etibareliyev

“Mən də anlamadım ki, hansı kriteriya ilə, üstünlüklə Oksana Rəsulova Naxçıvan Dövlət Universitetinə dəvət olunub? O, müəllimə, tələbəyə hansı bilgini verəcəkdi? Bunu universitet rəhbəri necə düşünüb? Necə olub bu qərara gəlib ki, Oksana Rəsulovanı dəvət etmək universitet üçün əhəmiyyətli olar? Universitet üçün əhəmiyyətli diskussiyalar, dialoqlar yaranırsa, bunlar universitetin tarixində qalır. Belə çıxır ki, bu adam mütləq bir nəfərlə görüş keçirməli imiş, heç kimi tapa bilməyiblər, Oksananı tapıblar. Yaxud onun sənətini o qədər aktual, vacib sənət hesab edirlər. Bu, həm də bir düşüncə, təfəkkür məsələsidir. Universitet rəhbərliyi universal düşüncəyə malik olmalıdır. Tədqiqat, tələbələrin təfəkkürünün, yaradıcılıq qabiliyyətinin inkişafı üçün addımlar atmalıdır. Keçirdiyi tədbirin müsbət tərəflərinin nədən ibarət olduğunu düşünməlidir. Sosial şəbəkələrdən oxudum. Belə görüş baş veribsə, bu, universitet rəhbərinin təfəkkürünün problemidir. Naxçıvandakı uzun müddət hökm sürən vəziyyəti bilirsiniz, qapalı şəraitdə olub. Niyə buradan Naxçıvana alimlər, incəsənət xadimləri, yazıçılar dəvət olunmur, Oksana dəvət olunur? Bu, rektora xas olmayan təfəkkürdür. Oksananın sənətinin universitetə heç bir aidiyyatı yoxdur. Universitetə o adamlar dəvət olunur ki, dünya görüşünün, peşəsinin universitetə aidiyyatı olsun. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində belə bir peşə varsa, həmin ixtisas tədris olunursa, ən yaxşı halda, Oksana həmin tələbələrlə söhbət edə bilər…”

araz.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev deyib.

Deputat bildirib ki, universitetlər müəyyən missiyaya malik olan təhsil müəssisələrdir: “Universitetlər tələbələrə bilik verməli, onları tədqiqatlara cəlb etməli, mədəniyyət mühitini özündə ehtiva etməlidir. Universitetlərə adətən tanınmış elm, incəsənət xadimləri, yazıçılar, şairlər, çox böyük təhsil və elm uğurları qazanmış istedadlı gənclər dəvət olunur, auditoriya qarşısında çıxış edir, suallara cavab verirlər. Tarixən universitetlərdə bu cür diskussiya mühiti yaranıb və davam edir”.

E.Əliyev Oksana Rəsulovanın NDU-ya dəvət olunmasına ironiya ilə yanaşanlara da münasibət bildirib: “Bəziləri ironiya edir. Niyə axund, molla variantını seçirlər ki? Məsələn, mütərəqqi dinşünaslar, ilahiyyatçılar var, onları dəvət edə bilərlər. “Din və təhsil”, “Qloballaşan dünyada dinin bəşəriyyətə verdiyi töhvələr” kimi mövzularda, əlbəttə, filosof ilahiyyatçıları dəvət etmək olar. Amma dindən danışan istənilən adamı da dəvət etmək olmaz. Bu da qeyri-mümkündür. Bütün hallarda, mən də tərəfdarı deyiləm. Hər halda universitet ciddi məkandır. Universitetlər ölkələrin kadr potensialını formalaşdırır. İnsan universitetdə tərbiyə olunur. Burada ciddi söhbətlər aparılmalıdır. Çox təəssüf ki, bəzi rektorlar bunu anlamırlar. Problem budur…”

araz.az xəbər portalı.

araz.az xəbər portalı.