Azərbaycanda fəaliyyət göstərən “cırtdan” partiyaların bir-birinin ardınca özünü buraxması müzakirələrə səbəb olub. İlk baxışda bunun “Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı olduğu güman edilsə də, ölkənin siyasi həyatında daha ciddi proseslərin getdiyinə dair qənaət mövcuddur.
Analitiklər həmişə “boylarından” böyük iddia ilə çıxış edən kiçik partiyaların qəfildən fəaliyyətini dayandırmasını təsadüfi hesab etmirlər.
araz.az xəbər verir ki, “Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklər bu sektorda ciddi dəyişikliklərə səbəb olacaq. Beləki, son dəyişikliklər hər bir siyasi partiyanın ən azı 5 min üzvünün olmasını tələb edir. Azərbaycan reallığında isə rəsmi qaydada bu qədər tərəfdar toplamaq real görünmür. Müşahidəçilərin fikrincə hakim Yeni Azərbaycan Partiyası və daha bir-iki siyasi partiya bu normativi yerinə yetirməyə qadirdir. Belə olan halda isə siyasi partiyaların bir-birinin ardınca sıradan çıxması qaçılmazdır.
Qeyd edək ki, proses təkcə ayrı-ayrı siyasi partiyaların fəaliyyətini dayandırması ilə yekunlaşmır. Gündəmdə partiyaların yeni koalisiyasının yaranacağına dair iddialar var. Bu iddiaların tədricən öz təsdiqini tapması yeni müzakirələrə rəvac verib.
Hazırda bu istiqamətdə aparılan əsas müzakirələr “Milli Birlik” Hərəkatının lideri Lalə Şövkətlə bağlıdır. Azərbaycan Liberal Partiyasının (ALP) sədrliyindən istefa verəndən sonra “kölgəyə çəkilən” xanım siyasətçinin adının yenidən siyasi müzakirələrin predmetinə çevrilməsi böyük marağa səbəb olub. L.Şövkətin “danışan dili” sayılan ALP sədri Əvəz Temirxanın 12 siyasi partiyanın onların ətrafında birləşmək niyyətini açıqlaması müzakirələrə rəng qatıb.
Lalə Şövkətin uzun illərdən sonra yenidən aktiv siyasətə dönməsi nə ilə bağlıdır?
“Yeni Sabah” mövzu ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlumatlı şəxs saytımıza açıqlamasında Azərbaycanın siyasi həyatında ciddi dəyişikliklərin olacağını açıqlayıb. Onun sözlərinə görə, Lalə Şövkət yeni mərhələdə siyasi düşərgənin aparıcı fiqurlarından birinə çevriləcək.
Mənbə növbəti parlament seçkilərində mojaritar sistemlə yanaşı, həm də proporsional seçki sisteminin tətbiq ediləcəyini bildirib. Qeyd edib ki, siyasi partiyaların iştirakını təmin edəcək bu sistem ciddi rəqabət mühitinin yaranmasını sürətləndirəcək:
“Lalə Şövkətin ətrafında 12 siyasi partiyanın birləşməsi təsadüfi deyil. Lalə xanım növbəti parlament seçkilərinə müxalifətin əsas fraksiyalarından birinin lideri kimi qatılacaq. Uzun illər “kölgədə” olması, siyasi intriqalardan uzaq qalması, imicini qoruması və intellekti sayəsində onun cəmiyyətdən ciddi dəstək alması gözlənilir. İndiki şərtlər daxilində bu, hakimiyyətin də maraqlarına cavab verir. Hakimiyyət ideoloqları hesab edirlər ki, Lalə Şövkət aktiv siyasətə dönəndən sonra qısa müddət ərzində əvvəlki nüfuzunu bərpa edə, reytinqini artıra bilər”.
Müsahibimiz deyib ki, siyasi iqtidarın hakimiyyətə aqressiv münasibət bəsləyən partiyalarla əməkdaşlığı mümkün görünmür. Bu baxımdan cəmiyyətdə barışdırıcı imicə sahib olan Lalə Şövkətin yenidən aktiv siyasətə qayıtması arzulanandır.
Mənbə qanunverici orqanın da islahatlardan kənarda qalmayacağını vurğulayıb. Onun sözlərinə görə, növbəti parlament seçkiləri müxalifətin Milli Məclisdə böyük fraksiyasının yaranmasına gətirib çıxaracaq. Bu fraksiyanın lideri Lalə Şövkətin parlament rəhbərliyində təmsil olunması, hətta birinci vitse-spiker postunu tutması istisna deyil.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.