İcra başçılarının fəaliyyəti hər zaman cəmiyyətin və medianın diqqət mərkəzində olur. Onların gördüyü işlər, vətəndaşlarla münasibəti, yerlərdən gələn şikayətlər əksər hallarda müzakirə mövzusuna çevrilir. Müşahidələr göstərir ki, bəzi başçılar xalqın arasında olub, vəzifəsinin öhdəsindən gəlməyə çalışsa da, bir çoxları ona həvalə olunan bölgəni kabinetdən çıxmadan idarə etməyə üstünlük verir. Nəticədə vətəndaşlar adını eşidib, üzünü görmədiyi məmurlardan narazı qalırlar.
Təəccüblü səslənsə də, bir çox vətəndaşlar yaşadıqları rayonun icra başçısının adını belə bilmirlər.
Bəs, sıravi vətəndaşlardan fərqli olaraq, tanınmış insanlar qeydiyyatda olduqları rayonun icra başçılarını tanıyırlarmı?
araz.az bildirir ki, Modern.az bununla bağlı tanınmışlar arasında sorğu keçirib.
Xalq artisti, xanəndə Gülyanaq Məmmədova yaşadığı rayonun icra başçısını tanımadığını deyib: “Yasamal rayonunda yaşayıram. Yasamal rayon İcra Hakimiyyətinin tədbirlərində olmamışam. Buna görə də icra başçısı ilə ünsiyyətimiz olmayıb. Hər kəsin başı öz işinə qarışıb. İcra başçısının da tədbirləri var. Mənim də başım işlərimə qarışıb. Lakin Yasamal Rayonunun İcra Hakimiyyətindən razıyam”.
Xalq artisti, aktyor Nurəddin Mehdixanlı isə yaşadığı rayonun icra başçısını tanıdığını bildirib: “Əlbəttə, tanıyıram. İcra başçımız Elşad Həsənovdur. Fəaliyyət sahələrimizin ayrı olmasına baxmayaraq, biz şəhid ailələri ilə bağlı tədbirlərdə görüşürük. O, tədbirlərdə iştirak edir. Teatrımızda tamaşalar olanda gəlib izləyir. Həm respublika, həm rayon miqyaslı tədbirlərdə aktiv iştirak edən icra başçısıdır. Onu sənət, mədəniyyət adamlarına, insanlara çox diqqətlə yanaşan insan kimi tanıyıram. Biz həmişə ondan hörmət, diqqət görmüşük. Tədbirlərdə də aktiv iştirak edib”.
Xalq artisti, kinorejissor Əbdül Mahmudov paytaxtın Yasamal rayonunda yaşadığını söyləyib.
“Mən bu rayonun nə bələdiyyəsini, nə də icra başçısını tanıyıram. Yasamal rayonunda yaşayıram. Mən həmişə demişəm və yenə də deyirəm ki, əgər hər şey Prezidentin sərəncamı ilə edilirsə, onda bələdiyyə nəyə lazımdır. Əgər bələdiyyə varsa, onda İcra Hakimiyyəti nəyə lazımdır”.
Politoloq Cümşüd Nuriyev qeydiyyatda olduğu Ağsu rayonunun icra başçısını mətbuatdan tanıdığını bildirib:
“İndiki icra başçısı Rövşən Bağırovu ancaq mətbuatdan tanıyıram. Şəxsən heç bir görüşümüz olmayıb. Çünki vəzifəyə gələndən sonra rayon ziyalıları ilə görüşməyib. Ümumiyyətlə, kim olduğu bilinmir. Bir onu bilirəm ki, Lerikdən bizə təyin olunanda leriklilər sevindilər və bizə başsağlığı verdilər. Deyəsən, lerikli qardaşlarımız haqlıdır. Rayonda hansısa bir yenilikdən söhbət getmir. Elə adamları vəzifəyə gətirib ki, onlar rayonda qeyri-adiliyi ilə yaxşı yox, pis mənada fərqlənir. Rayona baxmır, öz kefindədir. Rayonda istər abadlıq, istər bələdiyyələrlə, kənd təsərrüfatı ilə bağlı çox ciddi problemlər var. Amma bu adam öz işindədir. Eşitdiyimə görə ancaq yaxşı yeyib-içməyi bacarır. İndiyə qədər rayonda hansısa bir ağıllı tədbir keçirdiyini görməmişəm. Rayon üçün qeyri-adi adamdır”.
Yazıçı Seyran Səxavət yaşadığı rayonun icra başçısını tanımayanlar siyahısındadır. “Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayıram. İcra başçısını tanımıram, adını da bilmirəm”,- o deyib.
Təhsil üzrə mütəxəssis, professor Şahlar Əsgərov Kəlbəcərin icra başçısı Azər Qocayevi tanıdığını qeyd edib.
“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə qeydiyyatda olduğu rayonun icra başçısının fəaliyyətini müsbət qiymətləndirib:
“Mən Cəbrayıl rayonundanam. Cəbrayıl rayonu uzun illər işğal altında olub. 44 günlük müharibədən sonra digər bölgələrimiz kimi, Cəbrayıl rayonu da işğaldan azad olunub. Amma hələ də bizim rayonda məskunlaşma yoxdur. Cəbrayıllılar ölkənin 50-dən çox rayonunda məskunlaşıblar. Bu cür əhalisinin dağınıq olduğu rayona rəhbərlik etmək çətin işdir. İcra başçımızın adı Kamal Həsənovdur. Böyük bir nəslin nümayəndəsidir, atası İltifat Həsənov uzun illər Cəbrayılda yüksək vəzifələrdə çalışıb, xətir-hörmət sahibi idi. Hesab edirəm ki, Kamal müəllimdən narazılıq etməyə əsas yoxdur. Çünki qayğıları çox olan bir rayonda icra başçısı əhalinin problemlərinin həlli üçün əlindən gələni edir. Əgər biz konkret bir yerdə yaşasaydıq, icra başçısından daha çox şey tələb etmək olardı”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.