarıb satmaqla məşğuldurlar. Bunu görmək üçün Biləcəridə, DSK yolu deyilən ərazidəki metalloma baxmaq kifayət edər.

Göründüyü kimi “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsində talançılıq halları baş alıb gedir. Müəsisənin vəzifəli şəxsləri hazırda tikan üstündə oturmuş kimidirlər. Müəsisənin ləğvi, vəzifəlilərin həbsi hər an gözlənilir. Məlumatlara görə daha çox qorxu içində olan isə keçmiş sədr Qorxmaz Hüseynovun qaynı Nurəli Cəbrayılovdur. Müəssisənin rəisi Natiq Mirzəyevin “Sutikinti” Müəssisəsindəki talançılıqda rolu nə qədərdir, hələlik məlum deyil. Onun bu vəzifəyə nə vaxt və kimin tərəfindən təyin edildiyi də bilinmir. Azərsu” ASC sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənova sığındığı iddia olunur. Çox güman ki, “Sutikinti” Müəssisəsində aşkarlanmış talançılıq halları ondan da yan keçməyəcək.

araz.az xəbər portalı.