“Məhkəmə prosesi hər bir tərəfin – ittiham və müdafiə tərəflərinin aktiv fəaliyyəti ilə müşahidə olunmalıdır. Dövlət ittihamı çox halda təsdiq olunursa, qərarların ittiham tərəfinin mövqeyinə uyğun olması təbii haldır. O ki qaldı, müdafiə tərəfinin mövqeyinin nəzərə alınmaması, bu məsələ ilə razılaşmaq olmaz”.

araz.az   e-huquq.az-a istinadən bildirir ki,   bunu   Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov deyib.

O bildirib ki, peşəkar müdafiə gərgin iş, savad, işin materiallarının tam olaraq öyrənilməsini tələb edir: “Amma təcrübə göstərir ki, əksər işlərdə şablon şikayətlərdən, vəsatətlərdən istifadə olunur. Məsələn, məhkəmədə baxılan işlərin 60%-ni narkotik vasitələrlə bağlı işlər təşkil edir. Onların demək olar ki, hamısında vəkillər tərəfindən istifadə olunan vəsatətlər şablon xarakter daşıyır. Sizin dediyiniz iradlar da məhz həmin işlərlə bağlıdır. Bir şablondan ibarət şikayətlər götürülərək bütün işlərdə istifadə olunur. Şübhəli şəxs döyülüb, zora məruz qalıb, onun tutulma vaxtı ilə üstünə baxış keçirilmə vaxtı uyğun gəlmir, evində axtarış və götürmə qanunsuz aparılıb, narkotik vasitə onun deyil, və s. sanki eyni şikayət və vəsatəti vəkillər bir-birinə ötürməklə yayırlar. Amma əslində belə olmalı deyil. Hər bir iş üzrə fərdi xüsusiyyətlər nəzərə alınmaqla müdafiə taktikası qurulmalıdır”.

“Məsələn, bu yaxınlarda qəbulumda olan şəxsin şikayəti ilə bağlı icra icraatının vəziyyəti ilə tanış olarkən məlum oldu ki, vəkilin müdafiə etdiyi şəxsin xeyrinə olan və işin materiallarında olan elə sübut gözdən qaçırılıb ki, hansı ki, təkcə ona istinad edib müdafiəsini qurası olsa hakimin ona bəraət hökmü çıxarmaqdan başqa yolu qalmaz. Mən təsəvvür edə bilmirəm ki, hansısa hakim müdafiə və yaxud ittiham tərəfindən irəli sürülmüş ağıllı, savadlı, işin nəticəsinə təsir göstərə biləcək vəsatəti görmədən keçsin. Əks təqdirdə hakim özünün çıxarmış olduğu yekun qərarın taleyini təhlükə altında qoymuş olar. Bunun isə hakim üçün nə ilə nəticələnəcəyi hamıya bəllidir”, – deyə sədr qeyd edib.

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.