“Mən Nəriman Nərimanovun xain adlandırılmasının tərəfdarı deyiləm. Amma bütövlükdə o, Azərbaycanın müstəqilliyi və cümhuriyyətin devrilməsi üçün çalışan bir adam olub. Çünki Nərimanov Azərbaycanın əbədi səadətini Rusiyanı ağuşunda görürdü”.

araz.az xəbər verir ki, bu sözləri tarix elmləri doktoru, professor Boran Əziz deyib.

Tarixçi alim Azərbaycan SSR İnqilab Komitəsinin, habelə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun Naxçıvandakı heykəlinin götürülməsi ilə bağlı sosial şəbəkələrdə yaranan müzakirələrə münasibət bildirib.

Xatırladaq ki, sosial şəbəkələrin Azərbaycan seqmenti məsələ ilə bağlı 2 yerə bölünüb. Bir çoxları N.Nərimanovu Azərbaycan siyasi tarixinin dahi şəxsiyyəti hesab etsə də, digər bir kəsim onu bolşevik və vətən xaini kimi qiymətləndirir.

B.Əzizin fikrincə, N.Nərimanov müstəqilliyimizin devrilməsi üçün daim fəaliyyət göstərib:

“Məlumdur ki, bugünkü Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir. Məsələn, bu gün respublikadan kənarda yaşayıb fəaliyyət göstərən, bununla yanaşı, Azərbaycanın Rusiyanın və ya İranın tərkibinə daxil edilməsinə, müstəqilliyinin itirilməsinə çalışan adamı necə təbliğ etmək olar? Bu baxımdan, Nəriman Nərimanov, o cümlədən onun 1920-ci illərdəki həmfikirləri AXC-nin qatı düşməni olmuşdular. Bunu hələ 1919-cu ildə Nərimanovun cümhuriyyət rəhbərlərinə, o cümlədən Nəsib bəy Yusifbəyliyə yazdığı məktubdan da görmək olar”.

Müsahibimiz tarixə ekskurs edərək aydınlaşdırıb ki, Nəriman Nərimanov hələ 1917-ci ildən Azərbaycanın müstəqillik əldə etməsinə qarşı çıxan bir adam olub:

“Məsələ burasındadır ki, 1917-ci ildə Azərbaycan Milli Hərəkatında 3 əsas cərəyan olmuşdur: bunlar Rusiyanın gələcək idarə quruluşu və gələcəkdə Rusiyada yaşayan xalqlara hansı hürriyətlərin verilməsi ilə bağlı idi. Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski və digərləri Rusiyanın gələcəkdə federativ-demokratik respublika olması və türklərin kompakt yaşadığı 4 əraziyə – Azərbaycan, Türküstan (Mərkəzi Asiya), Başqırdıstan və Krım tatarlarına ərazi muxtariyyəti verilməsinin ideyası ilə çıxış edirdilər. Nəriman Nərimanov və onun sosialist tərəfdarları isə vahid və bölünməz Rusiyanı dəstəkləyərək subyektlərə muxtariyyət verilməsinin qatı əleyhinə olan adamlar idi. Üçüncü bir cərəyan isə dini-mühafizəkar cərəyan idi ki, onlar da muxtariyyət verilməsinin və müstəqilliyin tamamilə əleyhinə idilər. Onlar da sosialistlər kimi vahid və bölünməz Rusiya ideyasından çıxış edirdilər”.

“Biz fərqindəyik ki, Nəriman Nərimanov olsa da, olmasa da 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal ediləcəkdi. Bolşeviklər 1919-cu ildə Nəsib bəy Yusifbəyli və digər cümhuriyyət rəhbərlərinə məktub yazaraq, onları təhdid edirdilər və bildirirdilər ki, biz Azərbaycana girəcəyik, siz isə Rusiya proletariatı və məhkəməsi qarşısında cavab verəcəksiniz. Hətta yazırdılar ki, siz dar ağacından asılacaqsınız. Axı, buna necə haqq qazandırmaq olar?”, – əlavə edib.

O, hesab edir ki, Nərimanovun bioqrafiyası müstəqillik dövrünün tələbləri ilə bir araya sığmayır:

“Bu baxımdan da mən Naxçıvandakı heykəlin sökülməsini normal qarşılayıram. İnanıram ki, Bakıda da bu heykəl götürüləcək. Sadəcə zaman məsələsidir. Bir vaxtlar biz Məşədi Əzizbəyovun və digərlərinin heykəllərinin götürülməsini və bunun müstəqilliyin tələblərinə uyğun olmadığını söylədikdə adamlar etiraz edirdilər. Məncə, bu kimi şəxslərin heykəllərinin götürülməsindən əvvəl insanların arasında izahat işinin aparılmasına ehtiyac var”.

Alim düşünür ki, Bakıda Nəriman Nərimanovun adına olan metrostansiya ilə rayonun adı da dəyişiləcək:

“Axı, Azərbaycanın müstəqilliyinin əleyhinə olan adamların adına rayon, metro və s. niyə qalsın? Bu nonsensdir. Biz bunları saxlamaqla bu gün Azərbaycanın müstəqilliyinin əleyhinə çıxan adamları şirnikləndiririk ki, belə olan halda bunlar da gələcəkdə Nəriman Nərimanov və digərləri kimi yüksək qiymətləndiriləcək. Belə olmaz!

Biz müstəqillik ideyasının insanlarının beyinlərində daha möhkəm yer salmasının tərəfdarıyıq. Ona görə də Nərimanovun adına olan rayonun, metronun, eləcə də parkının adının dəyişdirilməsini tamamilə doğru hesab edirik. İnanırıq ki, belə də olacaq”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.