Ali Məhkəmənin sədri Ramin Rzayevin səlahiyyət müddəti başa çatıb. Qeyd edək ki, 70 yaşlı Ramiz Rzayev kollektivlə vida görüşünü keçirib.

Onu kimin əvəzləyəcəyi ilə bağlı qızğın müzakirələr aparılır. Bu posta təyin olunacaq şəxslər sırasında əsas adı çəkilən şəxs Ali Məhkəmə sədrinin birinci müavini Çingiz Əsgərovdur. Milli Məclis sədrinin 1-ci müavini, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr Əli Hüseynlinin də adı bu məsələdə çəkilir.

Bəs növbəti sədr kim olacaq? Ümumilikdə bu vəzifəyə kimin təyinatı uğurlu hesab edilər?

araz.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən hüquqşünas Əkrəm Həsənov sözügedən vəzifəyə bir neçə şəxsin namizəd göstərildiyini bildirib:

“Ramiz Rzayevin səlahiyyət müddəti bitib və o artıq Ali Məhkəməni tərk edib. Bu müddətin artırılması isə mövcud qanuna görə mümkün deyil. Çünki qanuna əsasən 68 yaş səlahiyyət müddəti üçün son həddir. Bildiyim qədər hazırda onun səlahiyyətlərini müavini Çingiz Əsgərov icra edir. Yəqin ki, namizədlərdən biri də elə odur. Əlbəttə, başqa namizədlər də var. Son zamanlar bu mövzuda Əli Hüseynlinin adı səsləndirilir. Hesab edirəm ki, adı çəkilən namizədlərin hər biri mövcud şəraitdə bu vəzifəyə uyğundur”.

Əli Hüseynli

Hüquqşünas təyinatda bəzi amillərin nəzərə alınmasının vacib olduğunu bildirib və yeni sədrdən gözləntiləri sadalayıb:

“İnkişaf etmiş, hüquq, məhkəmə sistemi daha təkmil olan ölkələrdə belə vəzifələrə hüquq elmi sahəsində tanınan adamlar təyin edilir. Həmin namizədlər həm məhkəmə sistemində çalışan, həm də ixtisası üzrə alim dərəcəsi almış şəxslər arasından seçilirlər. Çünki Konstitusiya Məhkəməsi, Ali Məhkəmənin qəbul etdiyi qərarlar sadəcə baxılan məhkəmə işləri ilə bağlı deyil, onlar qanuna və hüquqa bələddirlər. Yaxşı olardı ki, bizdə də seçim meyarları üçün bu amillər nəzərə alınsın. Sözügedən namizədlərin hər bir halda əvvəlki sədrdən daha yaxşı olacağını gözləyirik. Çünki onlar daha müasir, daha proqressiv insan kimi tanınıblar. Ölkəmizdə bu sahə üzrə alim adlandıra biləcəyimiz çox az sayda insan var. Doğrudur, elmlər doktoru statusu alan çox hüquqşünas var, amma onların əksəriyyətinin müdafiə etdiyi dissertasiyaların, müəllifi olduqları kitabların elmə aidiyyatı yoxdur. Hüquq sistemimizin əsas problemi də elə budur.

Yeni seçiləcək sədrdən isə ilk gözləntimiz fəaliyyətində şəffaflıqdır. Həmçinin qərarlara vahid yanaşma da çox vacibdir. Çünki eyni tipli işlərə fərqli şəkildə baxmaq doğru deyil”.

Elçin Sadıqov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan vəkil Elçin Sadıqov da Çingiz Əsgərovun sədr təyin olunacağı ehtimalının yüksək olduğunu bildirib:

“Ali Məhkəmənin sədri vəzifəsinə Əli Hüseynlinin də gətirilməsi müzakirə edilir. Amma Çingiz Əsgərovun təyinatı ehtimalı daha güclüdür. O əvvəllər məhkəmə sistemində çalışmayıb, daha sonra Ali Məhkəmənin sədr müavini təyin edilib. Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikası Nümayəndəliyinin rəhbəridir.

Ümumiyyətlə hesab edirəm ki, Ali Məhkəməyə sədrlik müddəti azaldılmalı, hətta 5 ildən də aşağı salınmalıdır. Sədr tez-tez dəyişməlidir ki, ölkədə yeni düşüncələr formalaşsın, hüquq sahəsində yeni nailiyyətlər əldə edilsin. Birmənalı şəkildə uzunmüddətli təyinatın əleyhinəyəm. Əks təqdirdə sədrin kim olmasından asılı olmayaraq biz bu sahədə inkişafa nail ola bilməyəcəyik. Hazırda Ali Məhkəmənin fəaliyyətində fərqli mövqelər nümayiş olunur. Bu da Plenumda şikayətlərin izahata qəbulunda problemlər yaradır. Nəticədə hüquq sistemində qeyri-müəyyənliyə gətirib çıxarır. İndiki mərhələdə mülki işlərdə yazılı izahatların keçirilməsi və digər məsələlər hüququn inkişafının qarşısını alır. Ümid edirəm ki, yeni təyin ediləcək sədr bu kimi məsələlərin qanunvericilikdən çıxarılıb şifahi şəkildə keçirilməsinə kömək edəcək”.

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.