Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə
MÜ R A C İ Ə T
Bir neçə gün öncə Bakı şəhərinin Nərimanov rayon ərazisinbdə Ceyhun Hacıbəyli 30 ünvanda tikintisi 2004-cü ildən Bakı şəhər İcra hakimiyyəti tərəfindən yarımçıq dayandırılmış binan sökülməsinə başlanıb.
araz.az Moderator.az-a istinadən bildirir ki, bu binada hal hazırda mənzil almaq üçün pul köçürüb və əllərində binanı tikən “Əlincə” MTK ilə bağlanmış müqaviləsi olan 68 vətəndaş var. Bu adamların arasında mənim də yaxın qohumlarım var. Onlar da 2004-cü ilin sentyabr ayında bu binadan, binanı tikən “Əlincə” MTK-ya tam dəyərini ödəyərək iki mənzil alıblar. Onlara vaxtilə bu binada mənzil almağı mən tövsiyyə etdiyimdən (bina şəhərin ən görkəmli yerlərindən birində inşa edilirdi), 18 ildir ki, mən də bu binanın tikintisi üçün onu tikən “Əlincə” MTK-nın təsisçiləri ilə danışıqlar aparıram. Uzun illər ərzində aparılan danışıqlar nəticəsində hər dəfə kooperativ rəhbərliyi bildirirdi ki, binanın tikintisinə yaxın vaxtlarda icazə veriləcək, yox əgər bu baş verməsə, onda hökumət sizlərə ya başqa yerlərdə mənzil verəcək, ya da kompensasiya ödəyəcəkdir.
Artıq binanın söküntüsünə başlansa da mənzil almaq üçün “Əlincə” MTK-ya pul köçürüb, müqavilə bağlamış şəxslərə kompensasiya ödənişi ilə bağlı konkret heç nə deyilmir. On səkkiz il mənzil almaq üçün əllərində müqavilə gözləyən adamlar sonda böyük ziyanla üzləşə biləcəklərindən çox narahatdırlar və onlardan bir qrupu (yaxın qohumlarım da daxil) bu məsələnin həlli məqsədilə, onların səsini yuxarılara çatdırmağı məndən xahiş ediblər.
Bu durumda mən də “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Qeyri Hökumət Təşkilatının sədri və ziyalı alim kimi bütün hökumət yetkililərinə və ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edirəm. Bu insanların heç bir günahı yoxdur ki, onların mənzil almaq istədikləri binanın tikintisi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 18 il bundan öncə dayandırılıb. Əgər hökumət bu ərazidə dövlət əhəmiyyətli hər hansı bir layihəni reallaşdırmaq istəyirsə (verilən məlumatlara görə bu ərazidə park salınması nəzrdə tutulur), onda, sökülən binadan mənzil almaq üçün “Əlincə” MTK ilə müqavilə bağlamış 68 vətəndaşa kompensasiya ödənilməlidir. Vətəndaşın vaxtilə mənzil almaq üçün ödədiyi pul vəsaiti onun mülkiyyəti olub və deməli vətəndaşın müqavilə bağlayıb, pul ödəyərək almaq istədiyi mənzil də onun mülkiyyətidir.
Vətəndaşların mülkiyyət hüququ ölkənin Konstitutsiyası ilə qorunur. Bu insanların mülkiyyət hüquqlarına hörmətlə yanaşmaq hər bir məmurun, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin vəzifə borcudur. Onlar insanların mülkiyyət haqqının tapdalanmasına yol verilməmsi üçün yaranmış vəziyyəti olduğu kimi dövlət başçısına və Birinci vitse-prezidentə məruzə etməlidirlər.
Apardığım müşahidələr nəticəsində mənə məlumdur ki, bu günə qədər ölkə rəhbərliyi buna bənzər hallarda bir dəfə də olsun insanların haqlarının tapdalanmasına izin verməyibdir.
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə qorunan mülkiyyət hüquqlarının təmin edilməsi üçün Bakı şəhər İcra hakimiyyətinin rəhbərliyindən müvafiq tədbirlər görməsini xahiş edirəm.
Fikrət Yusifov
“Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar
İctimai Birliyinin sədri, sabiq Maliyyə naziri,
iqtisad elmlər doktoru, professor,
araz.az xəbər portalı.
P.S. “Əlincə”MTK-nın inşa etdiyi bu binanın tikintisinin davam etdirilməsi üçün kooperativə üzv olan insanların ölkə rəhbərliyinə etdikləri müraciətlərdən birini bu yazıya əlavə edirəm.
araz.az xəbər portalı.