Xəbər verdiyimiz kimi, jurnalist Anar Niftəliyev “Səhliyalı”nın kiçik müəssisəsində “Min Bərəkət, Dadlı Nemət” adı ilə istehsal edilən saçaq pendirinin xarab çıxması ilə bağlı foto paylaşmışdı. Üzərində son istifadə tarixinin mayın 22-də bitəcəyi yazılsa da, pendirin xarab çıxması vətəndaşların narahatlığına səbəb olmuşdu.

araz.az bildirir ki, bu barədə Səhliyalı şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən faktda təzə məhsulun yanına köhnə, istehsal tarixi bitmiş saçaq pendirinin əlavə edilməsindən söhbət gedə bilməz.

“Alıcı bir qablaşmanın içərisində iki fərqli rəngdə məhsul gördüyü üçün onun ağlına ilk gələn istesahal tarixi bitmiş, köhnə məhsulun yeni saçaq pendirinə əlavə edildiyidir. Ancaq birmənalı olaraq qeyd edirik ki, “Min Bərəkət, Dadlı Nemət” brendinə məxsus saçaq pendirinə tələb həddən artıq çoxdur və bu məhsulların vitrinlərdə uzun müddət qalması, istehsal tarixinin bitməsi mümkün deyil. Bu pendirlərimizin istifadə müddəti də 60 gündür. Qeyd edilən məhsul əlimizdə olmadığı üçün mütəxəssislərimiz məsələni yayılan fotolardan vizual olaraq araşdırdı və gəldikləri qənaət budur ki, məhz bu qablaşdırılma zamanı iki fərqli rəngli saçaq pendirindən istifadə edilib. Rəng fərqini yaradan isə saçaq pendirlərdən birinin çox, digərinin az hisə verilmiş olmasıdır”.

Şirkətdən o da qeyd edilib ki, müştərilərin istəklərinə uyğun olaraq müəssisədə saçaq pendirləri üç fərqli formada hisə verilir:

“Biz alıcılara xitab edirik və onların istəklərinə uyğun məhsul hazırlayırıq. Tələb nəzərə alınaraq bəzi məshullarımız az, bəziləri orta, bir hissəsi isə çox hisə verilir. Bu qablaşdırmada isə iki cür hisə verilmiş məhsuldan istifadə ediliyi üçün rəng fərqliliyi ortaya çıxıb. Bir sözlə, az hisə verilmiş məhsulun yanına çox hisə verilmiş məhsul əlavə edilib. Narahatlıq üçün əsas yoxdur”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.