Son günlər 3 saylı uşaq evinin rəhbərliyi ilə oranın sakini Məhəmməd Hacıyev arasında yaşanan qalmaqal səngimək bilmir. Belə ki, uşaq evinin direktoru, 73 yaşlı Məhbubə Hüseynovanın 17 yaşlı Məhəmmədi davranış pozuntusu səbəbilə psixiatriya xəstəxanasına yerləşdirməsi cəmiyyətin böyük narazılığına səbəb olub. Eyni zamanda, bu qalmaqallı məsələdə obyektivlik nümayiş etdirərək uşağın heç bir psixi problemi olmadığını deyən psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar işdən çıxarılması etirazları daha da artırıb. İnsanlar uşaq evinin 73 yaşlı direktorunun bu qədər özbaşınalıqlara rəğmən, niyə hələ də vəzifədə qalmasını da anlamaqda çətinlik çəkdiklərini dilə gətiriblər. İndi məsələ ilə bağlı hər kəsi daha çox bir sual düşündürür: nə üçün Əməkdar həkim Ağahəsən Rəsulov yaş senzi ilə əlaqədar işdən kənarlaşdırılır, lakin işdə verdiyi nöqsanlara rəğmən 73 yaşlı Məhbubə Hüseynova isə vəzifəsindən azad edilmir?

araz.az  elə bu suala aydınlıq gətirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov bildirib ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılıb və araşdırma aparılır: “Komissiyanın işi bitəndən sonra mövcud nöqsanlar barədə danışa bilərik. Amma  Əmək Məcəlləsinə uyğun olaraq vəzifədə qalmaqla bağlı yaş həddinin uzadılması mümkündür. Ümid edirəm ki, yaxın zamanlarda komissiya işini yekunlaşdıracaq. Və hər hansı nöqsan aşkar ediləcəyi təqdirdə direktor barədə müvafiq qərar veriləcək”.

Bakı Şəhər İcra Hakimiyyətinin yeni mətbuat katibi: “Jurnalistlərlə işləmək borcumdur”

Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinə uyğun olaraq dövlət müəssisələrində çalışanların və 65 yaşı tamam olanların işdə qalmaqla bağlı müqavilələri uzadıla bilər. Belə ki, Məcəllənin 10-1.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatan işçisinin çalışma müddəti müvafiq orqanın rəhbəri tərəfindən 1 ildən çox olmayaraq artırıla bilər. Lakin müqavilə müddətinin 5 ildən çox uzadılmasına icazə verilmir. Lakin burada da müəyyən istisnalar mövcuddur. Belə ki, Məcəllənin 10-1.3-cü maddəsinə uyğun olaraq elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafına töhfə verən və müvafiq ad alan şəxslərin hətta 5 ildən artıq da işləməsinə icazə verilir.

Qalmaqallı direktor ondan şikayət edən yeniyetmə ilə görüşəcək | KONKRET

Beləliklə, Əmək Məcəlləsinə istinad etsək, o zaman 73 yaşlı Məhbubə Hüseynovanın müqaviləsinin uzadılması mümkün ola bilər. Yalnız bunun üçün xanım direktorun təhsil sahəsində xüsusi xidmətlərə və adlara sahib olması lazımdır ki, ortada belə bir fakt yoxdur. Ona görə də psixiatriya xəstəxanasının “Əməkdar həkim” titullu baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar təqaüdə göndərilməsi fonunda 73 yaşlı Məhbubə Hüseynovanın hələ də vəzifədə qalması ciddi suallar doğurur. Təəssüflər olsun ki, bu suallara cavab vermək səlahiyyəti olan Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti bununla bağlı məlumat verməkdən yayındı. Buna baxmayaraq, ümid edirik ki, Mətin Hüseynovun dediyi kimi müvafiq komissiyanın işi yekunlaşdıqdan sonra bütün açıq qalan sualların cavabı tapılacaq.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.