Şıxəliyevin dedikləri yalandır. Bu, suda boğulanın saman çöpündən yapışmasına bənzəyir. Mən “Texnikabank”ın Yasamal filialının müavini çalışdığım dövrdə bir manat da olsun Amerikadan pul daxil olmayıb. Həmin dövrdə Eldar Mahmudovun pul qazanmaq hərisliyi nəticəsində saxta əməliyyatlarlarla Etibar Əliyev, mən və daha bir neçə nəfər həbs olundu”.

araz.az bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında bir neçə il əvvəl “Texnikabank İşi” üzrə həbs edilən və uzun müddət həbs həyatı yaşamış AXCP sədrinin qaynı Elnur Seyidov MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevin Bakı Apellyasiya Məhkəməsində onun haqqında dediklərinə münasibətində söyləyib.

Məhkəmə çıxışında Şıxəliyev bildirir ki, “Texnikabank”ın Yasamal filialında çalışan Elnur Seyidovun həbsinə səbəb ABŞ-dan Əli Kərimliyə çirkli pulların ötürülməsi faktı olub. Şıxəliyev iddia edib ki, bu fakt ölkə rəhbərliyinə məruzə edildikdən sonra həbslər başlayıb.

Elnur Seyidov isə bildirir ki, onun və Etibar Əliyevin həbsinin arxasında başqa niyyətlər olub: “Burada MTN-nin o zamanki cinayətkar dəstəsinin ayrı-ayrı adamları müflis eləmək niyyətləri vardı. Mən öz mənzilimi , avtomobilimi satıb banka depozit kimi qoymuşdum. Bacımın da bu filialda depoziti olub. Bu gün mən hələ də halal pullarımı ala bilmirəm. Həmin dövrdə mənimlə dostluq edən çoxsaylı iş adamlarını MTN-nə çağırıb, üst-üstə 2 milyona yaxın pullarını aldılar. Mən heç zaman siyasətlə maraqlanmamışam. Öz işlərimlə məşğul idim. O zaman Təhsin Ağayev, Vüsal Ələkbərov, Anti-Terror Mərkəzinin rəhbərliyi mənim azadlığım və həbs qoyulmuş pullarımın müqabilində bəzi şəxslərin əleyhinə ifadə vermək tələb etdilər. Amma tanımadığım, üzünü görmədiyim insanlara böhtan atmaq mənə yaraşmazdı. Beləcə, ömrünün bir neçə ilini aldılar. Bu gün etdiklərinin bədəlini ödəyirlər”.

Xatırladaq ki, “Texnikabank” ASC-nin Yasamal filialının müdir müavini olmuş Elnur Seyidov 2012-ci ilin martında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilib və 7,5 il müddətinə azadlıqdan məhrum edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.