Bir deputatın Milli Məclis kürsüsündən Azərbaycan Attestasiya Komissiyasını lazımsız bir qurum adlandırması ciddi siqnaldır, elm adına ləkədir.

Millət vəkili Etibar Əliyevin Attestasiya Komissiyasının ləğv olunması ilə bağlı təklifi əslində elmi dərəcə almağa çalışan, lakin qarşısında Çin səddi kimi AAK-ı görən elm adamlarının həm də xilası üçün atılan addım idi. Ancaq nə yüksək kürsülərdən deyilən sözlər, nə AAK-dakı rüşvətxoşluq, açıq-aşkar satılan, pay verilən, bağışlanan elmi dərəcələrlə bağlı faktlar, elmi dərəcə bazarına dönən qurumun nə professorlarını narahat edir, nə də rəhbərliyini qorxudur.

İllər keçir, Ali Attestasiya Komissiyasında rəhbərliklər dəyişir. Ancaq bir dəyişməyən üsul-idarədir, rüşvətxoşluuqdur, korrupsiyadır. Bu illər ərzində hətta elmi dərəcələrin qiyməti də 20 mindən 30 minə qədər qalxdı. Hətta pulundan keçib bunu ödəyərək adlar, dərəcələr alanlar da oldu. Milyonlarla belə faktlar ictimailəşsə də hələ ki, heç nə dəyişməyib, al-ver davam edir…

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Ali Attestasiya Komissiyası çoxdan köhnəlmiş bir strukturdur. Keçmiş postsovet ölkələrinə xas olan bir xüsusiyyətdir:

“Bu gün Azərbaycanda elmi dərəcə və elmi ad alanlar arasında məmur olmayanlar çox azdır. Azərbaycan elmi, Azərbaycan elmi adları məmurlara daha çox xidmət edir. Buna da səbəb AAK-dakı özbaşınalıq, rüşvət, qohumbazlıqdı. Məsələn, dəfələrlə şahidi olmuşuq ki, icra hakimiyyətində, və yaxud dövlət strukturlarında çalışan şəxslər, deputatlar, dövlət qulluqçusu olan şəxslər elmi adları daha rahatlıqla ala bilirlər. Amma həqiqətən tədqiqatla məşğul olan, elmi işlə məşğul olanlar bu prosesdən kənarda qalıb. Bu yaxşı hal deyil. Məhz ona görə də Azərbaycan elmi dünyada etibarlı elm kimi qəbul edilmir. Beynəlxalq indekslərdə olan Azərbaycan alimlərinə istinadlar demək olar ki, çox aşağıdır. Alimlərimizdən cəmi 36-sının indeksi kifayət qədər yaxşıdır. Bu da Azərbaycandakı alimlərin sayı ilə müqayisədə dəhşətli bir rəqəmdir”.

K.Əsədov bildirib ki, bütün bunlar onu göstərir ki, Azərbaycanda elmi tədqiqat işləri və elmi adlarla bağlı problemlər var: “Universitetlərdə mərkəzlərdə bu istiqamətlərdə problemlər mövcuddur. Mən hesab edirəm ki, Azərbaycanda Ali Attestasiya Komissiyası ləğv olunmalıdır və hər bir ali təhsil müəssisəsi özü bununla məşğul olmalıdır. Çünki bu tipli qurumlar elmə gələnlərin sayına mane olurlar. Bu ciddi bir məsələdir. Mən hesab edirəm ki, necə ki Türkiyədə bu var, hər bir ali təhsil müəssisəsinin özü tədqiqtçılıqla bağlı müstəqildir. Bizdə də bu formatda istifadə olunmalıdır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.