Məhbus dövlət xadimi Eldar Həsənovun işindən Ali Məhkəməyə şikayət verilib.

araz.az-ın xəbərinə görə, aprelin 5-də Novator.az-a danışan vəkil Cavad Cavadov deyib ki, şikayətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün və Bakı Apellyasiya Məhkəməsinin həmin hökmü qüvvədə saxlayan qərarının ləğvi, Eldar Həsənovun bəraətlə azadlığa buraxılması istənir.

1955-ci il təvəllüdlü Eldar Həsənov elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən daxili işlər orqanlarında çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.

2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Eldar Həsənovun Bakıda tutulduğunu açıqlayıb. Avqustun 14-də Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçilib, avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir vəzifəsindən azad edib.

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib. İbtidai istintaqı əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi, sonra Baş Prokurorluğun İstintaq İdarəsi aparıb.

Tutulduğu gündən ittihamı rədd edən Eldar Həsənov cinayət işini və həbsini təqib, qanunsuzluq, haqsızlıq, ədalətsizlik və sifariş kimi qiymətləndirir.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

2022-ci il oktyabrın 20-də Ali Məhkəmə Eldar Həsənovun ailə üzvlərinin şikayəti üzrə qərar verərək əmlakların bir hissəsini müsadirədən azad edib.

Eldar Həsənov Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Binə qəsəbəsi) saxlanır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.