Ötən gün Gürcüstanın paytaxtı Tiflisdə parlament binasının ətrafında etiraz aksiyası keçirilib. Qanunverici orqanın girişinə toplanan vətəndaş cəmiyyəti nümayəndələri parlamentdə müzakirə edilən “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinə etiraz ediblər. Etiraz aksiyası zamanı 66 nəfər saxlanılıb. 
Aksiyaçılar “xarici agentlər” haqqında qanun layihəsinin “rus qanunu” olduğunu və onun Gürcüstanda söz və mətbuat azadlığını məhdudlaşdıracağını, ölkənin Avro-Atlantik inteqrasiyasını ləngidəcəyini bildiriblər. Qanun layihəsinə etiraz edənlər arasında Gürcüstanın QHT sektorunda fəaliyyət göstərən azərbaycanlılar da var.
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan ölkə parlamentini qanun layihəsini qəbul etməməyə çağıraraq, onun Gürcüstanın maraqlarına cavab vermədiyini bildirib.
Qeyd edək ki, fevralın 14-də “Xalqın gücü” ictimai hərəkatından olan deputatlar tərəfindən Gürcüstan parlamentinə təqdim edilmiş “Xarici təsirlərin şəffaflığı haqqında” qanuna əsasən illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar. ABŞ, Avropa İttifaqı, BMT və Gürcüstanın bir sıra beynəlxalq tərəfdaşları qanun layihəsini tənqid ediblər.

araz.az bildirir ki,Qaynarinfo-ya açıqlamasında Gürcüstanda baş verən etiraz aksiyasına toxunan gürcü politolooq Gia Xuxaşvilinin fikrincə, ölkə əhalisinin 85 faizi Tiflisin Avropa İttifaqına üzv olmasını istəyir:

“Hökumətin “xarici agentlər” haqqında qanun layihəsini parlamentdə birinci oxunuşda qəbul etməsi cəmiyyətdə böyük narazılığa səbəb olub. Aksiya ictimai narazılıqdır. Ona görə də ictimai təşkilatlar, QHT sektorunun nümayəndələri etiraz aksiyası təşkil ediblər. Qərb də hökuməti belə bir qanunu qəbul etməməyə çağırıb. Çünki onun qəbulu Tiflisin Avropa İttifaqına inteqrasiyasına ciddi əngəl olacaq. Buna baxmayaraq, görünən odur ki, hakimiyyət Moskvanın yolu ilə gedir. Halbuki rəy sorğularına əsasən əhalinin 85 faizi Aİ-yə qəbul olunmağın tərəfdarıdır.
Belə bir qanunun qəbulu iqtidar daxilində də fikir ayrılığı yaradıb. Belə ki, ölkə prezidenti Salome Zurabişvili qanunun qəbulunu yolverilməz hesab edərək, ictimai rəylə hesablaşmağın vacib olduğunu bildirib. O, həmçinin, sözügedən qanun layihəsinin qəbulunun Tiflis üçün büynəlxalq arenada problemlər yaradacağını deyir. Düşünürəm ki, etirazlara baxmayaraq, Qaribaşvili hökuməti bütün hallarda qanunun qəbuluna nail olacaq. Çünki onların geriyə yolu yoxdur. Bu isə ölkədə gərginliyi daha da artıracaq”.
Politoloq Natiq Miri isə qeyd edib ki, aksiyalarda məqsəd Qərbin Rusiyanı Gürcüstandan tamamilə sıxışdırıb çıxarmaq istəyidir:
“Son zamanlar Rusiya ciddi şəkildə Gürcüstanda aktivləşib. Rusiyayönümlü İvanişvili iqtidarı Moskvaya yönəlik müəyyən addımlar atırdı. Rusiyanın sanksiyalardan yayınması üçün də Tiflis bir sıra qanunsuz işlər görüb və bu kontekstdə milyardlar qazanılıb. Ona görə də Gürcüstanda ciddi etiraz aksiyaları başlayıb. Bu prosesin arxasında da Qərb dayanır. Onların məqsədi Rusiyanı Gürcüstandan tamamilə sıxışdırıb çıxarmaqdan ibarətdir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.