etibareliyev5

“Nazirlər Kabinetinin ənənəvi illik hesabatı ilə tanış olmuşam, kifayət qədər əhatəlidir və ölkənin sosial-iqtisadi həyatının mənzərəsini görmək, prosesləri analiz etmək üçün məlumatlarla zəngindir”.

araz.az Azpolitika.info-ya istinadən xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı bildirib.

“Bütövlükdə yaxın dövrdə ali icra orqanlarının, eləcə də hökumətin hesabatlılığının yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməli olduğunu düşünürəm”, – o əlavə edib.

Deputat qeyd edib ki, “təkmilləşdirmə” dedikdə hesabatların yalnız aralıq nəticələr üzərində qurulmamasını nəzərdə tutur: “Aralıq nəticələr daha çox görülmüş işlərin təqdimatını əhatə edir. Lakin nəticəəsaslı hesabatlılıq atılan addımların cəmiyyətin real sosial-iqtisadi həyatında hansı keyfiyyət dəyişiklikləri baş verdiyini də görməyə imkan verir. Məsələn, hər il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat siyasətinin reallaşdırılmasına böyük həcmdə vəsait ayırılır.Hətta son illər bu vəsaitlərin büdcədə xüsusi çəkisinin artımı da müşahidə edilir. Lakin hökumətin sosial müdafiə siyasətinin keyfiyyət nəticələrini qiymətləndirmək üçün yalnız rəsmi statistikanda göstərilən yoxsulluq göstəricisi kifayət etmir”.

Etibar Əliyev sual edib ki, bəs bu siyasət ölkədə gəlir bölgüsündə vəziyyətin dəyişməsinə hansı təsiri göstərir.

Onun sözlərinə görə, bu mənzərəni görmək üçün rəsmi statistikanın etibarlı şəkildə hesablamalı olduğu Gini əmsalı kimi gəlir bərabərsizliyini əks etdirən göstəricilərə ehtiyac var: “Bu əmsalın nədən ibarət olduğunu iqtisadçı olmayanlar da bilirlər. Sadə riyaziyyatdır. Yaxud, əmək haqlarının və pensiyaların artımı ölkədə median əmək haqqının və median pensiyanın dinamikasını özünü necə əks etdirir? Düşünürəm ki, bizə təqdim olunan hesabatda bu cür keyfiyyət məlumatlarının olması da çox önəmlidir”.

Millət vəkili vurğulayıb ki, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər sənədinin və bu sənəd çərçivəsində hazırlanmış 2022-2026-cı illər üzrə Sosial –İqtisadi İnkişaf Strategiyasının da icrasına dair əsas nəticələri illik Hesabata daxil etmək məqsədəuyğun olardı.

“Nəzərə alaq ki, artıq 3 ilə yaxındır ictimai maliyyə islahatları çərçivəsində 3 pilot sektorda – təhsil, kənd təsərrüfatı və ekologiya sektorlarında büdcə xərcləmələrinin səmərəliyini artırmaq üçün nəticəəsaslı büdcə tərtibi prosesinə keçid başlayıb. Ən azından bu 3 pilot sektorda hökumətin fəaliyyətinə dair hesabatları da strateji planlarda əks olunan hədəf və keyfiyyət göstəriciləri əsasında tərtib etmək mümkündür”, – deputat vurğulayıb.

E.Əliyev hesab edir ki, əgər ölkədə ictimai maliyyə sistemində dəyişikliklər baş verirsə, bu özünü istisnasız olaraq bütün ali və yerli icra orqanlarının hesabatlılığının keyfiyyətində də əks etdirməlidir: “22 fevral 2023-cü il tarixdə Maliyyə Nazirliyinin təhsil sektorunda “Ortamüddətli xərclər çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda keçirdiyi geniş dinləməni yüksək qiymətləndirirəm”.

Millət vəkili çıxışında daha sonra hesabatda sənaye parkları və sənaye məhəllərinin fəaliyyətinin yekunları ilə bağlı geniş statistik göstəricilərin yer aldığını xatırladıb: “Bu məlumatları nəzərdən keçirəndə Nyu-York Universitetinin türk alimi Selcuq Şirinin “Ya edalet, ya sefalet” kitabından bir maraqlı fikri qeyd edirəm. “Türkiyə indiyə qədər baş vermiş 3 sənaye inqilablarını çox-çox arxadan təqib edib, ən azından hazırkı 4-cü sənaye inqilabına öndən başlamaq şansını qaçırmamalıdır”.

Bu fikir eyni dərəcədə bizə də aiddir. 3-cü sənaye inqilabının kondinsioner zavodu, ozon zavodu, soyuducular zavodu, kompüter zavodu, lampa zavodu necə oldu? Nəzərə almaq lazımdır ki, ölkəmizin başçısı prosesləri qabaqlayaraq İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb”.

Etibar Əliyev çıxışında dünyanın yüksək sürətlə 4-cü sənaye inqilabı yolunda addımladığını xatırladıb.

Deputat vurğulayıb ki, bizim sənaye parklarımız yalnız məhsul istehsal etmək xatirinə yaradılmamalıdır, aşağı və orta texnoloji mürəkkəblikdə məhsulların istehsalı üzrə ümumiyyətlə ixtisaslaşmamalıdır: “Hədəf yalnız orta yüksək və daha yüksək texnoloji, rəqabətqabiliyyətli sahələrdə ixtisalaşma olmalıdır. Bu, həm də ölkədə təhsil sisteminin sürətlə və köklü şəkildə dəyişdirilməsini, universitetlərlə sənaye arasında əməkdaşlığın formalaşdırılmasını, elmin kommersiyalaşdırılmasını, elmə çəkilən xərclərin əhəmiyyətli dərəcədə artırılması ilə yanaşı bu xərclərin səmərəliliyini ölçən keyfiyyətli sistemin qurulmasını tələb edir. Qaçılmaz situasya yaranıb. Bu prosesin qalibləri 4-cü sənaye inqilabının arxasınsa gedən toplumları texnoloji cəhətdən geridə qalmış periferiyalara çevricəklər”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.