Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı şok detallar üzə çıxıb.

araz.az xəbər verir ki, adının çəkilməsini istəməyən mənbənin Globalinfo.az-a verdiyi məlumata görə, Brilyant Nicat kimi tanınan kriminal avtoritet hücuma məruz qalıb.

Belə ki, killer Nicatı öldürmək istəyib, lakin güllələr hədəfdən yayınıb və oradakı təsadüfi adamlara dəyib. Brilyant Nicat isə ona açılan atəşdən yayına bilib. Hazırda onun hüquq mühafizə orqanlarının nəzarətində olduğu deyilir.

Sözügedən saytın əldə etdiyi məlumatda o da qeyd edilir ki, hadisənin baş verməsinə səbəb qan davasıdır. Belə ki, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.

Killerlər martın 10-da sifarişi icra etmək üçün Nicatın olduğu ünvana gəliblər. Gerisi isə ictimaiyyətə məlumdur.
Məlumat üçün bildirək ki, hər iki tərəf mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin klanının üzvlərindən olub. Onların arasındakı ədavətin kökü İstanbulda “Oazis” restoranının açılışında yaşanan insidentə gedib çıxır.

Globalinfo.az-a verilən məlumata görə, orada hər iki avtoritetin arasında narazılıq yaranıb. Onların bir-birinə silah çəkdiyi deyilir. Lakin həmin vaxt hadisə yerində olanlar insidentin böyüməsinə imkan verməyiblər.

Bundan sonra isə Nicat Eminin qardaşı Elnuru sifarişlə qətlə yetirib. Emin Naxçıvanskinin hazırda Fransada həbsdə olduğu deyilir.

Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.